Sinan Oğan praqmatik qərar verdi

O, hətta Kılıçdaroğluna dəstək versəydi belə, bu, seçkilərin nəticələrinə ciddi təsir etməyəcəkdi

“Oğan bu seçkidəki qazancı vasitəsilə növbəti seçkilər üçün sərmayə qoydu. Güman ki, Sinan Oğan hakimiyyətlə əldə etdiyi razılaşmanın verdiyi imkanlar sayəsində yeni partiya quracaq və böyük siyasətə daxil olacaq”


  Türkiyədə ATA İttifaqından prezidentliyə keçmiş namizəd Sinan Oğan öz tərəfdarlarını prezident seçkilərinin ikinci turunda Rəcəb Tayyib Ərdoğana səs verməyə çağırıb. Oğanın sözlərinə görə, müxalif “Millət İttifaqı” seçkilərin birinci turunda lazımi uğuru əldə edə bilməyib. O, həmçinin “Millət İttifaqı”nın “Ata İttifaqı”nı razı sala bilmədiyini də diqqətə çatdırıb. Sinan Oğan İttifaqdan kənarda Ərdoğana dəstəyini ifadə edib. İttifaqa daxil olan Zəfər Partiyasının lideri Ümid Özdağ isə bildirib ki, Ərdoğana dəstək vermək Sinan Oğanın fərdi seçimidir. 

Sinan Oğanın Ərdoğana dəstək verməsi müxalifət düşərgəsində bomba effekti yaradıb və ciddi müzakirələrə səbəb olub. Hətta müxaliflər arasında Oğanı mövqeyindən dolayı sərt tənqid və təhqir edənlər də olub. Bəziləri isə iddia edib ki, Oğan hansısa post qarşılığında Ərdoğanla sövdələşməyə gedib. Əksər ekspertlərin qənaətinə görə, Oğanın Ərdoğana dəstək bəyanatı hazırkı dövlət başçısının yenidən seçilmək şansını xeyli artırır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət öncə görüşdüyü Sinan Oğanla aralarında hər hansı vəzifə sövdələşməsinin olmadığını vurğulayıb. O bildirib ki, müxalifət bu kimi şeylər üzərində spekulyativ axtarışlar aparır: "Sinan bəy duruşu və açıqlaması ilə öz mövqeyini ortaya qoydu. Millətimizin mövqeyi Sinan bəyin mövqeyi ilə birləşdiriləcək, lazım olan yerdə cavablar veriləcək. Xüsusilə sevgi mədəniyyətinin hakim olmasını istəyirik. CHP-də isə belə bir anlayış yoxdur". Ona təşəkkür edən Ərdoğan deyib ki, Sinan Oğan terrorla mübarizə, xüsusən də türk dünyası ilə münasibətlərdə hökumətin aydın mövqeyini çox gözəl bilir: "Biz bu məsələlərdə zərrə qədər də güzəştə getmirik. Bu olmayıb, ola da bilməz. İnanıram ki, bu qüvvələrin birliyi millətimizə, ölkəmizə xeyir verəcək. Aydın fakt qaçqınların, sığınacaq axtaranların və s.-dir ki, onlar diqqət mərkəzindədirlər və indi 450 min qaçqın öz evlərinə qayıdıb. Amma hazırda bizim planımız var ki, 1 milyon qaçqın da Suriyaya qayıdacaq. Təbii ki, bu, zamanla baş verəcək”.
  Tanınmış yazar, siyasi şərhçi Kənan Rövşənoğlu deyib ki, Sinan Oğan praqmatik qərar verdi, ilk növbədə nəzərə aldı ki, onun səsləri həlledici deyil. Ekspertin fikrincə, seçkilərdə 5,17 faiz səs almış Oğana əsasən hər iki namizəddən incik olan və qismən də Məhərrəm İncənin elektoratı səs vermişdi. Çünki seçkiyə qədər Oğan ən yaxşı halda 2-3 faiz arasında səsə sahib idi: "İkincisi, Oğanın səslərinin yarıya qədəri, daha dəqiqi 2,44 faizi ATA blokunu təşkil edən Zəfər və Ədalət partiyalarına məxsusdur. Blok isə dağıldı, Ədalət Partiyası Kamal Kılıçdaroğluna dəstək verdi, Ümid Özdağın qərarı sonra bilinəcək. Yəni Oğan hətta Kılıçdaroğluna dəstək versəydi belə, bu, seçkilərin nəticələrinə ciddi təsir etməyəcəkdi. Bu səbəbdən də daha praqmatik yolu tutdu. Məsələ burasındadır ki, hazırda seçkidə iştirak edənlər arasında partiyası olmayan yeganə namizəd Oğandır. Başqa sözlə, mayın 29-da Oğan heç kimə lazım olmayan bir şəxs olacaq, necə ki, 3 ay əvvələ qədər heç kimin yadına düşmürdü. Bu səbəbdən də Oğan bu seçkidəki qazancı vasitəsilə növbəti seçkilər üçün sərmayə qoydu. Güman ki, Sinan Oğan hakimiyyətlə əldə etdiyi razılaşmanın verdiyi imkanlar sayəsində yeni partiya quracaq və böyük siyasətə daxil olacaq. Növbəti seçkilərə hazırlaşacaq. Siyasətdə 5 il qısa bir dövrdür. Oğan isə gəncdir. Üstəlik, köhnə nəsil bu seçkilərdən sonra siyasətdən gedəcək, növbəti seçkilərə Oğan kimi siyasətçilər gedəcək. Fikrimcə, Sinan Oğan məhz bunları düşünərək bu addımı atdı". 
  ReAL Partiyasının sədr müavini Natiq Cəfərli isə bildirib ki, Sinan Oğanın ikinci turda ciddi rolu ola bilməz. Çünki ilk turda əldə etdiyi səslərin hamısı onun deyildi: "İYİ Partiya üzvləri arasında öz partiyasına səs verib CHP-dən zəhləsi gedənlər, MHP-də öz təşkilatını dəstəkləyib, amma Ərdoğanı bəyənməyənlər ona səs veriblər. Yəni Oğana səs sekulyar-sağ millətçi kəsimdən gəlib. Sırf özünə səs, yəqin ki, İğdırdan gələ bilərdi. Millətçi-sekulyar-sağ kəsim CHP-yə onsuz da səs verməz. Oğanın məqsədi prezident olmaq deyildi, indi vəzifə də almaz, amma MHP-yə geri dönmək üçün Ərdoğandan söz-dəstək ala bilər. Bəlkə də alıb. MHP-də Dövlət Baxçalıdan sonra sədr axtarışı davam edir. AKP üçün MHP ilə ittifaq çox vacibdir. MHP isə "bloklayıcı azlıq" rolundan məmnundur, yəni məsuliyyəti az, idarəetməyə isə ortaqdırlar, həm də hakim partiyanı "uc nöqtələrə" sürüşməkdən çəkindirirlər. Siyasət elmi bunları deyir, bu, çox vacib elmdir".