TIR şousu: Təzyiq göstərmək üçün növbəyə düzülən dövlət və təşkilatlar harada idilər?

Ermənistan 30 il ərzində dəhşətli cinayətlər törədib
 

  "Proseslərin təhlili göstərir ki, Ermənistan TIR şousuna xeyli vaxtdır hazırlaşırdı". Bu sözləri "Sherg.az"a millət vəkili Ceyhun Məmmədov deyib. Deputat vurğulayıb ki, Ermənistan ərazisindən TIR-lar hərəkətə başlayarkən Ermənistan XİN-in rəhbəri Ararat Mirzoyanın paylaşdığı tvit bu fikri bir daha təsdiqləyir: 

"Burada belə bir sual yaranır, Ermənistan bu şou ilə nəyə nail olmaq istəyir? Məlum olduğu kimi, bir müddət Baş nazir Nikol Paşinyan Rusiya tərəfi ilə danışıqlar apararaq Azərbaycanın Laçın yolunda yaratdığı nəzarət-buraxılış məntəqəsinin ləğvinə çalışdı. Bu məsələdə Rusiya tərəfini də günahlandırdı. Paşinyanın Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxması ilə bağlı verdiyi açıqlamanın kökündə də məhz bu məsələ durur. İndi isə vəziyyət belədir. Rusiya tərəfindən istədiyini əldə edə bilməyən Ermənistan tərəfi Qarabağa beynəlxalq gücləri gətirməyə çalışır. Paşinyanın bu cəhdi Fransa kimi dövlətlərin marağı ilə üst-üstə düşür. Erməni Baş nazir Rusiyanın bütün xəbərdarlıqlarına baxmayaraq, Ermənistan ərazisinə Avropa İttifaqının mülki missiyası pərdəsi altında Avropa dövlətlərinin hüquq-mühafizə orqanlarının təqaüddə olan nümayəndələrini gətirə bildi. Buna Qarabağda da nail olmaq istəyir. Bütün bunları görən Azərbaycan vaxtında çevik qərar qəbul edərək, sərhəddə nəzarət-buraxılış məntəqəsini yaratdı. Bununla Paşinyanın sözügedən cəhdinin qarşısını aldı. Ermənistan və Fransanı bu qədər narahat edən məsələ məhz onların planlarının qarşısının vaxtında alınmasıdır".
  Parlament üzvü bəyan edib ki, Ermənistan 30 il ərzində dəhşətli cinayətlər törədib: "Şəhərlərimizi, kəndlərimizi, məscidlərimizi barbarcasına dağıdıb. 30 ildir Naxçıvana quru yolla gedə bilmirik. Həmin bu canfəşanlığı 30 ildə niyə görmədik? TIR şousuna görə Azərbaycana təzyiq göstərmək üçün növbəyə düzülən dövlət və təşkilatlar, bir sıra dövlətlərin xarici işlər nazirlikləri harada idilər? Vətən müharibəsinə qədər olan dövrdə bir dəfə də olsun işğaldan danışmayan dövlətlər indi TIR şousunu dəstəkləyən ard-arda bəyanatları niyə verirlər? Azərbaycanla sərhədə gəlib guya vəziyyəti yerində izləyən həmin dövlətlərin səfirlikləri ötən dövrdə Azərbaycanla bağlı bu mövqeni niyə nümayiş etdirmədilər? Bu, ikiüzlülük deyil, nədir? Şübhə yox ki, Azərbaycan müdrik siyasət nəticəsində bu hücum və təxribatları da mütləq dəf edəcək".