Tökülən qanlar bihudə gedərmi?! - Cinayətkar Xaçaturyan  - Millət vəkili

"Beynəlxalq ictimaiyyət də əmin olsun ki, ədalətli məhkəmənin şahidi olacaqlar"
  İyulun 29-da Laçın sərhəd-keçid məntəqəsində saxlanılan terrorçu Vaqif Xaçaturyan Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva tərəfindən fərdi qaydada qəbul edilib və müraciəti dinlənilib. O, ilkin tutulma anından ona göstərilən humanist münasibətdən, keyfiyyətli tibbi xidmətdən razılığını bildirib və səhhətində müsbət dəyişikliklər olduğunu qeyd edib. Hətta Vaqif Xaçaturyan onunla rəftara, saxlanma şəraitinə, ailəsi ilə əlaqə imkanı yaradıldığına görə Azərbaycan dövlətinə minnətdarlıq edib. Həmin şəxslə bağlı məlumatlar, video və fotoşəkillər müvafiq beynəlxalq qurumlara da göndərilib. Qeyd edək ki, Ermənistan tərəfi V.Xaçaturyanın saxlanma xəbərindən dərhal sonra "mülki şəxsin" həbs olunduğunu, "işgəncələrə məruz qaldığını" iddia etmişdi. Məlumat üçün bildirək ki, Vaqif Xaçaturyan Xocalının Meşəli kəndində günahsız azərbaycanlılara qarşı dəhşətli cinayətlər törədib. Kəndə basqın zamanı 25 nəfər öldürüb, 14 nəfər yaralanıb. Qırğınlardan sonra 358 nəfər evindən didərgin düşüb. 30 il vaxt ötsə də, cinayətkar Xaçaturyan ədalətdən qaça bilmədi və yaxalandı. Şübhə yox ki, əli günahsız insanların qanına bulaşmış terrorçu Azərbaycan qanunları çərçivəsində ən ağır şəkildə cəzalandırılacaq.
  Millət vəkili Naqif Həmzəyev "Sherg.az" açıqlamasında bildirib ki, Meşəli kəndində günahsız insanları qətl edən, onlara işgəncə verən Vaqif Xaçaturyanın Laçın postunda saxlanması və mühakimə üçün Bakıya gətirilməsi Azərbaycan Ordusunun yüksək peşəkarlığının bariz nümunəsidir. Deputatın sözlərinə görə, V.Xaçaturyan digər cinayətlərdə də iştirak edib, Birinci Qarabağ müharibəsi zamanı bir qəliamın həyata keçirilməsində iştirakçı qismində olub: 

"Həmçinin digər erməni terrorçuları ilə birlikdə azərbaycanlılara qarşı dəhşətli cinayətlər törədib. Artıq beynəlxalq təşkilatlar da bilirlər ki, V.Xaçaturyan axtarışda olan cinayətkar idi. Belə məqamda erməni tərəfinin onu "mülki şəxs" kimi təqdim etməyə çalışması, "işgəncəyə məruz qalması" ilə bağlı iddiası, daha doğrusu, haqsız narazılıq bildirməsi mənasızdır. Əlimizdə Xaçaturyanın törətdiyi əməllərlə bağlı kifayət qədər dəlil-sübutlar, faktlar mövcuddur. Əlbəttə, ermənilərdən fərqli olaraq Azərbaycan tərəfi bütün məsələlərə humanizm prinsiplərindən yanaşır. Xaçaturyanın qatı cinayətkar olmasına baxmayaraq, ələ keçiriləndən sonra dərhal tibbi müayinədən keçirilib, saxlanma şəraitinə xüsusi diqqət göstərilib. Daha sonra onun ailəsi ilə görüşünə şərait yaradılıb".
  Parlamentari vurğulayıb ki, üzərindən illər keçsə də, qətliam törətmiş şəxslər əvvəl-axır məsuliyyətə cəlb olunacaq: "Bütün cinayətkarlar mühakimə ediləcək və layiqli cəzasını alacaq. Azərbaycan da beynəlxalq hüquq prinsiplərinə əməl edərək, barəsində cinayət işi qaldırılmış bütün canilərin interpol vasitəsilə, əməkdaşlıq etdiyimiz dövlətlərin əliylə aşkarlanaraq qanun qarşısında cavab verməsini təmin edəcək. Məlumdur ki, bəzi cinayətkarlar hələ də Xankəndidə, Ermənistanda, yaxud xarici ölkələrdə gizlənirlər. Onlar da gec-tez tapılaraq Azərbaycan məhkəmələrində cavab verəcəklər. Azərbaycan xalqının tökülən qanı yerdə qalmayacaq. Xalqımıza qarşı hərbi cinayətlər törətmiş bütün şəxslər cəzalandırılacaq. Gec-tez digər cinayətkarlar da Xaçaturyanın aqibətini yaşayacaq. Beynəlxalq ictimaiyyət də ədalətli məhkəmənin şahidi olacaq".