NATO-nun Cənubi Qafqazda əsas hədəfləri: Rusiyanı regiondan  çıxarmaqdır

Ukraynadan sonra Cənubi Qafqaz...

...ABŞ və Qərbin Rusiya ilə ciddi qarşıdurma vəziyyətində olduğu ikinci önəmli regiondur


  NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Ermənistana səfər edib. Xavyer Kolomina səfər çərçivəsində Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşüb. Tərəflər Cənubi Qafqazda sabitlik və təhlükəsizlik məsələlərini, həmçinin Ermənistan və NATO arasında əməkdaşlıq məsələlərini də müzakirə ediblər. Məlumata görə, NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina mayın 24-də Gürcüstana, mayın 25-də isə Azərbaycana səfər edəcək. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə də Kolominanın Azərbaycana gələcəyini təsdiqləyib. Siyasi şərhçilərə görə, indiki məqamda NATO baş katibinin xüsusi nümayəndəsinin Cənubi Qafqaza səfəri diqqət çəkir. 

  Politoloq Elçin Xalidbəyli Sherg.az-a  açıqlamasında vurğulayıb ki, ABŞ və Qərbin, eləcə də NATO-nun Cənubi Qafqazda əsas hədəfləri Rusiyanı bu regiondan sıxışdırıb, çıxartmağa indeksləşib. Analitik qeyd edib ki, hazırda bu hədəfə çatmaq üçün kifayət qədər münbit şərait yaranıb: 

"Rusiya Ukrayna savaşında ciddi şəkildə zəifləməyə başlayıb. Buna paralel olaraq, Rusiyanın Cənubi Qafqazdakı mövqeləri də sarsılıb. Kreml bu regionda cərəyan edən geopolitik proseslərə əvvəlki kimi təsir göstərə bilmir. Hətta Cənubi Qafqazda sülh prosesi də Rusiyanın təsir dairəsindən çıxarılmaq üzrədir. Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanma ehtimalı artdığından Kreml Rusiyanın regionda əsas təsir mexanizmlərini itirə biləcəyindən ciddi şəkildə narahatdır. Ona görə də Kreml bir tərəfdən regional sülh prosesini pozmağa çalışır. Digər tərəfdən isə Cənubi Qafqaz ölkələrinə təzyiqlər göstərməyə cəhd göstərir".
  E.Xalidbəyli qeyd edib ki, belə situasiyada ABŞ və Qərb, eləcə də NATO təmsilçilərinin regiona ardıcıl səfərləri Cənubi Qafqaz ölkələrinin Rusiyanın təzyiqlərinə qarşı müqavimətini artırmaq məqsədi güdür:

  E.Xalidbəyli qeyd edib ki, belə situasiyada ABŞ və Qərb, eləcə də NATO təmsilçilərinin regiona ardıcıl səfərləri Cənubi Qafqaz ölkələrinin Rusiyanın təzyiqlərinə qarşı müqavimətini artırmaq məqsədi güdür:

"Onu da nəzərə almaq lazımdır ki, Ukraynadan sonra Cənubi Qafqaz ABŞ və Qərbin Rusiya ilə ciddi qarşıdurma vəziyyətində olduğu ikinci önəmli regiondur. Böyük ehtimalla Rusiya bu regiondan sıxışdırılıb çıxarıldıqdan sonra ABŞ və Qərb bu prosesi Orta Asiyaya keçirtməyə çalışacaq. Yəni səbəbləri ümumiləşdirsək, ABŞ və Qərbin, o cümlədən də NATO-nun Cənubi Qafqaza marağı ilk növbədə dünyanın yenidən bölüşdürülməsi prosesi ilə bağlıdır. Və bu prosesdə Rusiyaya pay ayrılmayıb, əksinə, bu nəhəng ölkənin özü bölüşdürülməsi nəzərdə tutulan əraziyə çevrilə bilər".