Füzulidə Özbəkistanın konsulluğu fəaliyyətə başlasın  - Millət vəkili

Parlament üzvü tədbirdə bir neçə təkliflə çıxış etdiyini söyləyib

  Avqustun 8-də Bakıda “Azərbaycan-Özbəkistan: əməkdaşlığın yeni üfüqləri” mövzusunda dəyirmi masa keçirilib. Azərbaycanın Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Özbəkistanın Mərkəzi Asiya Beynəlxalq İnstitutu (MABİ) tərəfindən birgə təşkil olunan tədbirdə Azərbaycan-Özbəkistan əməkdaşlığının perspektivləri müzakirə edilib. İki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyəti, ikitərəfli və çoxtərəfli əməkdaşlığın gələcək istiqamətlərinin müəyyən edilməsi, habelə onların həyata keçirilməsi üçün konkret təklif və təşəbbüslərin işlənib hazırlanması kimi məsələlər gündəmə gəlib. Tədbirin sonunda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə Mərkəzi Asiya Beynəlxalq İnstitutu arasında memorandum imzalanıb. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev deyib ki, Azərbaycan-Özbəkistan münasibətləri getdikcə dərinləşməkdədir. Onun sözlərinə görə, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana gözlənilən səfəri də bunu təsdiq edir: “Biz regionda və ətrafımızda baş verən hadisələri təhlil etmək üçün buraya toplaşmışıq. Beyin mərkəzləri olaraq ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əlaqələrin perspektivləri istiqamətində üzərimizə düşən vəzifələrdən danışacaq, bu istiqamətdə müzakirələr aparacağıq”. BMTM-nin rəhbəri ölkələrimiz arasında mövcud əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq mövcud perspektivlərdən danışıb: "Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin avqustda Azərbaycana səfəri gözlənilir". F.Şəfiyev Özbəkistana Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkür edib: “Azərbaycan işğaldan azad edilmiş ərazilərinin bərpası prosesində Özbəkistanın dəstəyini hiss edir”. O deyib ki, Mirziyoyevin səfəri zamanı Füzulidə Özbəkistan tərəfindən tikilən məktəbin açılışının olacağı gözlənilir.
  Tədbirdə iştirak etmiş millət vəkili Elman Nəsirli "Sherg.az"a açıqlamasında bildirib ki, "Azərbaycan-Özbəkistan: əməkdaşlığın yeni üfüqləri” mövzusunda keçirilən dəyirmi masa bir neçə cəhətdən çox önəmlidir. Deputatın sözlərinə görə, tədbir Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində keçirildi: 

"Azərbaycan-Özbəkistan münasibətlərinin formalaşmasında, inkişafında Ümummilli Liderin misilsiz xidmətləri olub. Tədbir eyni zamanda Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri öncəsi keçirildi. Məqsəd o idi ki, orada iki ölkənin əlaqələrinin daha da inkişafına, perspektivinə hesablanmış təkliflər gündəmə gətirilsin, müzakirələr aparılsın. Məqbul hesab olunan təkliflər isə qəbul olunsun. Əsas niyyət bundan ibarətdir. Bu gün Azərbaycan və Özbəkistan əlaqələri xarakter etibarı ilə strateji əhəmyyət kəsb edir. Dövlət başçıları və xalqlarımız dost və qardaş münasibətlər içindədir. Bu reallıqlar ikitərəfli əlaqələrin inkişafı üçün geniş imkanlar pəncərəsi açır. Keçən ilin iyul ayında Azərbaycan Prezidenti cənab İlham Əliyevin Özbəkistana dövlət səfəri baş tutdu. Bu səfəri Özbəkistan Prezidenti tarixi əhəmiyyətli səfər kimi qiymətləndirdi. Həmin səfər çərçivəsində 20-dək sənəd imzalandı. O cümlədən strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi ilə bağlı birgə bəyannamə imzalandı. Bunlar ikili münasibətlərin inkişafında yol xəritəsi kimi böyük əhəmiyyət daşıyırdı. Hətta belə bir razılaşma da əldə olundu ki, imzalanmış bütün sənədlərin, ortaq mövqelərin təsdiqini tapması barədə məlumatlar, görülən işlərin nəticələri hər ay prezidentlərə məruzə edilsin. Nəzərə alaq ki, İkinci Qarabağ müharibəsində də Özbəkistan Azərbaycanın mövqeyini birmənalı dəstəklədi. Cənab Şavkat Mirziyoyev bildirdi ki, Azərbaycan təkcə öz torpaqları üzərində suverenlik əldə etmədi, eyni zamanda tarixi ədaləti bərpa etdi. Məlumdur ki, Füzuli şəhərində Özbəkistanın maliyyə dəstəyi ilə böyük bir məktəb kompleksi tikilib. Özbəkistan dövlət başçısının səfəri zamanı həmin məktəbin açılışı olacaq". 
  Parlament üzvü tədbirdə bir neçə təkliflə çıxış etdiyini söyləyib: "Əsas təklifim o idi ki, Füzulidə Özbəkistanın konsulluğu fəaliyyətə başlasın. Həmçinin Səmərqənd şəhərində Azərbaycanın konsulluğu açılsın. Səmərqənd Əmir Teymurun şəhəridir. Əmir Teymur da ta Qarabağa kimi gəlib çıxmışdı. Digər təklifim isə o idi ki, turizm və təhsil sahəsinin inkişafı üçün ikili əməkdaşlığa xüsusi diqqət yetirmək lazımdır. Bu istiqamətdə birgə sərgilərin, yarmarkaların keçirilməsi çox faydalı olardı. Qeyd edim ki, bugünkü dünyamızda beynəlxalq hüquq işləmir. Hüququn gücü yox, gücün hüququ işləyir. Bu mənada yeganə nicat yolumuz hər zaman güclü olmaqdır. Biz isə birlikdə, bir yerdə güclüyük. O baxımdan hərbi-texniki əməkdaşlığın daha da dərinləşdirilməsi əsas hədəflərdən biri olmalıdır. Həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində münasibətlərin inkişafının da geniş perspektivləri mövcuddur".