Rusiyanın hərbi siyasi varlığı sual altında - ŞƏRH

Rusiya 2025-ci ildə Qarabağdan çıxacağını bilir


“Moskvanın KTMT müşahidə missiyasını təkidlə Ermənistan-Azərbaycan sərhədinə yerləşdirməyə can atması anlaşılandır”
  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Azərbaycan-Ermənistan sərhədində missiya yerləşdirmək məsələsinin müzakirəsinə qayıtmağa hazırdır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mikael Ağasandyan deyib. Onun sözlərinə görə, təşkilat rəsmi İrəvanın müsbət cavabını və bu təklif üzrə əsaslı işlərin, müttəfiqə kömək üçün digər birgə tədbirlərin həyata keçirilməsinin bərpasını gözləyir. Ağasandyanın fikrincə, Rusiya əmindir ki, müvafiq qərarların qəbulu regiondakı ümumi vəziyyətə müsbət təsir göstərəcək: "Qərb dövlətləri isə Rusiyaya və bu ölkənin Cənubi Qafqazdakı mövqelərinə maksimum ziyan vurmaq üçün onun ən yaxın müttəfiqlərinə, o cümlədən Ermənistana siyasi və iqtisadi təzyiq göstərməyə çalışırlar". Bəzi ekspertlərin fikrincə, Rusiya KTMT missiyasını Azərbaycan-Ermənistan sərhədinə yerləşdirməyə çalışmaqla sülhməramlılardan sonrakı dövrə hazırlıq görür. Həm də məqsəd Ermənistanı əldə saxlamaq, Avropa İttifaqının təsirindən çıxarmaqdır.
  AMİP Siyasi Şurasının üzvü, siyasi şərhçi Əli Orucov "Sherg.az"a bildirib ki, bu ilin əvvəllərindən Avropa İttifaqı Şurasının müşahidə missiyası Ermənistan-Azərbaycan sərhədlərində yerləşdirilib. Ekspertin sözlərinə görə, ATƏT-in monitorinq qrupu da eyni missiya ilə fəaliyyət göstərir:

 "Hər iki missiyaya rəsmi Moskva dəfələrlə narazılığını bildirib. Rusiya hətta həmin missiyaların Moskvaya qarşı kəşfiyyat fəaliyyəti ilə məşğul olduğunu dilə gətirib. Şimal qonşumuz anlayır ki, Qərb Ermənistan vasitəsilə tədricən Rusiyanın bölgədəki təsirini azaltmağa çalışır. Ermənistan isə belə bir addım atmaqla KTMT-dən incikliyini Kremlin diqqətinə çatdırır. Əslində Qərblə Rusiya arasında bölgə uğrunda ciddi rəqabət gedir və İrəvan da bu rəqabətdən maksimum faydalanmağa çalışır. Məncə, Rusiya 2025-ci ildə Qarabağdan çıxacağını bilir. Bundan sonra onun bölgədə hərbi siyasi varlığı sual altına düşəcək. Moskvanın KTMT müşahidə missiyasını təkidlə Ermənistan-Azərbaycan sərhədinə yerləşdirməyə can atmasında məqsəd "bölgənin sahibinin Rusiya olduğunu" kənar oyunçulara çatdırmaqdır. Ancaq Ermənistan cəmiyyətində və hakim dairələrində Rusiyaya münasibət birmənalı deyil. Qərbin Ermənistana isti və qayğıkeş münasibət sərgiləməyinə baxmayaraq, Ermənistan Rusiyanın forpostu olaraq qalır. KTMK də əslində elə Rusiya deməkdir".