Bu ilin sonunadək 800 ailə Füzuli şəhərinə qayıdacaq  - Millət vəkili

260 ailənin isə avqust ayının sonlarında öz evlərinə geri dönəcəyi gözlənilir


  İşğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, hər il işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin azadlığa qovuşduğu günlər təntənəli şəkildə qeyd olunacaq. Sərəncamda qeyd edilib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa çatdı. Azərbaycanın döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı – Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu. Hazırda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Artıq Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər rayonunun Talış kəndinə və Laçın şəhərinə məcburi köçkünlərin qayıdışı təmin olunub və bu istiqamətdə işlər davam etdirilir. 
  Füzuli rayonundan olan millət vəkili Vüqar Bayramov "Sherg.az"a deyib ki, bu ilin oktyabrın 17-də Füzulidə ilk dəfə şəhər günü qeyd ediləcək:

"Həmin gün keçiriləcək tədbirlərə gələn aydan öz ata-baba yurdlarına qayıdacaq sakinlərimiz də şahidlik edəcək. Şəhərdə hazırda 38 binada tikinti-quraşdırma əməliyyatları sürətlə aparılır. Bu ilin sonunadək 800 ailə Füzuli şəhərinə qayıdacaq. 260 ailənin isə avqust ayının sonlarında öz evlərinə geri dönəcəyi gözlənilir. Bu ilin sentyabrında 30 ildən sonra ilk dəfə Füzuli şəhərində ilk zəng səslənəcək. Şəhərdə inşa edilən orta məktəb, demək olar, istifadəyə hazırdır. 2040-ci ilədək isə şəhərdə 50 min vətəndaşımızın məskunlaşacağı gözlənilir.  Deməli, Füzuli şəhərində artıq yeni mərhələ başlamaqdadır".