Bakı Qarabağdakı ermənilərlə dialoqa hazırdır - ŞƏRH

Ancaq bu görüş yalnız və yalnız Azərbaycan şəhərlərindən birində baş tuta bilər

  Keçmiş erməni deputat Arman Babacanyan bildirib ki, yaxın günlərdə Bakı ilə Qarabağdakı ermənilər arasında dialoq baş tuta bilər. O, görüşün Avropa ölkələrindən birində keçirilə biləcəyini söyləyib. Deyib ki, mümkün məkan kimi Bolqarıstan seçilsin. Həmçinin prosesə ABŞ-nin vasitəçilik etməsini vurğulayıb. Laçın postu ətrafında son günlər yaradılmış süni gərginlik fonunda həm erməni rəsmilər, həm media, həm də ekspertlər Bakı ilə Qarabağdakı ermənilər arasında dialoqun baş tuta biləcəyinə dair iddiaları tirajlayır. Bu mənada Arman Babacanyanın indiki məqamda bu iddianı səsləndirməsi təəccüblü deyil.
  Siyasi şərhçi Turan Rzayev "Sherg.az"a açıqlamasında bildirib ki, diqqətçəkən məqam mümkün məkan kimi Bolqarıstanın adının qeyd edilməsi və prosesə ABŞ-nin vasitəçilik edəcəyinin vurğulanmasıdır. Analitikin sözlərinə görə, Bakı ilə Qarabağdakı ermənilər arasında dialoq baş tuta bilər: 

"Prinsip etibarı ilə Azərbaycan buna qarşı deyil. Qarabağ erməniləri ilə ilk danışıq 2023-cü il martın 1-də Xocalı şəhərində baş tutdu. Azərbaycan tərəfdən bu missiya Milli Məclisin deputatı Ramin Məmmədova həvalə edilmişdi. Görüş Rusiya sülhməramlı kontingentinin Xocalıdakı qərargahında keçirildi. Lakin növbəti görüşün Bolqarıstan və ya hansısa bir digər ölkədə keçirilməsi mümkün deyil. Rəsmi Bakı Qarabağdakı ermənilər ilə dialoqda maraqlı olsa da, bunu daxili məsələsi hesab edir. Azərbaycanın indiki məqamda daxili məsələsi hesab etdiyi mövzunu başqa bir ölkədə keçiriləcək görüşdə müzakirə etməsi məsələni daxili məsələmiz olmaqdan çıxarır. Xüsusilə qeyd etmək lazımdır ki, ilk danışıq Xocalıda, yəni Azərbaycan şəhərində baş tutmuşdu. Rəsmi Bakı bu addım ilə dialoqda maraqlı olduğunu göstərdi. Lakin bu o demək deyil ki, dialoq yalnız ermənilərin şərtləri və istəkləri əsasında baş tutacaq".
  Ekspert xatırladıb ki, Azərbaycan Respublikası Prezident Administrasiyası Qarabağ ermənilərini danışıq üçün bir neçə dəfə Bakıya dəvət etsə də, onlar bundan imtina edib: "Nəticə etibarilə dialoq çərçivəsində növbəti görüş yalnız və yalnız Azərbaycan şəhərlərindən birində baş tuta bilər. İkinci bir ölkədə dialoq adı altında görüşün keçirilməsi mümkün deyil. Bu, rəsmi Bakının Xankəndini özü ilə bərabər səviyyədə tanıması və dövlət statusunu qəbul etməsi deməkdir. O ki qaldı prosesə ABŞ-nin vasitəçilik etməsinə, bu da real deyil. Ümumiyyətlə, ABŞ-nin vasitəçiliyi ilə Vaşinqtonda bir sıra görüşlər keçirilib. Kifayət qədər uğurlu və konstruktiv hesab edilə biləcək bu görüşlərdə rəsmi Bakı da iştirak etməkdə maraqlıdır. Lakin unudulmamalıdır ki, ABŞ vasitəçiliyi ilə keçirilən görüşlərdə əsas müzakirə mövzusu Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, sülh müqaviləsinin imzalanmasıdır. Bunun xaricində Vaşinqtonun Qarabağ erməniləri ilə Bakını başqa bir ölkədə masa arxasında əyləşdirmək mandatı yoxdur.
  ABŞ yaxşı bilir ki, bu, Azərbaycanın daxili məsələlərinə müdaxilədir və belə bir addım Bakı ilə münasibətləri korlaya bilər. ABŞ-nin dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevlə telefon danışığında “Laçın yolundan tranzitin açılmasına ehtiyac olduğunu və humanitar yükləri Qarabağdakı əhaliyə çatdırmaq üçün alternativ marşrutlar üzrə razılaşmaların zəruriliyini” vurğulaması da Vaşinqtonun prosesə neytral və ehtiyatlı yanaşdığını göstərir".