Kreml payızda danışıqlara can atır 

Rusiya ilə Ukrayna arasında təmaslar böyük ehtimalla Türkiyədə baş tutacaq


 Yay ayları Rusiya-Ukrayna müharibəsi üçün kifayət qədər ciddi döyüşlər, qarşılıqlı hücumlar və siyasi gərginliklə müşahidə olundu. Rusiya Prezidenti Vladimir Putinin payıza ciddi şəkildə hazırlaşdığı deyilir. Qərb cəbhəsində isə vəziyyət dəyişir. Müharibənin sonlandırılmasını tələb edənlərin sayı xeyli artıb. Bəzi ölkələr Ukraynanın əks-hücum əməliyyatlarından istənilən nəticəni qazana bilmədiyini əsas gətirərək müharibənin bitməsi istiqamətində konkret çağırışlar edirlər. Bununla belə müharibənin Rusiyanın məğlubiyyətinə kimi davam etməsini istəyənlər də var. Müharibənin uzanması, Ukraynanın əks-hücum əməliyyatlarının istənilən nəticəni verməməsi və ən əsası Qərb ölkələrinin müharibənin bitməsi istiqamətində çağırışlar etməsi payız aylarında tərəflərin danışıqlar masasına qayıtması ehtimallarını yüksəldir. Prinsip etibarilə Rusiya tərəfi də müzakirələrə hazır olduğunu bildirir. 
  
Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, Moskva Ukrayna müharibəsindən istədiyini əldə edə bilməyib, ona görə də sülh Ukrayna qədər Rusiyaya da gərəkdir. Lakin Rusiya klassik taktikasından əl çəkməyərək payızdakı ehtimal danışıqlara üstün getmək istəyir. Ekspertin sözlərinə görə, Rusiya rəhbərliyi Qərbdə artan sülh çağırışlarını diqqətlə izləyir və ona uyğun addımlar atır: 

"Kreml sülh istədiyini desə də, müharibəyə davam edə biləcəyi mesajını verir. Bununla o, Qərbin sülh çağırışlarını daha da radikallaşdırmaq, hətta bu istiqamətdə Ukraynaya təzyiq edilməsini istəyir. Digər yandan, Rusiya nüvə silahından istifadəni leqallaşdırır. Son günlər Rusiya rəsmilərinin dilindən yenidən nüvə silahından istifadəyə dair açıqlamalar səslənir. Xüsusilə bu açıqlamalar ilə paralel Ukraynaya məxsus olduğu deyilən dronların Moskvaya ardıcıl zərbələr endirməsi diqqət çəkir. Məsələ ondadır ki, bir nüvə ölkəsi paytaxtına təhdid olarsa, ölkə işğala məruz qalar. Ya da ərazinin bir qismi işğal edilərsə, bu silahdan istifadə edə bilər. Moskvaya endirilən dron hücumları fonunda Rusiya bunu əsas gətirib taktiki nüvə silahından istifadə edə biləcəyi mesajını verir. Bu həm də Kremlin ABŞ və Qərbə Ukraynanı danışıqlar masasına qaytarması üçün xəbərdarlıqdır. Rusiya Ukraynada taktiki nüvə silahından istifadə etsə, bu tendensiya yayıla və digər ölkələr də buna əl ata bilər. Bu isə Vaşinqtonun arzulamadığı bir ssenaridir". 
Analitikin qənaətincə, Kremlin Polşa cəbhəsi açmaq planı da diqqət çəkir: "ABŞ Rusiya-Ukrayna müharibəsinin davam etməsində maraqlı olsa da müharibənin miqyasının genişlənməsi və digər regionlara, ölkələrə sıçramasını istəmir. Bunu yaxşı bilən Kreml Finlandiya, İsveç, Baltikyanı ölkələr və Polşanın timsalında yeni cəbhə aça biləcəyi təəssüratı yaradır. Düzdür, qeyd edilən ölkələrin əksəriyyəti NATO ölkəsidir və Rusiya NATO ilə birbaşa qarşıdurma aparacaq gücdə deyil. Lakin Kreml həmin ölkələrdən biri ilə proksi müharibə apara bilər. Məsələn, ehtimal hədəf Polşadır. Rəsmi Moskva bir müddət öncə baş verən saxta "Vaqner" qiyamı və ya "Vaqner" şousu sonrası bu hərbi birliklə bütün əlaqələrini kəsdiyini və Afrika ölkələri, həmçinin Belarusa köçürüləcəyini açıqladı. "Vaqner" hazırda Belarusda məskunlaşır və sayı gündən-günə artır. Bundan narahat olan Polşa tərəfi isə Belarusla sərhədə hərbi texnika yığır. Rəsmi Varşava Kremlin nə etdiyinin fərqindədir. Bu, Kremlin “Vaqner” üzərindən Polşa ilə müharibə aparmaq ssenarisidir. Əgər bu baş verərsə, Ukraynadan sonra növbəti cəbhə Polşada açılacaq. Yəni ABŞ-nin çəkindiyi müharibənin digər ölkələrə keçmək riski gerçəkləşəcək. Kreml hələlik bu planı aktivləşdirməyib və buna görə də payızda gözlənilən danışıqlar öncəsi əlini gücləndirmək üçün ehtiyatda saxlayır". 
  T.Rzayev qeyd edib ki, Rusiya bir müddət öncə rəsmi olaraq “Taxıl sazişi”ndən çıxdığını açıqlayıb. Ankaranın müraciətlərinə baxmayaraq, hələlik Kreml sazişə qayıtmaq ilə bağlı müsbət nəsə deməyib: "Bu məsələnin avqustda baş tutması ehtimal ki, Ərdoğan-Putin görüşü və ya telefon danışığı zamanı müzakirə ediləcəyi gözlənilir. Kreml yaxşı başa düşür ki, “Taxıl sazişi”ndən çıxmaq dünya miqyasında növbəti taxıl böhranının başlaması deməkdir. Rusiya bundan öncəki böhranın nə ilə nəticələndiyini test edib. Buna görə “Taxıl sazişi”ndən çıxmaq payızdakı ehtimal sülh danışıqları zamanı Kremlin əsas təzyiq kartlarından olacaq. Nəticə etibarilə payızda Rusiya ilə Ukrayna arasında danışıqlar baş tutsun, ya da tutmasın, Kreml buna ciddi hazırlaşır. Rusiya ilə Ukrayna arasında danışıqlar isə böyük ehtimalla Türkiyədə baş tutacaq. Ankara, İstanbul və ya Antalya görüşün keçirilə biləcəyi şəhərlər ola bilər".