Tural Abbaslı: “Xaçaturyanın həbsi olduqca önəmli presedentdir”

“AĞ Partiya olaraq dövlətimizin yanındayıq"

“Azərbaycan qanunları əvvəl-axır əli qanlı cinayətkarları tapacaq və ən sərt şəkildə cəzalandıracaq”

  Meşəli soyqırımı hadisələri ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçaturyan Vaqif Çerkezoviç Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. 1955-ci il təvəllüdlü, Xankəndi şəhər avtomobil nəqliyyat müəssisəsində sürücü işləmiş Xaçaturyan erməni milliyyətindən olan digər şəxslərlə birgə müxtəlif silahlardan, o cümlədən odlu silah və piyadaların döyüş maşınından istifadə etməklə Meşəli kəndinə silahlı basqın ediblər. Dəhşətli basqında 25 nəfər azərbaycanlı öldürülüb, 14 nəfər şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, 358 nəfər azərbaycanlı qanuni yaşadıqları yerlərdən didərgin salınıb. Bundan başqa, Xaçaturyan Vaqif Çerkəzoviç qabaqcadan əlbir olduğu şəxslərlə birgə cinayətkar hərəkətlərini davam etdirərək dövlətə və kənd sakinlərinə məxsus əmlakları məhv etmək və zədələməklə ümumilikdə 5 milyon 496 min 900 manat məbləğində maddi ziyan vurub. Baş Prokurorluğun rəsmi məlumatında deyilir ki, Xaçaturyan Vaqif Çerkezoviç Cinayət Məcəlləsinin 103-cü və 107-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Xaçaturyan Vaqif Çerkezoviç məhkəmə hökmü ilə təqsirli bilinəcəyi halda cəzaların qismən toplanması yolu ilə 20 il və ya ömürlük azadlıqdan məhrum ediləcək. V.Xaçaturyanın saxlanılması özlüyündə ədalətin illər sonra olsa da, qismən bərqərar olması üçün olduqca önəmli hadisədir. Erməni terrorçular unutmamalıdır ki, Azərbaycan 30 il əvvəlki cinayətlər barədə bütün məlumatları toplayıb və həmin məlumatlar Laçın sərhəd keçid məntəqəsində saxlanılır. Bu, bir daha onu göstərir ki, azərbaycanlılara qarşı cinayət törətmiş erməni terrorçuların hər biri məsuliyyətə cəlb olunacaq. Beynəlxalq Qızıl Xaç Komitəsi məlumat yayıb ki, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılan Xaçaturyan Vaqif Çerkezoviç ailəsi ilə əlaqə saxlayıb. Təşkilatdan bildirilib ki, Xaçaturyana baş çəkilib və saxlanılan erməni həkim müayinəsindən keçib. Həmçinin ona ailəsi ilə də əlaqə saxlamaq imkanı verilib. Prezidentin köməkçisi Hikmət Hacıyev tviterdə yazıb ki, 25 mülki azərbaycanlını qətlə yetirmiş hərbi cinayətkar Vaqif Xaçaturyanın saxlanmasına Ermənistanın rəsmi “etirazı” dövlət səviyyəsində hərbi cinayətlərə dəstək və haqq qazandırmaqdan başqa bir şey deyil: “O, insan qaçaqmalçılığı üçün BQXK-nin tibbi evakuasiyasından istifadə etməyə çalışıb”.
  Ekspertlər də vurğulayıblar ki, ötən gün Laçın dövlət sərhədindən buraxılış məntəqəsində erməni cəlladı Vaqif Xaçaturyanın saxlanılması tam şəkildə beynəlxalq hüquq prinsiplərinə uyğundur. 30 il əvvəl azərbaycanlılara qarşı XX əsrin faciəsini törətmiş şəxsin saxlanılmasında əsas məqsəd onun illər əvvəl beynəlxalq axtarışa verilməsidir. Cinayətkarın sağlamlığını dilə gətirib şou quranlara deyilməlidir ki, Xaçaturyana hər cür tibbi yardım göstərilir. O, qanunun tələblərinə uyğun olaraq mühakimə olunacaq. Digər mühüm məqam isə Xaçaturyanın vətəndaşlığı ilə bağlıdır. O, 1955-ci ildə Azərbaycan ərazisində doğulub və vətəndaşlıqdan da çıxarılmayıb. Ona görə də Xaçaturyanın Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə mühakimə olunması tam olaraq qanunidir. Xaçaturyanın məhz Laçın dəhlizində tutulmasını əldə silah edən erməni KİV-nin bəyanatları heç bir real siyasi və hüquqi sübutlara söykənmir. Laçın yolu humanitar və köməyə ehtiyacı olan şəxslər üçün daim açıqdır.
  AĞ Partiya sədri Tural Abbaslı "Sherg.az"a açıqlamasında bildirib ki, erməni terrorçusunun Laçın postunu keçmək istərkən yaxalanması çox mühüm məsələdir. Partiya rəhbərinin sözlərinə görə, keçmişinə və gələcəyinə hörmət edən, güclü hüquqi dövlət qurmaq istiqamətində addımlar atan istənilən dövlət üçün bu cür cinayətkarların həbsi olduqca önəmli presedentdir: 

"Azərbaycan xalqına, ümumən bəşəriyyətə, günahsız dinc insanlara, mülki şəxslərə qarşı dəhşətli cinayətlər törətmiş hər bir şəxs üçün Xaçaturyan hadisəsi dərs olmalıdır. Fərq etməz, cinayətlərin üstündən 15-20 il, yaxud 30 il keçsə belə soyqırım və qətliamlar törətmiş terrorçular qanun qarşısında cavab verməlidir. Azərbaycan qanunları əvvəl-axır Xaçaturyan kimilərini tapacaq və ən sərt şəkildə cəzalandıracaq. Hər kəs bilməlidir ki, Azərbaycan özünə qarşı edilmiş cinayətləri heç vaxt bağışlamır. Dünyanın hər yerində bənzər hadisələr var. Məsələn, İsrail İkinci Dünya müharibəsinin bitməsindən 40 il sonra belə yəhudi xalqına qarşı soyqırım həyata keçirmiş 80-90 yaşlı faşistləri taparaq məhkəmə önünə çıxarırdı. O baxımdan Ermənistan hökuməti başda olmaqla, hanısa Qərb təşkilatı, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsi terrorçu Xaçaturyanın saxlanması ilə bağlı heç bir irad bildirə bilməz. Əksinə, Azərbaycan dövləti belə cinayətkarların qanunsuz daşınmasına vasitəçilik edən beynəlxalq təşkilatların, sülhməramlıların səlahiyyətini məhdudlaşdırmalıdır".
  T.Abbaslının qənaətincə, Xaçaturyanın BQXK-nin maşını ilə Ermənistana keçirilməsi cəhdi də sübut edir ki, beynəlxalq təşkilatlar öz mandatlarından sui-istifadə edərək terrorçuların daşınması ilə məşğul olurlar: "Mən ümumiyyətlə, BQXK-nin Xankəndidə fəaliyyətinin dayandırılmasının tərəfdarıyam. Çünki açıq-aşkar erməni mövqeyindən çıxış edirlər. İnsanlığa qarşı cinayətlər törətmiş şəxslərin gizlənməsində və qaçırılmasında birbaşa iştirak edirlər. Azərbaycan öz hüququndan sonadək istifadə etməlidir. Xaçaturyanlar bilməlidirlər ki, gec-tez Azərbaycan məhkəmələrində hesab verəcəklər. AĞ Partiya olaraq dövlətimizin yanındayıq".