Şərti sərhəddə Türkiyə nümayəndəliyi yaradılsın - TƏKLİF

Rusiya Qafanda nümayəndəlik açmağa hazırlıq görür

Şuşada qardaş Türkiyənin konsulluğunun açılmasını sürətləndirmək lazımdır

  Rusiya diplomatları sentyabrda konsulluğun açılması məsələsi ilə bağlı Qafan şəhərinə gələcəklər. Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib. XİN rəsmisi vurğulayıb ki, Qafanda Rusiya Baş Konsulluğunun genişmiqyaslı açılışına fəal şəkildə hazırlaşır: "Bu təşəbbüs mayın 25-də Moskvada keçirilən görüşdə liderlərimiz tərəfindən bəyənilib. Sentyabr ayında Rusiya diplomatları bölgəyə səfər edəcək, onlar əməliyyat məsələləri ilə birbaşa məşğul olacaqlar”. Xatırladaq ki, bir müddət öncə Qafanda İranın da baş konsulluğu açılıb. Baş konsul Abedin Varamin konsulluğun açılışında sərhədlərdə heç bir dəyişikliyi rəsmi olaraq tanımayacaqlarını demişdi. Oeyd edək ki, yaxın dönəmdə Türkiyənin Şuşada konsulluğu açılacaq.
  Azad Vətən Partiyasının sədri Akif Nağı "Sherg.az"a açıqlamasında bildirib ki, həm İran, həm də Rusiya Ermənistan vasitəsilə Cənubi Qafqazda təsir imkanlarına malik olmaq isəyir. Partiya rəhbəri deyib ki, söhbət Laçın dəhlizi ətrafında getsə də, əsas məsələ Zəngəzur dəhlizi ilə bağlıdır: "Zəngəzur dəhlizi sadəcə Azərbaycan, region yox, dünya üçün əhəmiyyətlidir. Çünki İpək yolunun, Orta Dəhliz adlanan çox önəmli nəqliyyat dəhlizinin ən vacib hissəsi bizim regiondur. Ona görə də Zəngəzur bölgəsi region ölkələrinin xüsusi diqqət mərkəzindədir. Artıq İran Qafanda öz baş konsulluğunu açıb. Avropa İttifaqı "mülki missiya" adı altında Qafan və Gorus şəhərlərində ofis yaradıb. Rusiya da bu prosesdən geri qalmamaq üçün təcili surətdə Qafanda nümayəndəlik açmağa hazırlıq görür. Hesab edirəm ki, belə məqamda Türkiyənin də ciddi fəallaşmasına ehtiyac var. Düzdür, İran və Rusiyanın addımlarına diplomatik üsullarla etirazımızı bildiririk. Müxtəlif daşındırıcı addımlar atmağa çalışırıq. Amma sözügedən bölgə indiki "Ermənistan ərazisi" sayıldığına görə konkret tələb qoya bilmirik. Lakin məsələ ondadır ki, iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyası keçirilməyib. Yəni şərti sərhədlərdən söhbət gedir. O baxımdan bölgədə gedən proseslər, qonşu ölkələrin xoşməramlı olmayan təşəbbüsləri bizi narahat etməkdədir. Şuşada qardaş Türkiyənin konsulluğunun açılmasını sürətləndirmək lazımdır. Bunu ləngitmək olmaz".
  A.Nağı başqa bir təkliflə də çıxış edib: "Laçında, yaxud Ermənistanla şərti sərhədlərin lap yaxınlığında da Türkiyənin ayrıca bir siyasi-hərbi nümayəndəliyinin açılmasına ehtiyac var. Bir ölkə konsulluq açır, digəri ofis açır, məqsəd isə eynidir. İran, Rusiya və Qərb ölkələrinin məqsədyönlü hərəkətlərinə adekvat olaraq biz də Türkiyə ilə bərabər addımlar atmalıyıq".