“Ermənistandan tezliklə sülh gözləmək sadəlövhlükdür"

Separatizmin kökünü Qarabağdan birdəfəlik təmizləmək Bakının başlıca vəzifəsi olmalıdır

“Hər hansı bir yumşalma, geri çəkilmə, güzəşt və yaxud humanizm ən pis seçim olardı"

  Ermənistandan Qarabağa göndərilən 400 tonluq “humanitar yardım” yüklənmiş TIR-lar hələ də Laçın nəzarət-buraxılış postunun qarşı tərəfində gözləyir. Ermənistanın siyasi şousunda diqqətçəkən bir çox məqamlar var. Bunlar arasında “humanitar yükü” Azərbaycan ərazisinə daşıyan “Spayka” adlı şirkət xüsusilə seçilir. 44 günlük müharibə zamanı Ermənistana silah daşıyan mülki yük maşınlarının Gürcüstan-Ermənistan sərhədində saxlanılması haqda xəbər yayılmışdı. Xəbərdə bildirilirdi ki, hərbi avtomatik idarəetmə sistemləri Ermənistan nəqliyyat-daşıma şirkəti olan "Spayka"ya məxsus mülki yük maşınları ilə daşınıb. Hərbi texnikanın quraşdırıldığı avtomobil mülki bağlamalarla üstü örtülü şəkildə yük qoşqusunun arxasına aşkarlanmışdı. Bu onu göstərir ki, Ermənistan hakimiyyət orqanlarını Gürcüstanın öz ərazisindən hərbi yük daşınmasına qoyduğu qadağanı davamlı pozublar. Müharibə dövründə Nikol Paşinyan Ermənistanın tanınmış iş adamları ilə görüşmüşdü, onlardan biri “Spayka”nın rəhbəri David Qazaryan idi. Sonradan bəlli oldu ki, Paşinyan iş adamından Qarabağda həlak olmuş erməni əsgərlərin meyitlərinin şirkətə məxsus soyuducularda saxlanmasını xahiş edib. Xatırladaq ki, həmin dövrdə Ermənistanda hərbçilərin cəsədlərinin mobil soyuducularda saxlanması ilə bağlı qalmaqal yaşanmışdı. “Spayka”nın Qarabağdakı qanunazidd fəaliyyəti ilə bağlı ən dolğun məlumat isə 2021-ci ilin mart ayında şirkətin media üçün yaydığı açıqlamasında əks olunub. Şirkətin açıqlamasında müharibə zamanı Qarabağda həyata keçirdikləri daşımalardan danışılıb. Açıqlamadan bəlli olur ki, şirkət 2020-ci il sentyabrın 28-dən noyabrın 9-dək Moskva və İrəvandan Xankəndiyə daşımaları öz hesabına həyata keçirib. Yəni sözügedən şirkət Ermənistanın bir çox tərxibatlarına ortaqlıq edib.
  AMİP Siyasi Şurasının üzvü Əli Orucov "Sherg.az"a deyib ki, Ermənistanın Qarabağda yaşayan ermənilərə Laçın-Xankəndi yolu ilə "humanitar yardım" aparması İrəvanın növbəti təxribatı və beynəlxalq ictimaiyyəti növbəti dəfə aldatmaq cəhdidir. Siyasi şərhçi bildirib ki, bu cür manipulyasiyanın məqsədi nizamlanma prosesini pozmaq, üzərinə götürdüyü öhdəliklərin icrasından diqqəti yayındırmaq və Azərbaycana beynəlxalq təzyiqin artırılmasına nail olmaqdır

"Lakin İrəvanın budəfəki siyasi blefi də baş tutmadı və özü-özünü ifşa etmiş oldu. Qarabağda yaşayan etnik ermənilərin "humanitar böhran"la üzləşdikləri barədə erməni təbliğatı yalan üzərində qurulub. Əgər belə hal olsaydı, Azərbaycanın humanitar yardım və əlaqələrin bərpa olunması təklifindən imtina edilməzdir. Onlarla xarici ölkəyə böyük həcmlərdə humanitar yardım göstərən Azərbaycan öz vətəndaşı hesab etdiyi Qarabağ iqtisadi zonasında yaşayan ermənilərə də belə yardım göstərməyə hər cür imkanı var. Digər tərəfdən, Ermənistan başqa bir dövlətin vətəndaşlarına humanitar yardım etmək istəsə, beynəlxalq hüquqa görə ilk növbədə həmin ölkəyə bu niyyətini bildirməli və razılığını almalıdır. Eyni zamanda humanitar yükün çatdırılacağı ünvan da razılaşdırılmalıdır. Rəsmi İrəvanın bunların heç birini etmədən beynəlxalq nümayəndələrin müşayiəti ilə Laçın nəzarət-buraxılış məntəqəsinin yaxınlığına yük karvanı yığması və "humanitar yardım"ın guya buraxılmaması haqqında verdiyi bəyanatlar əslində Azərbaycanın suveren hüquqlarına və ərazi bütövlüyünə qarşı növbəti qəsddir. Bəzi dövlətlərin səfirləri səviyyəsində məsələyə müdaxilə də təəssüf və hiddət doğurur. Bununla bir daha sübut olundu ki, Ermənistan heç vaxt sülh və təhlükəsizliyə can atmayıb. Sözü ilə əməli ziddiyyət təşkil edib. Ermənistandan tezliklə sülh gözləmək sadəlövhlükdür".
  Ə.Orucovun fikrincə, Bakının qəti mövqeyi bundan sonra da davam etməlidir: "Həm beynəlxalq hüquq normaları Azərbaycanın tərəfindədir, həm də dünyada və regionda gedən proseslər buna imkan verir. Azərbaycan Qərbə bu gün enerji təhlükəsizliyinin və kommunikasiya xətlərinin şaxələndirilməsi baxımından daha çox lazımdır. İndiki əlverişli şəraiti dəyərləndirərək separatizmin kökünü Qarabağdan birdəfəlik təmizləmək Bakının başlıca vəzifəsi olmalıdır. Hər hansı bir yumşalma, geri çəkilmə, güzəşt və yaxud humanizm ən pis seçim olardı".