Sərhəddə tamaşa sona yaxınlaşır  - Politoloq

Ermənistan əhalisinin Qərbə olan inamı qırılacaq

Azərbaycanın bu oyunların sonunda istəyini əldə edəcəyi mütləqdir və başqa yol da yoxdur


  Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanlığı bölgədəki ermənilərin Azərbaycan-Ermənistan sərhədinə (Həkəri körpüsünə) “aksiyası”nı müşayiət etməkdən imtina edib. Sülhməramlıların komandanlığı bildirib ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq, Rusiya sülhməramlı kontingentinin avtoyürüş karvanlarında avtomobillərin müşayiət olunması, eləcə də müxtəlif aksiyaların və mitinqlərin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulmur. Qeyd edək ki, dövlət başçılarının 6-cı Brüssel görüşü (15 iyul) ərəfəsində Qarabağda separatçıların "təşkilatçılığı" ilə başlayan "etiraz" şousunu Rusiya sülhməramlıları bu zamana kimi müşayiət edirdilər. Etirazçıların narazılıqlarının əsas "səbəbi" kimi, guya, Azərbaycan Laçın sərhəd-buraxılış məntəqəsini bağlayaraq, Qarabağ ermənilərinə qarşı humanitar böhran yaratdığı qeyd edilsə də, bu addımların sadəcə əsassız, qarayaxma kampaniyasından başqa bir şey olmadığı hər kəsə məlum oldu. Çünki Azərbaycanın Qarabağ ermənilərinin Laçın postundan gediş-gəlişinə heç bir mane yaratmadığını faktlarla, videomateriallarla dəfələrlə sübuta yetirib. Hətta rəsmi Bakı Qarabağ ermənilərinə humanitar yardım çatdırmaq istəyən Ermənistana daha uyğun, daha səmərəli olan Ağdam-Xankəndi yolunu təklif etsə də, qarşı tərəf bu təklifdən imtina edərək, öz əsl məqsədlərini növbəti dəfə ortaya qoydular. Beləcə, məlum olur ki, nə Ermənistan hakimiyyətinin, nə də Qarabağdakı qondarma rejim qalıqlarının fikri-zikri Qarabağ ermənilərinin gələcək taleyi deyil. Onları elə ən yaxşı düşünən, onların təhlükəsizliyini təmin etməyi üzərinə götürən səmimi bir tərəf var - Azərbaycan. Qalanları sadəcə öz maraqları naminə Qarabağ erməniləri üzərindən növbəti planlarını həyata keçirməyə can atırlar.

  Politoloq Azər Qasımov "Sherg.az"a açıqlamasında bildirib ki, Rusiya bu hadisələrdə öz maraqlarına uyğun hərəkət edir. Analitikin sözlərinə görə, TIR şousunun nəticəsiz olacağını bilən Rusiya fərqindədir ki, bu şou Qərb tərəfindən təşkil edilib: "Əslində şounun nəticə verməməsi Rusiya üçün də lazımdır. Nəticədə Ermənistan əhalisinin Qərbə olan inamı qırılacaq. Təbii ki, Rusiya Qarabağ ətrafında gərginliyin artmasında maraqlıdır. Müvəqqəti olaraq heç nəyə "qarışmadığını", "sakit" qaldığını göstərməyə çalışsa da, son anda mütləq özünü göstərəcək. Gərginlik olmasa belə, yeni gərginlik şəraiti yaratmağa çalışacaq. Rusiyanın hansısa konstruktiv addım ata biləcəyinə inanmaq sadəlövhlükdür. 
Rusiya gərginlik üçün nə lazımdırsa edəcək, amma özü kənarda dayanacaq. Azərbaycan və Ermənistan dövlət rəhbərlərinin Brüssel görüşündən sonra TIR şousunun başlaması məsələsi bunun razılaşdırılmış oyun olması fikrini ağıllara gətirir. Qərb Azərbaycanın mövqeyindən çıxış edir, Paşinyan da Qarabağ ermənilərindən qurtulub Ermənistanı Rusiyanın caynağından xilas etməyə çalışır. Bu durumda Qərb bu yardım oyununu qurmaqla və nəticəsiz bitirməklə Qarabağ ermənilərinin müqavimətini qırmaq və Azərbaycana inteqrasiyasını sürətləndirmək məqsədi güdə bilər. Konspirativ nəzəriyyə kimi görünsə də, Qərbin belə oyunlar oynadığını nəzərə almalıyıq. Hər halda Azərbaycanın bu oyunların sonunda istəyini əldə edəcəyi mütləqdir və başqa yol da yoxdur".