Brüssel platforması sülhə yaxınlaşdırır - ŞƏRH


ABŞ və Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqlar daha perspektivli görünür

  Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində Azərbaycan-Ermənistan arasındakı sülh prosesinin gedişatından, görüşlərdən və vasitəçilik təşəbbüslərindən danışıb. Dövlət başçısı bildirib ki, əgər Ermənistan ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddiaları kənara qoysa, tezliklə sülh variantı tapıla bilər. Ölkə rəhbəri vurğulayıb ki, sülh danışıqları xarici işlər nazirləri tərəfindən aparılır: "Brüsseldəki görüşlərimiz Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən təşkil olunur. Əslində, həmin görüşlər bizə çox həssas məsələlərə toxunmaq imkanını verir". Prezident onu da bəyan edib ki, Avropa İttifaqı ən yaxşı vasitəçi ola bilər, çünki Azərbaycanın Aİ ilə münasibətləri qarşılıqlı hörmətə söykənir: "1992-ci ildən etibarən, hələ işğal dövründə danışıqlar apardığımız zaman Avropa İttifaqı vasitəçilik prosesinin bir hissəsi olmayıb. Bu, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsüdür. O, bizi dəvət etdi və biz dəvəti qəbul etdik. Çünki düşünürük ki, Azərbaycan ilə Avropa İttifaqının, eləcə də onunla Ermənistanın əməkdaşlıq səviyyəsini nəzərə alsaq, Avropa İttifaqının fəal olması təbiidir". Ölkə başçısı əlavə edib ki, 10 noyabr bəyannaməsinin vasitəçisi ABŞ, Avropa İttifaqı yox, Rusiya olub: "Rusiya-Ukrayna müharibəsindən sonra vəziyyət dəyişdi və biz gördük ki, Amerika Birləşmiş Ştatları və Avropa daha fəal oldular. Əslində, prosesin kimin tərəfdən aparılacağı və ya prosesi kimin müəyyən dərəcədə inhisara götürəcəyi bizim üçün böyük fərq etmir. Vacib olanı nəticəyə gəlməkdir".
  Prezidentin toxunduğu məqamları "Sherg.az"a dəyərləndirən millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib ki, dövlət başçısı İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində ölkəmizin bugününə və sabahına yönələn hədəflərin son mənzərəsini ortaya qoydu. Deputatın sözlərinə görə, Prezident bir daha Azərbaycan dövlətinin və xalqımızın milli maraqlarını önə çəkərək tarixə ekskursiya etdi. Həm də indiki situasiyanın çox obyektiv anatomiyasını ortaya qoydu:

 "Dövlət başçısı bölgədə baş verənlərə öz münasibətini ifadə edərək üç platformada - ABŞ, Avropa İttifaqı və Rusiya tərəfindən Azərbaycan-Ermənistan arasında gedən sülh prosesinə ümumən müsbət qiymət verdi. Ölkə başçısı vurğuladı ki, hər şeydən əvvəl Azərbaycanı düşündürən nəticədir. Əgər fərqli platformalar ümumi nəticəyə töhfə verirsə, ona üstünlük veririk və digər platformalardan da imtina etmirik. Məsələn, Rusiyanın vasitəçiliyi ona görə vacibdir ki, ən azından Moskvanı neytrallaşdırmaq lazımdır. Buna imkan verilməlidir ki, Rusiya sülh prosesinə, tərəflər arasındakı danışığa mane olmasın. Ancaq ABŞ və Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqlar daha perspektivli görünür. Azərbaycanın haqlı mövqeyi ilə üst-üstə düşür. Ona görə də cənab Prezident bunun üzərində xüsusi olaraq dayandı. Qeyd etmək lazımdır ki, Avropa İttifaqı ilə Azərbaycanın isti münasibətləri var. Birliyə daxil olan bir çox dövlətlə strateji əməkdaşlığımız mövcuddur".
  Parlament üzvü vurğulayıb ki, Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra Avropada yaranmış enerji böhranının aradan qaldırılmasında Azərbaycanın oynadığı önəmli rol ölkəmizin nüfuzunu artırır və Avropada müsbət təsəvvürlər formalaşdırır: "Təbii ki, Fransa istisna olmaqla. Fransa anormal bir ölkədir, özündə faşist düşüncələri yaşadan bir ölkədir. Fransa rəhbəri E.Makron da dünya siyasətinə qara ləkədir. Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel tarixdə bir münaqişənin həllində vacib rol oynamış şəxsiyyət kimi qalmaq istəyir. O baxımdan Brüssel platformasında gedən danışıqlar dövlət maraqlarımızla eynilik təşkil edir. Prezidentin müsahibəsində önə çəkilən məsələlər sülh sazişinin bağlanması haqqında Avropa auditoriyasında tam təsəvvür yarada bildi. Ölkə başçısı Azərbaycanın prinsipial və dəyişməz mövqeyini ortaya qoydu ki, hər kəs bundan nəticə çıxartsın".