Sülhün açarı Vaşinqtondadır

Turab Rzayev: "İrəvan Moskva yox, Qərb və Brüssel prosesinin davam etməsində maraqlıdır"

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin tezliklə imzalanacağına ümid etdiyini bildirib. Paşinyan hesab edir ki, sülhə nail olmaq üçün İrəvan və Bakı öz qoşunlarını sərhəddən eyni məsafədə geri çəkməlidir. Baş nazir vurğulayıb ki, mayın 25-də Moskvada Azərbaycanla Ermənistan arasında mümkün sülh sazişinin imzalanması real deyil. Paşinyan hesab edir ki, görüşə çox az vaxt qalıb və bu səbəbdən sazişin imzalanması qeyri-realdır: "Vaşinqtondakı görüşdən əvvəl biz sülh müqaviləsinin mətninə düzəlişlərimizi Azərbaycana təqdim etmişdik və indi biz Azərbaycan tərəfinin düzəlişlərini alacağımızı gözləyirik". Paşinyan ümid etdiyini bildirib ki, Azərbaycanın təqdim edəcəyi düzəlişlər Vaşinqtonda əldə olunmuş razılaşmalara, qarşılıqlı anlaşmada bəyan edilən irəliləyişlərə uyğun olacaq: “Əgər biz Azərbaycan yaxın günlərdə bizə öz versiyasını təqdim etsə və biz görsək ki, sənəd qarşılıqlı güzəştlərə əsaslanır, növbəti görüşlərdə mümkün sülh sazişi imzalana bilər. İndiyədək hələ cavab almamışıq. Beynəlxalq qarantlara gəlincə, mən məmnunluqla qeyd etməliyəm ki, bu məsələdə də mövqelərimiz arasında müəyyən uyğunluqlar var”. 

Politoloq Turab Rzayev "Şərq"ə bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyan əslində Vaşinqton və Brüssel prosesinin davam etməsində maraqlıdır. 

Ekspertin fikrincə, Paşinyanın Vaşinqton görüşündən ümidlə danışması, qarşılıqlı düzəlişlərin edildiyini vurğulaması İrəvanın sülh müqaviləsinin imzalanmasında istəkli olduğuna dəlalət edir: 

"Ən azından Ermənistan baş nazirinin bu məsələdə mövqeyi bəllidir. Paşinyanın "mayın 25-də Moskvadakı görüşdə sülh müqaviləsinin imzalanması real deyil" ifadəsi bütövlükdə danışıqlar prosesini əks etdirmir. Baş nazir Rusiyanın vasitəçiliyi ilə keçirilən görüşdən nəticə gözləmir və sözləri ilə də buna diqqət çəkir. Paşinyanın fikrincə, əsl sülh sazişi Azərbaycan tərəfinin Vaşinqton sənədinə düzəlişlər etməsindən sonra imzalana bilər. Qoşunların sərhədlərdən geri çəkilməsi təklifi sərhəd xəttində mütəmadi baş verən təxribatlarla bağlıdır. Sirr deyil ki, Bakı-İrəvan təmasları sıxlaşdıqca, müzakirələr genişləndikcə dərhal Azərbaycan-Ermənistan sərhədində Rusiyanın əliylə təxribat baş verir və İrəvan hökuməti bunun qarşısını ala bilmir. Paşinyanın çıxışlarında Rusiyaya incə mesajlar da var. Baş nazirin "Qərbin bəyanatları Rusiya-Ermənistan əlaqələrinə təsir göstərmir" açıqlaması da Kremlə mesaj xarakterlidir. Paşinyan Rusiyanı neytrallaşdırmağa çalışır. Çünki Baş nazirin "Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq" ifadəsinə görə rus mediası Paşinyanı "xain", "satqın" kimi təqdim etməyə başlayıb. Ona görə də Paşinyan yaxşı bilir ki, Moskva görüşündə heç bir irəliləyiş olmayacaq, ən azından Kreml buna imkan verməyəcək".