Paşinyanla erməni lobbisi arasında gərginlik yaşanır - RƏY


  Ermənistan Baş naziri Nikol Paşinyan Moldovadakı erməni icması ilə görüşünü ləğv edib. Bu barədə “Hraparak” qəzetinə Kişineudakı erməni icmasının rəhbəri Venera Muşeq məlumat verib. Muşeqin sözlərinə görə, iclas iyunun 2-də keçirilməli idi. O qeyd edib ki, görüşün təxirə salınmasının səbəbi barədə məlumatı yoxdur. 

Azad Vətən Partiyasının sədri Akif Nağı "Sherg.az"a açıqlamasında bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyan adətən bütün xarici səfərlərindən həm də təbliğat vasitəsi kimi istifadə edir, həmin ölkədəki erməni icması ilə görüş keçirirdi. Ancaq partiya rəhbərinin sözlərinə görə, son dönəmlərdə Paşinyan hökuməti ilə erməni lobbisi arasında münasibətlər yaxşı deyil:

 "Tərəflər zaman-zaman bir-birini qarşılıqlı suçlayıblar. Dünyanın bir çox ölkəsindəki erməni diasporası Paşinyana qarşı sərt mövqedədir. Baş naziri qismən dəstəkləyən lobbi qruplaşmaları ilə yanaşı, Koçaryan-Sarkisyan cütlüyünün tərəfdarları da var. Hətta onların sayı daha çoxdur və Paşinyan hakimiyyətinin siyasətini sərt tənqid edirlər, narazı olduqlarını açıq-aşkar büruzə verirlər. Çünki Paşinyan Ermənistan daxilində və xaricində birmənalı siyasət yeritmir. Ona görə də mövqeyini bildiyi erməni icması ilə görüşlərdən çəkinir. İcmanın onun qarşısında hansısa tələblər qoymasından ehtiyatlanır. Xatırladım ki, Paşinyanın Moskva səfərində oradakı erməni icması ilə gərgin görüşü baş tutmuşdu. İcma üzvləri Paşinyanı satqın, xain adlandırmışdı. Baş nazir növbəti dəfə belə mənzərə ilə qarşılaşmaq istəmir".