Saakaşvilinin açıqlamaları obyektiv, iddiaları realdır - RƏY

Ancaq sabiq prezidentin sərt xəbərdarlığı hökumətin ona qarşı daha aqressiv olmasına gətirib çıxaracaq

  Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili hakimiyyət rəsmilərinin ittihamlarına cavab verib. Saakaşvili Gürcüstanın gizli xəritələrinin və məlumatlarının Rusiyaya ötürüldüyünü qeyd edib. Eks-prezident əlavə edib ki, Gürcüstanın yüksəkvəzifəli rəsmiləri Rusiya agentlərini qarşılayır və onların məxfi obyektlərə səfərlərini təşkil edirlər. Saakaşvili hakimiyyəti dövründə Rusiya vətəndaşları üçün vizasız səyahət müddəti 3 ay olduğunu, Rusiyanın Gürcüstandakı kəşfiyyat şəbəkəsinin çökdürüldüyünü əlavə edib. Vurğulayıb ki, vizasız səyahətin məqsədi o idi ki, ruslar təbliğata inanmaq yerinə Gürcüstanın necə uğurlu dövlət olduğunu görsünlər. Rusiyada islahatların keçirilməsini tələb etsinlər ki, bu da Gürcüstanın təhlükəsizliyi üçün çox vacib idi: "1 illik vizasız səyahət rejimi çərçivəsində Rusiya vətəndaşları Gürcüstanda həm leqal, həm də qeyri-leqal biznesə başlayırlar. Onlar vergi vermirlər. Müvafiq olaraq xidmətlərini müştərilərə daha aşağı qiymətlərlə təklif edirlər. Ona görə də gürcü şirkətləri gəlirlərindən məhrum olur və onlar bizim iş yerlərimizi işğal edirlər". Onun sözlərinə görə, Rusiya vətəndaşları Gürcüstanda bir-birilərinə müxtəlif xidmətlər təklif etdikləri, qapalı şəbəkələr yaratdıqları, daşınmaz əmlak alıb-satdıqları avtomon sistem yaradıblar. Bu, gürcülər və Gürcüstan şirkətləri üçün əlçatan deyil”.
  Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, Gürcüstanın sabiq prezidenti birbaşa Rusiya rəhbərinin təlimatı ilə həbsdədir. Analitikin fikrincə, "Gürcü Arzusu" hökuməti M.Saakaşvilini girov saxlayır: "Saakaşvilinin açıqlamaları obyektiv, iddiaları realdır. Gürcüstan hakimiyyətinin "boz kardinalı" Bidzina İvanaşvili Rusiya ilə böyük biznes əlaqələrinə malikdir. Rusiya vətəndaşları üçün vizanın 3 aydan, 1 ilə qaldırılması Moskvanın kəşfiyyat işləri həyata keçirməsi istiqamətində əlverişli şərait yaradır. Rusiyanın Gürcüstanda geniş şəbəkə qurduğu heç kimə sirr deyil. İndiki hökumətin vaxtında bu fəaliyyət daha intensiv hal alıb. Gürcüstanı Qərbdən qoparmaq üçün Rusiya kəşfiyyatı geniş şəkildə iş aparır. Rusiya vətəndaşlarına viza ilə yanaşı, vergi ilə bağlı digər imtiyazların verilməsi Gürcüstan hökumətinin Rusiya qarşısında güzəştə getməsidir. Rusiya Gürcüstanı yenidən öz orbitinə qaytarmağa çalışır. Saakaşvili bunu açıq-aşkar müşahidə etdiyi üçün öz narahatlığını dilə gətirir. Ancaq sabiq prezidentin sərt xəbərdarlığı hökumətin ona qarşı daha aqressiv olmasına gətirib çıxaracaq".