Ərdoğan qələbəyə daha yaxındır

Türkiyədə baş tutacaq 2-ci tur seçkiləri dünya mediasının gündəmindədir

  Türkiyə xalqı 28 mayda yenidən sandıq başına gedərək ikinci turda öz səslərini verəcəklər. Prezident seçkilərinin ilk turunda 5 faizdən çox səs toplayan Sinan Oğan bazar ertəsi ikinci turda Prezident Rəcəb Tayyib Ərdoğanı dəstəklədiyini açıqlayıb. Türkiyə seçkilərini yaxından izləyən beynəlxalq xəbər agentlikləri və dünya mətbuatı Oğanın qərarını ilk səhifədə təqdim edir. 

  "Şərq" qəzeti Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fransanın "Agence France-Presse" (AFP) xəbər agentliyi, "Türkiyə seçkilərinin ikinci turunda Ərdoğan üçüncü sırada iştirak edən namizəd Oğanın təsdiqini qazandı" başlığı ilə xəbər yayıb. Xəbərdə Ərdoğan və Oğanın keçən həftənin cümə günü gözlənilməz görüşü olduğunu və dəstək bəyanatının sözügedən görüşdən sonra verildiyi bildirilib. Nəşrin yazdığına görə, "Cümhur İttifaqı"nın parlamentdə səs çoxluğu əldə etməsi Ərdoğanın ikinci turda yenidən seçilmək şansını artırıb.

  Amerikanın "CNN İnternational" telekanalı “Türkiyənin üçüncü prezidentliyə namizədi Ərdoğanı dəstəklədiyini bəyan etdi” başlıqlı xəbər yayımlayıb. Xəbərə görə, millətçi namizəd Sinan Oğan mətbuat konfransında "Millət İttifaqı"nın onu razı sala bilmədiyini vurğulayıb. CNN Oğanın seçkinin ilk turundan əvvəl Türkiyədən kənarda tanınmadığına diqqət çəkib. 

  “Türkiyədəki seçkilərdə “potensial təyinedici”nin arxasında Ərdoğan dayanır” başlığı ilə məqalə dərc edən “Politico” jurnalının yazdığına görə, Sinan Oğanın dəstəyi Türkiyə liderini bazar günü keçirilən ikinci turda qələbəyə bir addım da yaxınlaşdırıb. "Politico" da CNN kimi Sinan Oğanın ilk turdan əvvəl az tanınan bir siyasətçi olduğunu yazaraq, mühacir əleyhinə kampaniya apardığını bəyan edib: "Bundan başqa, nə Ərdoğan, nə də onun əsas rəqibi Kamal Kılıçdaroğlu birinci turda tam səs çoxluğu qazana bildi. Oğanın ikinci turda verdiyi dəstək Ərdoğanı qələbəyə aparmağa kifayət edir". Oğanın namizədliyini irəli sürən ATA İttifaqının dağıldığını qeyd edən "Politico" ana müxalifətin namizədi Kılıçdaroğlunun da millətçi səsləri izlədiyini yazıb: "O, millətçilərin özünə səs verməsi ümidi ilə antiimmiqrant ritorikasını gücləndirərək ürək emojilərini və baba personasını mühafizə etdi". 

  Yunanıstanın “Kathimerini” qəzeti “Türkiyə seçkiləri: “Tənzimləyici” Sinan Oğan ikinci turda Ərdoğanı dəstəkləyəcək” və “Ərdoğan yenidən seçilməyə daha yaxındır” başlıqları ilə oxucularının qarşısına çıxıb.

  "American Foreign Policy" jurnalı Türkiyənin xarici siyasətinə diqqət yetirərək, “Ərdoğan Ukraynada hər iki tərəf üçün əsas oyunçudur” deyib. Türkiyənin “Bayraktar TB2” pilotsuz uçuş aparatının Rusiya işğalına qarşı müqavimətin açarına çevrildiyini şərh edən jurnal Türkiyənin dəstəyinin Ukraynada qəbul edildiyini qeyd edib. 

Ankaranın Bayraktar TB2-yə verdiyi dəstəkdən əlavə, Ukrayna taxılının Qara dənizdən çıxarılmasını təmin edən razılaşmada əsas rol oynadığını xatırladan jurnal, Türkiyənin Rusiyanın Krımdakı tatar türklərinin səs-küylü dəstəkçisi olduğunu da xatırladıb.