ABŞ-də siyasətçilərlə daha çox işləməliyik


Siyasətimizi elə qurmalıyıq ki, informasiya müharibəsində erməni lobbisinə qalib gələk


 ABŞ-də işgüzar səfərdə olan Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Senatın və Konqresin Nümayəndələr Palatasının üzvləri ilə görüşüb. Görüşlərdə ABŞ-Azərbaycan ikitərəfli əlaqələri, həmçinin regionda gedən proseslər, eyni zamanda Ermənistanla aparılan sülh danışıqları barədə qarşı tərəf məlumatlandırılıb. Konqres üzvlərinə postmünaqişə dövründə davam edən mina təhdidləri, bərpa və yenidənqurma işləri barədə də məlumat verilib.

Görüşlərdə, ABŞ-də fəaliyyət göstərən radikal erməni təşkilatlarının Konqres üzvlərinə təqdim etdikləri həqiqətə uyğun olmayan və əsassız məlumatların, Konqres üzvləri tərəfindən birtərəfli qətnamələrin irəli sürülməsinin hazırda davam edən sülh danışıqlarına zərər verdiyi vurğulanıb. Eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Nümayəndə heyəti Nyu-Yorkda Azərbaycan bayrağının ucaldılması mərasiminə də qatılıb. Mərasimdə Azərbaycanın ABŞ-dəki diaspora təşkilatlarının rəhbərləri də iştirak ediblər. Daha sonra Azərbaycan icması ilə görüşlər keçirilib, ABŞ-də diaspora sahəsində görülən işlərlə bağlı müzakirələr aparılıb. Nümayəndə heyətinin ABŞ-yə səfərinin 24 may tarixinədək davam etməsi və digər rəsmi şəxslərlə görüşlərin keçirilməsi nəzərdə tutulur. 

Millət vəkili Azər Badamov "Şərq"ə açıqlamasında bildirib ki, ABŞ dünyanın güc mərkəzidir. Deputatın sözlərinə görə, dünya nizamının formalaşmasında Amerika xüsusi rol oynayır:

 "ABŞ-də həm də erməni lobbisi geniş təsir gücünə malikdir. Məhz erməni lobbisinin gücü vasitəsilə 1990-cı illərin əvvəllərində torpaqlarımız işğal olundu. Ancaq erməni lobbisinin təsiri ilə Azərbaycan "işğalçı" kimi təqdim olunmuş və 907-ci düzəliş qəbul edilmişdi. Məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın ədalətli səsi dünya arenasında səslənməyə başladı. 

Aparılan uğurlu beynəlxalq siyasət sayəsində dünya Azərbaycanın haqq səsini eşitdi. Keçmiş münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasını dəstəkləyən qərarlar, qətnamələr qəbul olundu. Ümummilli Lider Heydər Əliyev yaxşı bilirdi ki, xaricdə yaşayan azərbaycanlılarla koordinasiya olunmuş iş aparılmalı və onlar istiqamətləndirilməlidir. 

Ona görə də Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı. Məhz diasporla apardığımız təşkilatlanmış iş sayəsində ABŞ-nin ştatlarında Xocalı soyqırımının tanınması ilə bağlı qətnamələr qəbul edildi. İndi torpaqlarımızı işğaldan azad etmişik. Amma bu, o demək deyil ki, diasporumuzun görəcəyi iş başa çatıb. Əsla belə deyil. Diasporun üzərinə daha böyük vəzifələr düşür. 

Azərbaycanı daha yaxşı tanıtmaq, haqq səsimizi dünyaya çatdırmaq və davam edən informasiya müharibəsində erməni lobbisinə qalib gəlmək hər zaman əsas vəzifəmiz olmalıdır. Xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin ABŞ-də səfərdə olması və rəsmilərlə görüşlərin keçirməsi, o cümlədən Nyu-Yorkda 28 may Müstəqllik Günü ilə bağlı üçrəngli bayrağımızın dalğalandırılması xüsusi əhəmiyyətlidir. Hesab edirəm ki, ABŞ-də siyasətçilərlə daha çox işləməliyik. 

Siyasətimizi elə qurmalıyıq ki, informasiya müharibəsində erməni lobbisinə qalib gələk və dünya Azərbaycanın ədalətli səsini daha yaxşı eşitsin".