ABŞ Azərbaycanın alternativ marşrut şərtini dəstəklədi  - Politoloq

Blinkenin Bakıya zəngi prosesləri Ermənistanın lehinə yox, əleyhinə çevirdi

Xəbər verdiyimiz kimi, ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı zamanı Azərbaycanla Ermənistan arasında sülh prosesi üzrə danışıqlar və bölgədə son vəziyyət müzakirə olunub. Ermənistan tərəfinin atdığı təxribatçı addımların sülh prosesinə maneçilik törətdiyini bildirən dövlət başçısı vurğulayıb ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suveren ərazisində qanunsuz olaraq qalmaqda davam etməsi bölgədə hərbi gərginlik mənbəyidir. Blinken ABŞ-nin Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə müzakirələrə davamlı dəstəyini ifadə edərək, Laçın dövlət sərhədindən buraxılış məntəqəsi və digər alternativ yollar vasitəsilə keçidin önəminə, danışıqlardakı müsbət dinamikanın saxlanmasının əhəmiyyətinə toxunub. Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. 

Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, ABŞ Dövlət katibi E.Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə zəngi prosesləri Ermənistanın lehinə yox, əleyhinə çevirdi. Ekspert vurğulayıb ki, Ermənistanda elə hesab edirdilər ki, Blinkenin zəngindən sonra Azərbaycan Ermənistanın Xankəndiyə göndərdiyi yükləri sərhəddən buraxacaq:

 "Amma Blinken ermənlərin əksinə olaraq Azərbaycanın alternativ marşrut şərtini dəstəklədi. Digər məsələlərə gəldikdə isə Azərbaycan üçün xüsusi əhəmiyyəti yoxdur. Ermənistan "humanitar yük" adı altında sülh danışıqlarından yayınacaqsa, Vaşinqtonun vasitəçiliyinə qarşı çıxmış olacaq. Azərbaycan bu kontekstdə Vaşinqtonla sıx siyasi təmasları artırmalıdır. Ermənistanın "humanitar yük" şousunun qarşısını almaq üçün preventiv addımlar mütləqdir. ABŞ Azərbaycanın mövqeyini qəbul edir. Çünki Ermənistanın apardığı siyasət Rusiyanın maraqlarına uyğundur. Bu da regionda sabitliyin və sülh danışıqlarının üstündən xətt çəkir".