Liderlərin münasibətlərində soyuqluq görünmür

Ərdoğan və Putin bir çox mühüm məsələdə anlaşa bilirlər

“Baş tutan telefon danışığı və müzakirə olunan məsələlər mülahizələrin özünü doğrultmadığını göstərdi”
 
 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub. Ərdoğan Türkiyədə meşə yanğınları ilə mübarizə üçün 2 amfibiya yanğınsöndürmə təyyarəsi göndərdiyinə görə V.Putinə təşəkkür edib. O, rusiyalı turistlərin Türkiyəyə artan marağından məmnunluğunu ifadə edərək, bu il birgə səylər nəticəsində turizmdə rekordu qıracaqlarına inandığını dilə gətirib. Türkiyə lideri Rusiya-Ukrayna müharibəsində gərginliyi artıracaq addımların atılmaması lazım olduğunu söyləyib. Ərdoğan “sülh körpüsü” hesab etdiyi Qara dəniz təşəbbüsünün əhəmiyyətini vurğulayıb. Telefon danışığı zamanı Putinin Türkiyəyə səfəri ilə bağlı razılıq əldə edilib. Rusiya rəhbəri deyib ki, Qərb Rusiya qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirəndən sonra “Taxıl sazişi”nə qayıtmağa hazırdır. Qeyd edək ki, ötən ayın 17-də Rusiya tərəfi müddəti həmin gün başa çatan Qara dəniz razılaşmasında ("Taxıl sazişi") Rusiyaya aid olan hissənin hələ də yerinə yetirilmədiyini əsas gətirərək, həmin razılaşmanın müddətinin uzadılmasından imtina edib. “Taxıl sazişi” Rusiya, Ukrayna, Türkiyə və BMT tərəfindən 2022-ci il iyulun 22-də bağlanıb. Müqavilənin müddəti iki dəfə uzadılıb. Saziş humanitar dəhlizlər çərçivəsində Qara dəniz vasitəsilə taxıl, ərzaq və gübrə ixracını nəzərdə tutur.
  Politoloq İlqar Vəlizadə "Sherg.az"a bildirib ki, Rusiya və Türkiyə dövlətləri, həmçinin liderlər arasında gərginliyin, qarşıdurmanın yaranması barədə məlumatlar vəzi KİV tərəfindən məqsədyönlü yayılırdı. Analitik qeyd edib ki, Ərdoğan-Putin münasibətlərinin əvvəllər hansı səviyyədə olduğunu, bu gün necə dəyişdiyini dəqiqliklə heç kim söyləyə bilməz: "Kim deyə bilər ki, Zelenskinin Ukrayna səfərindən və "Azov döyüşçüləri"nin Ukraynaya verilməsindən Moskva məlumatsız olub?! Əfsuslar olsun ki, bəzi hadisələrdən mediada sırf təbliğat vasitəsi kimi istifadə olunur. Bir sıra ekspertlərin şəxsi mülahizələri "real vəziyyət" kimi qəbul edilir. Fərziyyələri fakt kimi təqdim etmək yanlışdır. Dövlət başçıları arasında münasibətlər məxfi və həssas olduğu üçün bu barədə dolğun və obyektiv informasiya vermək çətindir. Ərdoğan və Putin arasında baş tutan telefon danışığı və müzakirə olunan məsələlər mülahizələrin özünü doğrultmadığını göstərdi. Göründüyü kimi, iki lider bir çox mühüm məsələdə anlaşa bilirlər. Ancaq ümumən götürəndə, təbii ki, Türkiyə ilə Rusiya arasında münasibətlər mürəkkəbdir. Müəyyən ziddiyyətlər olub, fikir ayrılıqları gündəmə gəlib. Amma hər zaman dialoq davam etdirilib. Tərəflər müzakirələrdən geri durmayıblar və əməkdaşlıqda maraqlı olduqlarını isbatlayıblar".
  İ.Vəlizadə vurğulayıb ki, Rusiya Qara dəniz hövzəsinin açarlarının Türkiyənin əlində olduğunu bilir: "Türkiyə Bosfor (İstanbul) və Dardanel (Çanaqqala) boğazlarını bağlasa, Rusiyanın gəmiləri oradan keçə bilməyəcək. Baxmayaraq ki, 1936-cı ildə boğazlarla bağlı Montrö sazişi imzalanıb, amma müasir dövrdə beynəlxalq sazişlərin nə dərəcədə toxunulmaz və əhəmiyyətli olduğu hamıya məlumdur. Real siyasətdə sazişlər böyük rol oynamır və kənarda qalırlar. Beynəlxalq sazişlər tərəflərin münasibətlərinə rəsmi xarakter vermək üçündür. Moskva da bunun fərqindədir və anlayır ki, əsas məsələ Türkiyə Prezidenti ilə münasibətlərdən asılıdır. Belə şəraitdə Kreml Ankara ilə əlaqələrin pozulmasını istəmir. NATO daxilində Rusiya ilə birbaşa danışa bilən ölkə Türkiyədir. Yəni iki ölkə arasında müəyyən fikir ayrılıqları olsa da, əlaqələri kəsmirlər. Ərdoğan çıxışlarından birində demişdi ki, o, Rusiyanın narahatlıqlarını başa düşür. Türkiyə "Taxıl sazişi"nin bərpasında maraqlıdır. Çünki bu anlaşma qardaş ölkənin imici, nüfuzu və təsir imkanları baxımından çox önəmlidir. Bu, müharibənin gedişində bağlanmış ilk sazişdir. Təbii ki, Afrikada, həm də Yaxın Şərq regionunda Türkiyənin də öz maraqları var. Məhz Türkiyənin vasitəçiliyi ilə yoxsul ölkələrin buğda ehtiyacının qarşılanması böyük nüfuz deməkdir. Rusiya və Türkiyə praqmatik əsaslarla mürəkkəb danışıqlar aparır".