Türkiyə "Taxıl sazişi"nin bərpasına çalışır - Rusiya deyir ki...

Rusiya isə deyir ki, özləri Afrika ölkələrinə birbaşa taxıl ixrac edə, hətta təmənnasız göndərə bilərlər

  "Rusiya Afrika qitəsinə təmənnasız və kommersiya əsasında taxıl tədarükünü davam etdirəcək". Bu barədə Rusiya-Afrika sammiti sonrası keçirilən mətbuat konfransı zamanı Rusiya Prezidenti Vladimir Putin bildirib. O deyib ki, Rusiya afrikalı dostlara həm müqavilə əsasında, həm də pulsuz taxıl verə bilər. Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla "Taxıl sazişi" barədə danışıb-danışmadığına da aydınlıq gətirib. Putin hələ seçkilərdən öncə Ərdoğanın onu dəvət etdiyini, lakin seçkiöncəsi mümkün spekulyasiya səbəbindən bunu etməmək qərarına gəldiklərini bildirib: "Bu, nə ona, nə də mənə lazımdır. Biz görüşümüzü başqa vaxta təyin etmək qərarına gəldik, lakin bunun harada - yəni ya bizdə, ya da Türkiyədə olacağını hələ aydınlaşdırmamışıq”. Qeyd edək ki, “Voll Strit Jurnal” nəşrinin məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin Türkiyə lideri Ərdoğanın taxıl müqaviləsinin bərpasını müzakirə etmək istəyinə cavab verməyib. Nəşrin yazdığına əsasən, Türkiyə liderinin təkid etdiyi telefon danışığı hələ də baş tutmayıb: "Türkiyə rəsmiləri digər kanallar vasitəsilə dialoqa təkan verməkdə davam edir". Putin isə mətbuata açıqlamasında deyib ki, liderlərin telefon danışığı üçün münasib zaman olmayıb: “Biz telefonla danışmaq istəyirdik. Prezident Ərdoğan danışıq təklif etdi, ancaq mənim üçün əlverişli vaxt deyildi. Sonra mən təklif etdim, onun üçün uyğun deyildi, sonra yenə təklif etdim, onun üçün münasib olmadı. Qərara gəldik ki, həftənin 3-cü günü danışaq. Danışacağıq və qərara gələcəyik”. Roma Papası Fransisk də Rusiya hakimiyyətini Qara Dəniz Taxıl Təşəbbüsünü bərpa etməyə çağırıb. Fransisk qeyd edib ki, taxılın məhv edilməsi Allaha qarşı təhqirdir, çünki taxıl onun bəşəriyyəti qidalandırmaq üçün hədiyyəsidir. O, aclıqdan əziyyət çəkən milyonlarla bacı-qardaşının fəryadının göylərə çatdığını vurğulayıb. Məlumat üçün deyək ki, Rusiya 17 iyulda başa çatan Qara Dəniz Taxıl Təşəbbüsünün müddətini uzatmaqdan imtina edib. Buna səbəb kimi isə "Taxıl sazişi" ilə Qərbin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsini göstərib. Rusiya "Taxıl sazişi"nə qayıtmaq üçün şərtini də açıqlayıb.
  Politoloq Turab Rzayev "Sherg.az"a açıqlamasında bildirib ki, Türkiyə "Taxıl sazişi"nə çox önəm verir. Analitikin sözlərinə görə, Türkiyə Prezidenti R.T.Ərdoğan bununla bağlı Rusiyaya təzyiqləri davam etdirəcək: 

"Rusiya birtərəfli qaydada "taxıl sazişi"ni dayandırdığını elan edir. Ankara isə müzakirələri davam etdirəcəyini, Moskva ilə təmasları sürdürəcəyini açıqlayır. Maraqlı məqam odur ki, Ərdoğan "Taxıl sazişi"nə çox əhəmiyyət verir. Hesab edir ki, Rusiya və Qərb arasında anlaşmaya nail olmaq Türkiyənin qlobal nüfuzunu, çəkisini, təsir imkanlarını artırır. Faktiki olaraq dünyanın ərzaq təhlükəsizliyi ilə üz-üzə qaldığı bir dövrdə Türkiyə prosesə müdaxilə edərək "Taxıl sazişi"nə nail olmuş və dünyanı taxıl qıtlığından xilas etmişdi. Türkiyənin reputasiyası xeyli artmışdı. NATO rəhbərliyi də Rusiya ilə müzakirələrin aparılması üçün Türkiyəyə müraciət edəcəyini bildirmişdi. Bu da Türkiyənin bölgədə aktiv rol oynamasından qaynaqlanır. Ankara hökuməti əlindən gələni edəcək ki, saziş bərpa olunsun".
  Turab Rzayev vurğulayıb ki, burada Rusiyanın da özünü haqlı gördüyü məqamlar, daha doğrusu, şikayətləri var: "Moskva iddia edir ki, Ukraynadan gedən taxıl gəmiləri Afrikanın kasıb ölkələrinə yox, 80-90 faizi Avropaya, inkişaf etmiş ölkələrə gedir. Yəni faktiki olaraq kasıb ölkələrə taxıl getmir. Ona görə Rusiya deyir ki, özləri Afrika ölkələrinə birbaşa taxıl ixrac edə, hətta təmənnasız göndərə bilərlər. Ola bilsin, Afrikada bəzi ölkələrə Rusiyanın xüsusi marağı var. O baxımdan həmin ölkələrə pulsuz taxıl verilməsi mümkündür. Putin bu yaxınlarda Afrika ölkələrinin 28 milyard dollar borcunu silmişdi. Digər məqam isə odur ki, "Taxıl sazişi"nə görə, sadəcə Ukrayna deyil, Rusiya da öz taxılını satmalıydı. Lakin Moskva öz taxılını sata bilmir və əkin üçün lazımi gübrələri əldə etməkdə çətinlik çəkir. Bu da Rusiyanın taxıl sənayesinə zərbə vurur. Ona görə də Kreml bu şəkildə bəzi ölkələri məcbur edir ki, onun taxılını da alsınlar. Çalışır ki, Avropa dövlətləri də buna razılıq versinlər. Həm də öz təsir imkanlarını artırır. Bu nə qədər effektli olacaq, Qərb qəbul edəcəkmi, Türkiyənin təzyiqləri nəticə verəcəkmi, bunu zaman göstərəcək".