Vəziyyət dəyişir, Rusiya artıq danışıqlara hazır olduğunu bəyan edir - ŞƏRH

  NATO ölkələri faktiki olaraq de-yure Ukrayna münaqişəsində iştirak edir və bu, nüvə dövlətlərinin toqquşması riskini artırır. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, Qərb paytaxtları Rusiyanın nüvə güclərinin birbaşa toqquşmasının yolverilməzliyi barədə siqnallarına məhəl qoymur və ya bu siqnalları kobud şəkildə təhrif edir. Rusiya XİN başçısı bildirib ki, Moskva Brüssel və Vaşinqtonu beynəlxalq gərginliyin azaldılması maraqları naminə birtərəfli güc qərarlarından imtina etməyə çağırır. Böyük Britaniyanın Baş naziri Rişi Sunak Ukraynaya dəstəyini növbəti dəfə ifadə edib. O, Rusiyanın Qərbin Ukraynanı dəstəkləməkdən yorulması və bezməsinə çalışması strategiyasına toxunub: "Qərb Rusiya ilə müharibədə Ukraynanı illər boyu dəstəkləməyə hazırdır. Rusiyanın Qərbin “yorğun və bezmiş” olmağını gözləmək strategiyası işə yaramayacaq". NATO baş katibi Yens Stoltenberq deyib ki, rusların itkiləri çoxdur, əhval-ruhiyyələri pisdir, silahları, logistikaları, hazırlıqları pis vəziyyətdədir: "Onlar keyfiyyət baxımından pis vəziyyətdədirlər və bunu kəmiyyətlə kompensasiya etməyə çalışırlar. Ona görə də biz özümüzü uzun müddətə hazırlamalıyıq. Bunun yeganə yolu isə bizim – Avropanın, ABŞ-nin həmrəy olmasıdır. Biz indi rəqabətin olduğu, güclərin meydana çıxdığı bir zamandayıq. Biz həmrəy olduğumuz müddətcə bir-birimizi müdafiə edə biləcəyik”.
  
Politoloq Azər Rəşidoğlu Sherg.az-a  bildirib ki, Rusiyanın Ukraynaya təcavüzü artıq 15-ci aydır ki, davam edir. Analitikin sözlərinə görə, prosesin gedişatı onu göstərir ki, bu müharibə hələ xeyli davam edəcək: 

"Qərb Ukraynaya külli miqdarda yeni silahlar veirib.  Proses davam edir. Bunun nəticəsində müharibədə Rusiya daha böyük itkilərlə üz-üzə qalacaq. Fikirlər səslənir ki, Qərb və Rusiya qarşılıqlı olaraq hazırladıqları bütün alətlərdən artıq istifadə edirlər. Bir çox ekspertlər münaqişənin bu fonda pik nöqtəyə çatmasından sonra səngiməyə doğru gedəcəyini proqnozlaşdırır. Rusiya indiki vəziyyətdə danışıqlara gedib mövcud mövqelərini qorumağa və Qərb sanksiyalarının bir hissəsinin götürülməsinə çalışır. Rusiya iki qondarma qurumun ərazisini “azad” etmək və Ukraynanın cənub bölgələrini tutmaq istəyir. Məqsəd budursa, Rusiya müəyyən güzəştlərə getməklə müharibəni yekunlaşdıra bilər. Amma görünən odur ki, Qərb artıq geriyə addım atmaq istəmir. Qərb artıq Ukraynanın müdafiəsi deyil, onun qalib gələcəyi barədə bəyanatlar verir, bununla da Moskvanın danışıqlara getməyə hazır olması məsələsinin üstündən xətt çəkirlər. Görünən budur ki, qarşılıqlı hiylələr işləməyəcək və müharibə intensiv olmasa da, hər halda  davam edəcək". 
Ekspertin sözlərinə görə, Lavrovun nüvə hədəsi yeni deyil: 

"Ukraynaya hərbi müdaxilədən dərhal sonra Prezident Vladimir Putin ölkənin nüvə qüvvələrinin xüsusi hazırlıq vəziyyətinə gətirildiyi barədə bəyanat səsləndirdi. Putinin bu açıqlaması bütün dünyada təşviş yaradıb. Lakin əksər siyasi təhlilçilər belə hesab edirlər ki, sözügedən bəyanat Putinin, həqiqətən də, nüvə silahından istifadə etmək niyyəti kimi yox, Ukraynadakı müharibəyə qarışmamaqla bağlı digər ölkələrə xəbərdarlıq kimi qiymətləndirilməlidir. Rusiyanın malik olduğu nüvə silahlarının sayı dəqiq bəlli olmasa da, Qərb analitiklərinin hesablamalırına görə, Rusiyanın 5977 nüvə başlığı var. Təxminən 4500 başlıq strateji nüvə silahı hesab olunur. Nüvə müharibəsi dedikdə məhz bu növ silahlardan istifadə nəzərdə tutulur. Digər qurğular isə daha az dağıdıcı olan, döyüş meydanında və ya suda tətbiq edilən taktiki nüvə silahları hesab olunur. Göründüyü kimi, Rusiyanın istifadəyə hazır minlərlə uzaqmənzilli raketi var. Lakin mütəxəssislərin qiymətləndirməsinə görə, Rusiyanın 1500-ə yaxın nüvə başlığı sadəcə olaraq bazalarda, aerodromlarda və ya sualtı qayıqlarda yerləşdirilmiş vəziyyətdədir. Bu isə o anlama gəlir ki, Putinin bəyanatı sadəcə olaraq blefdir. Bəzi təhlilçilər belə düşünür ki, Ukraynada iflasa uğrayan Rusiya məğlubiyyətini sığortalmaq üçün nüvə silahından istifadə edə bilər.  Lakin deyəsən, vəziyyət dəyişir. Belə ki, bir müddət əvvəl dünyanı nüvə silahı ilə təhdid edən Rusiya artıq nüvə hədəsindən geri çəkilməyə başlayıb və danışıqlara hazır olduğunu bəyan edir".