Ermənistanın qarşısında iki seçim  - Rusiya isə risklə üz-üzə

Çox pis variant o deməkdir ki, revanşist məqsədlər artsa Azərbaycan güc tətbiqini reallaşdıracaq


  "Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində Avropa İttifaqının Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki rolunu etibarlı vasitəçilik kimi xarakterizə edir. Bununla da bir növ Rusiya və ABŞ-nin moderatorluqlarını Avropa İttifaqının qurduğu masaların kölgəsində saxlayır ki, onun da səbəbləri var". 

Bu barədə "Sherg.az"a  siyasi şərhçi Aqşin Kərimov deyib. Ekspert bildirib ki, nəticəyə gəlməyin vacibliyinə toxunaraq sülh sazişi ilə yekunlaşa biləcək təşəbbüsü irəli sürən tərəfləri dəstəkləyəcəyini bəyan edir:

"Bu, ABŞ-yə də, Rusiyaya da bir çağırış kimi başa düşülməlidir. Məsələnin dolğun təhlükəsizlik mühitinin yaradılması, Ermənistanın işğalçılığına son qoyulmasını rəsmiləşdirən və bunun üçün İrəvanın dilindən iltizam alacaq səviyyəyə çatmasını istəyir. Sənəd sülh sazişi olmasa da, sülh üçün tənzimləyici xüsusiyyətlərə malikdir, ancaq bu, kifayət deyil. Ona görə də Azərbaycan Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Qərb platformalarının Bakı-İrəvan münasibətlərinin nizamlanması üzrə aktivliklərini də qiymətləndirir. Nəticə olaraq Azərbaycan bir tərəfin mütləq təşəbbüsü ilə deyil. Uyğun olarsa, rəqabət aparan Qərb-Rusiya platformasının birgə iştirakı ilə sülh müqaviləsi imzalanmasına maraq göstərir".

  A.Kərimov bəyan edib ki, Rusiyanın Ukraynadakı müharibə səbəbilə geosiyasi alətləri itirmək riski çoxalır: 

"Təbii ki, Azərbaycan üçün Moskvadan gələn ambisiyaların zəifləməsi məqbuldur. Ancaq Rusiyanın Cənubi Qafqazdakı maraqları seyrəlməyib. Ələlxüsus Kreml Gürcüstan və Ermənistanı hədəf lövhəsində görür. Prezident İlham Əliyev Azərbaycanın Rusiyanın regional ambisiyaları qarşısındakı adekvat davranışlarını “Biz Rusiyanın Cənubi Qafqazdakı qonşularımızla qarşılıqlı əlaqələrini, sadəcə, müşahidə edə bilərik. Azərbaycana gəldikdə isə çox şey dəyişməyib, çünki bizim Rusiya ilə münasibətlərimiz artıq tarazlaşdırılıb" sitatı ilə təsvir edir. Azərbaycanın Rusiyanın regional maraqlarındakı notlara qarşı Qərblə əməkdaşlığı tarazlayıcı tərəzi kimi qiymətləndirməsi prosesi baş verir".

Analitikin fikrincə, Azərbaycan ərazilərində yaşayan ermənilərin taleyi rəsmi Bakının strateji planından asılı vəziyyətdə qalmaqdadır: 

"Təbii ki, onlar üçün xüsusi və əlahiddə imtiyazlar nəzərdə tutulmur. Sadəcə, Qarabağda yaşamaq istəyirlərsə, Azərbaycanın şərtlərini qəbul etməlidirlər, əks təqdirdə, ölkə ərazisini tərk etməlidirlər. Ölkə başçısı İlham Əliyevin mesajları həmin məqamları özündə əks etdirən yükə sahibdir. Dövlət başçısı müsahibədə Ermənistana çağırış edərək vurğulayır ki, İrəvan üçün yaxşı və ya qat-qat yaxşı arasında seçim etmək şansı yoxdur. Ölkə rəhbərinin Ermənistan üçün seçimin çox pis və qəbulolunan arasında olduğunu vurğulaması iki ssenarini canlandırır. Çox pis variant o deməkdir ki, Ermənistan bu aralığı özünün revanşist məqsədlərindən doğan hərəkətlərlə doldurmağa çalışsa, Azərbaycan güc tətbiqini özünün müdafiə komponenti kimi reallaşdıracaq. İkinci ssenaridə isə Ermənistan sülh müqaviləsini imzalayır, təzminat ödəyir, öhdəliklərini konstruktiv formatlarda icra edir".