Vəziyyət gərginləşəcək? - Müharibə siqnalı!

ABŞ Ağdam-Xankəndi yolunu dəstəkləyir

Bu, Ermənistanın siyasi hakimiyyətini indiki reallıqları qəbul etməyə məcbur qoyacaq

“Alternativ variant vəziyyətin daha da gərginləşməsi deməkdir ki, bu da müharibəyə səbəb ola bilər”


  İyulun 29-da ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı zamanı Azərbaycanla Ermənistan arasında sülh prosesi üzrə danışıqlar və bölgədə son vəziyyət müzakirə olunub. Ermənistan tərəfinin atdığı təxribatçı addımların sülh prosesinə maneçilik törətdiyini bildirən dövlət başçısı vurğulayıb ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suveren ərazisində qanunsuz olaraq qalmaqda davam etməsi bölgədə hərbi gərginlik mənbəyidir. Ölkə rəhbəri Ermənistan tərəfinin Laçın dövlət sərhədindən keçid məntəqəsində hərbi təxribat törətməsini, sərhədçilərimizi atəşə tutmasını, qaçaqmalçılığa cəhd edilməsini, icazəsiz yük avtomobillərinin Azərbaycana göndərməsini qeyd edib. Prezident vurğulayıb ki, Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan istifadə etməklə bağlı təklif irəli sürməsinə və bunun Avropa İttifaqı, Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən dəstəklənməsinə baxmayaraq, Ermənistan bütün təkliflərə qarşı çıxıb. Erməni tərəfinin “Humanitar vəziyyət” və “blokada” ilə bağlı iddiaları siyasi manipulyasiyadır. Dövlət başçısı əlavə edib ki, Ermənistanın davamlı şəkildə pozucu fəaliyyət göstərərək, sülh danışıqlarına, eləcə də Azərbaycan və yerli erməni sakinlər arasında təmas və dialoqun inkişafına maneçilik törətməyə çalışması qəbuledilməzdir. Prezident Azərbaycan tərəfinin erməni sakinlərin reinteqrasiyası istiqamətində qərarlı olduğunu, bu məqsədlə Xocalıda birinci görüşün keçirildiyini, ikinci görüş üçün isə Azərbaycanın təklifinin təqdim edildiyini xatırladıb. Entoni Blinken ABŞ-nin Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə müzakirələrə davamlı dəstəyini ifadə edərək, Laçın dövlət sərhədindən buraxılış məntəqəsi və digər alternativ yollar vasitəsilə keçidin önəminə, danışıqlardakı müsbət dinamikanın saxlanmasının əhəmiyyətinə toxunub. Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
  Millət vəkili Elman Nəsirov "Sherg.az"a açıqlamasında bildirib ki, ABŞ dövlət katibinin Prezident İlham Əliyevə zəng etməsi və müzakirə olunan məsələlər ilk növbədə Azərbaycan-Ermənistan arasında sülh danışıqlarının və bölgədəki ümumi vəziyyətin öyrənilməsi mahiyyətini daşıyırdı. Deputatın sözlərinə görə, rəsmi Vaşinqton bununla prosesləri diqqətlə izlədiyini və sülh danışıqlarına töhfə vermək niyyətində olduğunu ortaya qoyur: 

"Vaşinqtonun ardıcıl olaraq iki dəfə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə şahidlik etməsi ABŞ-nin regondakı proseslərin tənzimlənməsində maraqlı olduğunu göstərir. Prezident İlham Əliyev ilk növbədə A.Blinkenin diqqətinə çatdırıb ki, əgər söhbət regionda sülhdən, təhlükəsizlikdən gedirsə, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında maraqlıyıqsa, erməni silahlı dəstələrinin Qarabağdakı fəaliyyətinə son qoyulmalıdır. Onlar torpaqlarımızdan dərhal çıxarılmalı, tərksilah edilməlidir. Qeyri-qanuni silahlı birləşmələrin mövcudluğu region üçün həssas təhlükə mənbəyidir. Dövlət başçısı daha bir mühüm məqama da diqqət çəkdi. Həmin məsələ ətrafında Ermənistan ciddi şou yaradaraq, siyasi manipulyasiya və dezinformasiya yaymaqla məşğuldur. Ermənistan tərəfi davamlı olaraq Qarabağda "humanitar fəlakət"dən danışır, Azərbaycanın "blokada" siyasətindən dəm vurur. Halbuki bunların hamısı uydurma və yalandır. Cənab Prezident ABŞ dövlət katibi Blinkenə bildirdi ki, Laçın sərhəd-buraxılış məntəqəsində təxribatçı addımlar atırlar, oradakı əsgərlərimizi atəşə məruz qoyurlar. Qaçaqmalçılığa, qeyri-qanuni yüklərin daşınmasına cəhd edirlər. Nəticədə sülh prosesinə arxadan zərbə vururlar".
  Parlament üzvü vurğulayıb ki, dövlət başçısı İlham Əliyev bu reallıqlar fonunda qeyd etdi ki, Azərbaycan humanitar yüklərin daşınması üçün Ağdam-Xankəndi alternativ yolunu da təklif edib: "Alternativ yol bütün standartlara cavab verməklə yanaşı, rahat və təhlükəsizdir. Ancaq Ermənistan bundan imtina edir və bu da göstərir ki, erməni tərəfinin məqsədi heç də humanitar yüklərin daşınması deyil. Onların daha çirkin məqsədləri var. Ermənistan Laçın yolundan dəfələrlə Qarabağa silah-sursat, hərbi texnika daşımaq üçün istifadə edib. Bunun qarşısının alınması Ermənistanın çirkin oyunlara əl atmasını şərtləndirib. Blinkenin nəzərinə o da çatdırılıb ki, Azərbaycan Qarabağda yaşayan erməni icmasının nümayəndələri ilə danışıqların təşəbbüskarı kimi çıxış edib və bir dəfə Xocalıda danışıqlar baş tutub. İkinci təklifə isə erməni tərəfinin siyasi hoqqabazlığı səbəbindən "yox" cavabı verilib. Rəsmi Bakı maraqlıdır ki, Qarabağdakı ermənilərin Azərbaycan vətəndaşı kimi reinteqrasiyası baş versin. Azərbaycan dövləti onların hüquqlarını ən yüksək səviyyədə təmin etməyə hazırdır. Bu, Azərbaycanın prinsipial mövqeyidir".  
  E.Nəsirov diqqətə çatdırıb ki, Blinken də Azərbaycan Prezidentinin mövqeyini dəstəkləyən bir mövqe ortaya qoyub: "Onun da çıxışında regionda sülhün və təhlükəsizliyin təminatında ABŞ-nin olduqca maraqlı olması və bu istiqamətdə səylərini davam etdirəcəyi ifadə olunub. Vaşinqton da Avropa İttifaqı və Beynəlxalq Qırmızı Xaç Komitəsi kimi humanitar yüklərin daşınması məsələsində rəsmi Bakının mövqeyini müdafiə edir. Yəni ABŞ alternativ olaraq Ağdam-Xankəndi yolunun istifadə olunması ideyasını dəstəkləyir. Bu, Ermənistanın siyasi hakimiyyətini indiki reallıqları qəbul etməyə məcbur qoyacaq. Alternativ variant vəziyyətin daha da gərginləşməsi deməkdir ki, bu da müharibəyə səbəb ola bilər. Biabırçı şəkildə məğlub olmuş Ermənistanın iki ildən sonra daha da güclənmiş Azərbaycan Ordusu ilə üz-üzə gəlməsi ermənilər üçün fəlakət deməkdir".