Mübarizəyə ərəb dünyası da qoşulub - ŞƏRH

Mərkəzi Asiya ölkələrinin həm ayrılıqda, həm də bütöv bölgə olaraq cazibəsi artıb


Böyük dövlətlərin Mərkəzi Asiya uğrunda mübarizəsinə ərəb dünyası da qoşulub. İyul ayında Səudiyyə Ərəbistanında “Mərkəzi Asiya (Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan) və Körfəz Əməkdaşlıq Şurası ölkələrinin (Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman və Bəhreyn)” sammiti keçirilib. Bu, Mərkəzi Asiya ölkələri ilə Körfəz ölkələrinin ilk sammitidir. Ekspertlərin fikrincə, Səudiyyə Ərəbistanı siyasi, iqtisadi və hərbi güc baxımından Körfəz ölkələrinin lideri sayıldığından sammitin bu ölkədə keçirilməsi anlaşılandır. Digər tərəfdən, SSRİ dağıldıqdan sonra Mərkəzi Asiya ilə ilk sıx əlaqələr quran ərəb ölkəsi Səudiyyə Ərəbistanı olub. 

Politoloq Elxan Şahinoğlu deyib ki, sammitə hazırlıq bir il əvvəl başlayıb. Analitikin sözlərinə görə, Mərkəzi Asiya və Körfəz ölkələrinin xarici işlər nazirləri 2022-ci ildə Səudiyyə Ərəbistanında ortaq toplantı keçiriblər: "Varlı Körfəz ölkələri Mərkəzi Asiya ölkələri ilə siyasi və iqtisadi əlaqələri genişləndirməyi planlaşdırırlar. Bu sıraya nəqliyyat yollarının inşasından tutmuş yaşıl energetikanın inkişafına qədər layihələr aiddir. Bölgə ölkələri terrora qarşı birgə mübarizə imkanlarını da müzakirə ediblər. Liderlərin sammitində iki bölgə arasında 2027-ci ilə qədər nəzərdə tutulan əməkdaşlıq proqramı imzalanıb. Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev ötən il Səudiyyə Ərəbistanına səfər edərək bir neçə ortaq layihəyə imza atmışdı. Qazaxıstanın və digər Mərkəzi Asiya ölkələrinin milyardlarla dollar yatırımlara ehtiyacları var. Qazaxıstan Prezidenti sammitdə Körfəz ölkələrinin Azərbaycanın da marağında olduğu Transxəzər layihəsinə dəstək vermələrini istəyib. Söhbət Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən nəqliyyat layihələrindən gedir. Qazaxıstan prezidentindən sonra Səudiyyə Ərəbistanına Özbəkistan Prezidenti Şavkat Mirziyoyev səfər edib. Özbəkistan Səudiyyə Ərəbistanı ilə dəyəri milyardlarla dollar olan enerji layihələrinin reallaşmasını planlaşdırır. Birləşmiş Ərəb Əmirlikləri və Qətərin də Mərkəzi Asiya ölkələrinə yatırımlarının həcmi ilbəil artır".

  Ekspert vurğulayıb ki, Mərkəzi Asiya ölkələri ilə Körfəz ölkələri arasında sammit Vaşinqtonun, Moskvanın və Pekinin diqqət mərkəzində olub: "Körfəz ölkələrinin Mərkəzi Asiya ölkələrinə artan yatırımları Vaşinqtonu narahat etmir. Çünki Körfəz ölkələri ABŞ-nin tərəfdaşlarıdır. Moskva və Pekin isə narahat ola bilərlər. Çünki Rusiya və Çinin Mərkəzi Asiya ölkələrində siyasi və iqtisadi maraqları var və bu maraqlar bəzən başqa dövlətlərin maraqları ilə üst-üstə düşmür. Mərkəzi Asiya ölkələrinin Çinə böyük borcları var. Tacikistan maliyyə baxımından Çindən asılı vəziyyətdədir. Buna baxmayaraq, Tacikistan varlı körfəz ölkələrinin də yatırımlarına ehtiyac duyur. Məsələn, Qətər Tacikistanda yeni açılan məscidin tikintisinə 100 milyon dollar ayırmışdı. Beləliklə, Mərkəzi Asiya ölkələrinin həm ayrılıqda, həm də bütöv bölgə olaraq cazibəsi artıb".