Zelenski emosiyaları soyutmağa çalışır  - AKTUAL ŞƏRH

Ukrayna-Polşa münasibətlərinin gərginləşməsi Kremlin maraqlarına xidmət edir


  Polşa rəsmisi Marçin Pşidaç yerli mediaya müsahibəsində Ukrayna taxılının Polşa vasitəsilə ixracının qarşısının alınması ilə bağlı vəziyyət haqda danışarkən, Kiyevin Varşavadan böyük dəstək aldığını, bunun Ukrayna tərəfindən qiymətləndirilməsinin lazım olduğunu deyib. Ukrayna Prezident Ofisi Kiyevin Polşanın göstərdiyi yardımı dəyərləndirməməsi ilə bağlı iddiasını əsassız adlandırıb. Polşa da Ukrayna səfirini buna görə çağıraraq, narazılığını bildirib. Polşanın Baş naziri Mateuş Moravetski bildirib ki, Ukrayna belə bir addımı atmamalı idi: “Polşa səfiri - Rusiyanın Ukraynanı işğal etdiyi gün Kiyevdə qalan yeganə səfir - Xarici İşlər Nazirliyinə çağırılmamalı idi. Beynəlxalq siyasətdə, davam edən müharibə şəraitində Polşanın Ukraynaya verdiyi böyük dəstəyi nəzərə alsaq, belə səhvlərə yol verilməməlidir”. Ukrayna Prezidenti Volodimir Zelenski də tviter səhifəsində yazıb ki, Ukrayna və Polşa xalqlarının azadlığı, eləcə də Avropanın dəyərləri və ümumi rus düşməni üzərində qələbə hər şeydən üstündür, emosiyalar soyumalıdır: “Avropa xalqı bilir ki, hər kəsin azadlığı hamının ümumi azadlığı olduqda daha güclü olur. Biz Avropada hansısa fəsillərə və əhval-ruhiyyəyə, siyasi cərəyanlara və şəxsi ambisiyalara baxmayaraq, dəyərlərimizi çiyin-çiyinə durub müdafiə etməyi bacarırıq”. Zelenski qeyd edib ki, indi müxtəlif siqnallar var ki, siyasət bəzən birlikdən yüksəkdə olmağa çalışır, emosiyalar isə xalqların köklü maraqlarından yüksəkdir: “Ukrayna öz azadlığı və bütün Avropa üçün mübarizə aparır və biz kömək edən hər bir xalqa minnətdarıq. Bizimlə birlikdə dənizdən dənizə qədər Avropanın əsl sipərinə çevrilmiş Polşanın tarixi dəstəyini çox yüksək qiymətləndiririk. Heç bir siyasi məqamın Ukrayna və Polşa xalqı arasında münasibətləri korlamasına imkan verməmək vacibdir, emosiyalar mütləq soyumalıdır”.
  "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, Ukrayna rəhbəri haqlıdır. Polşa-Ukrayna münasibətlərində yaranan son gərginlik hər iki dövlətin ziyanınadır:

"Son günlər iki ölkənin müxtəlif rəsmiləri bir-birilərinin ünvanına sərt ifadələr səsləndiriblər. Zelenski heç bir siyasi məqamın Ukrayna və Polşa xalqları arasında münasibətləri korlamasına imkan verməyəcəyini söyləyib. O, buna görə də soyuqqanlı davranışa ehtiyac olduğunu vurğulayıb. Polşa ilk gündən Ukraynaya dəstək verib. Təxminən 2 milyon ukraynalı qonşu dövlətdə sığınacaq tapıb. Polşa öz büdcəsindən onların yerləşməsinə və bir qisminin işlə təmin olmasına çalışıb. Polşa ayrıca, Ukraynaya hərbi dəstəyini davam etdirir. Ukrayna-Polşa münasibətlərinin gərginləşməsi Kremlin maraqlarına xidmət edir. Rusiya Prezidenti Vladimir Putin Polşanın, guya, Ukrayna torpaqlarında gözü olduğunu iddia etmişdi. Varşavanın belə bir planı yoxdur, əksinə, Ukraynanın müharibədə qalib çıxması Polşanın milli və təhlükəsizlik maraqlarına cavab verir".