Babayan-Vardanyan qarşıdurması yeni başlayır

Baş verənlər separatçıların “qan itirməsi” baxımından Bakıya sərf edir

İrəvan Babayan üzərindən oyun qurur

Paşinyan hakimiyyəti separatçı rejimdə təsir imkanlarını gücləndirmək istəyir

  Son günlər Qarabağda separatçılar arasında intensivləşən “siyasi mübarizə”də iki şəxs önə çıxıb. Samvel Babayan qondarma “dövlət naziri” olmaq niyyətindədir. Bir müddət öncə bu postdan uzaqlaşdırılan Ruben Vardanyan da yenidən “dirilir”. Hər iki şəxs separatçıların başçısı Araik Arutyunyana qarşı kəskin mübarizəyə başlayıblar. Araik satqınlıqda, "Bakıya işləməkdə" ittiham olunur. Ötən gün Ermənistan Baş naziri Nikol Paşinyanın "Azərbaycanın 86,6 min kvadrat kilometr ərazisini tanıdıqlarını, bura Qarabağın da daxil olduğu" haqda dediklərindən sonra separatçılar arasında növbəti çaxnaşma başlayıb. 

Gecə saatlarında separatçıların qondarma “parlamenti” təcili toplanıb. Təcili "iclasın" məqsədi Paşinyana etiraz etmək, “öz müqəddəratını təyinetmə” məsələsini gündəmə gətirmək idi. Araik Arutyunyandan da erməni baş nazirə etiraz etməsi tələb olunub. Separatçıların keçmiş “başçıları” Arkadi Qukasyan və Bako Saakyan da Paşinyana etiraz ediblər. Separatçılar Paşinyanın Azərbaycan ərazisini tanımasından sonra Bakının onların zərərsizləşdirilməsi istiqamətində addımlar atacağından qorxurlar.  

  Siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Laçın postunun qurulmasından sonra mövcudluğu sual altına düşən separatçılar arasında “siyasi mübarizə”nin ön plana çıxması rejimdə mövqe tutmaqdan daha çox iki paytaxtın - İrəvan və Moskvanın planı və bu plan üzərindən yaşanan qarşıdurma kimi görünür. Ekspertin fikrincə, Samvel Babayan Nikol Paşinyana yaxındır. Onun Xankəndidə boy göstərməsinin də İrəvanın planı olduğuna dair məlumatlar var: "Əsas diqqətçəkən məqam Babayanın Bakı ilə inteqrasiya prosesinə müəyyən qədər loyal yanaşmasıdır. Ermənistanda müxalif media bunu “Qarabağın Bakıya təhvil verilməsi” planı olduğunu yazır. 

Babayanın inteqrasiya haqda fikirləri, eləcə də mümkünsüz görünən “100 gün ərzində Laçın postunu açacam” iddiası əsas istinad nöqtələridir. Hərçənd bu, Paşinyan hakimiyyətinin Qarabağa dair planları ilə ziddiyyət təşkil edir. Məhz bu məqam Babayan üzərindən İrəvanın qurduğu oyuna diqqət çəkir. Babayan üzərindən separatçı rejimdə təsir imkanlarını gücləndirmək istəyirlər. Bu, Moskvanın Xankəndidən Ermənistan siyasətinə təsirini azaltmaqla yanaşı, danışıqlar masasında Qarabağ kartından istifadə imkanını da əllərində saxlamaq məqsədi daşıyır".
  A.Nərimanlıya görə, İrəvan Babayanı danışıqlar masasında irəli sürdüyü “Bakı-Xankəndi formatı”nda “erməni əhalisinin təmsilçisi” kimi oyuna daxil etməyi planlaşdırır: "Babayanın “inteqrasiyaya loyal” mövqe sərgiləməsi də bundan qaynaqlanır. Ruben Vardanyanın yenidən “dirilmək” istəyi Babayanın önə çıxması fonunda “özünüqoruma” instinkti, həm də bunun Moskvanın planlarına uyğun olmamasıdır. Vardanyanın əsas missiyası Qarabağdan Ermənistan siyasətinə transformasiya etmək və Paşinyana rəqib olmaqdır. Onun qondarma “dövlət naziri” postundan uzaqlaşdırılsa da, bölgədə qalması və Nikola qarşı “artsax döyüşçüsü” tonunda etirazları da bununla bağlıdır. Babayan-Vardanyan üzərindən yaşanan qarşıdurma yeni başlayır. Baş verənlər separatçıların “qan itirməsi” baxımından Bakıya sərf edir. Lakin müəyyən həmlələr, xüsusilə problemlərin çoxalmasına səbəb olacaq addımlar prosesi daha da genişləndirə bilər".