Makronun əli üzülür: Afrikada baş verənlər başlanğıcdır

Fransanın Qafqazla bağlı siyasəti də tam iflasa uğrayacaq


  "Fransanın əksəriyyəti Azərbaycanın torpaq bütünlüyünə qarşı çıxanlardan ibarət 82 senatoru Prezident Emmanuel Makrona açıq məktub yazaraq Afrikada narazılıqların baş qaldırmasından əndişələndiklərini bildiriblər". 

Bu sözləri millət vəkili Sahib Alıyev deyib. Deputat vurğulayıb ki, onları anlamaq çətin deyil: 

"Fransanın Afrikadakı müstəmləkəçiliyinə son qoyulduğu təqdirdə bu ölkə öz iqtisadi potensialına görə təqribən İspaniya səviyyəsinə düşəcək. Fransalı senatorlar yaranmış vəziyyəti Çin, Rusiya və ABŞ-nin Afrikada mövqelərinin güclənməsi ilə əlaqələndirirlər. Burada xatırladaq ki, adı çəkilənlərlə yanaşı son illər Türkiyənin də Afrikanın müsəlman ölkələrinə təsiri diqqətəcarpacaq dərəcədə artıb. Fransa kimi yırtıcı dövlətlərin təkcə qaradərili deyil, həm də qaragünlülər qitəsinə çevirdiyi Afrikada belə bir durumun yaranmasında, fikrimcə, Azərbaycan faktoru da var. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Afrika ölkələrindən birində - Əlcəzairdə keçirilən Ərəb Liqası Dövlətlərinin sammitində və Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə Fransanın yeritdiyi müstəmləkəçilik siyasətini, törətdiyi vəhşilikləri kəskin tənqid etməsi yəqin ki, təsirsiz qalmır. Afrika ölkələrinin çoxundan gec müstəqillik əldə edən bir dövlətin Fransanı yerində oturtması, onun yeritdiyi yaramaz siyasəti tənqid etməkdən çəkinməməsi  onlar üçün bir növ örnək rolu oynayır. Afrikada baş verənlər Fransanın Qafqazla bağlı siyasətinin də tam iflasa uğrayacağını göstərir".