Rəsmi Tehran bizə qeyri-dost mövqeyində dayanır  - ŞƏRH

"Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra İranla münasibətlərində ən soyuq dövr yaşanır"


  Azərbaycan-İran münasibətlərində uzun müddətdir ki, gərginlik yaşanır. Mövcud vəziyyətin yaranmasında günahkar isə birmənalı olaraq İran tərəfidir. Rəsmi Tehranın Azərbaycana münasibəti yaxın qonşuluğa deyil, düşmənçiliyə əsaslanır. 
  Azərbaycana qarşı təhdid və hədə dilində danışmağın işə yaramayacağını görən İran rəsmiləri indi münasibətləri yumşaltmağa çalışır. Qeyd edək ki, bu günlərdə İranın Baş prokurorunun təhlükəsizlik və siyasi məsələlər üzrə müavini Mehdi Əmiri İsfahaninin rəhbərlik etdiyi, xarici işlər və digər aidiyyəti dövlət qurumlarının əməkdaşlarından ibarət nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdə olub. Nümayəndə heyəti Azərbaycanın Baş prokuroru Kamran Əliyev tərəfindən qəbul olundu. Tərəflər arasında bu il yanvarın 27-də ölkəmizin İrandakı səfirliyinə qarşı törədilmiş terror aktı ilə əlaqədar Azərbaycan və İranın aidiyyəti qurumlarında istintaq olunan cinayət işləri barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.  Baş prokuror İran tərəfindən cinayət işinin tam və hərtərəfli araşdırılmasının, bütün iştirakçıların müəyyən edilərək məsuliyyətə cəlb olunmasının, habelə hüquq-mühafizə orqanları əməkdaşlarının hadisə vaxtı göstərdiyi fəaliyyətsizliyin, bu terror aktının törədilməsinin səbəb və hallarının yoxlanılmasının, cinayəti törətmiş və cinayətlə əlaqəsi olan bütün şəxslərə qanunla nəzərdə tutulmuş layiqli cəzanın verilməsinin zəruriliyini vurğulayıb. 
  Bundan əvvəl isə İran XİN rəhbərinin azərbaycanlı həmkarı ilə bir neçə telefon danışığı, eyni zamanda ötən ay Bakıya səfəri çərçivəsində diplomatik missiyamızın fəaliyyətinin bərpa olunması istəyini ifadə edib. Lakin rəsmi Bakı terror hücumunu törədənlərin, sifarişçilərin məsuliyyətə cəlb olunmasını, sərt şəkildə cəzalandırılması tələbində qalıb.
  İki ölkə arasındakı münasibətlərin yumşalmasını şərh edən politoloq İlyas Hüseynov isə  “Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra  İranla münasibətlərində ən soyuq dövr yaşanır. Şübhəsiz ki, münasibətlərin gərginləşməsinin səbəbkarı İranın ölkəmizə qarşı qeyri-konstruktiv mövqeyidir

“Bu ölkənin rəsmilərinin Azərbaycan əleyhinə səsləndirdiyi bəyanatlar, atılan addımlar, Ermənistanla yaxınlaşma siyasəti, nəhayət, Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktı vəziyyətin indiki hala çatmasının səbəbləridir.  Xüsusən də 44 günlük müharibədən sonra Ermənistanla yaxınlaşan İran ölkəmizə qarşı düşmən mövqeyindən çıxış etməyə  başladı. İranın Ermənistana dəstəyi ilə yanaşı, ölkəmizə qarşı təxribatlarına, ideoloji hücumlarına şahidlik edirik.  Məlum terror hücumundan sonra rəsmi Bakı Tehranda Azərbaycan səfirliyinin diplomatik fəaliyyətini tamamilə dayandırdı. Sadəcə, bir neçə nəfər səfirliyin inzibati binasının, səfirlik əmlakının qorunması ilə bağlı bu ölkədə qaldı, onlar isə  hər hansı diplomatik fəaliyyət göstərmirlər.
Terrorun istintaqına  laqeyd yanaşması, Azərbaycanın hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edilməməsi, hadisənin ailə-məişət zəminində baş vermiş kimi təqdim edilməsi rəsmi Tehranın bizə qeyri-dost mövqeyində dayandığını göstərir. 
  Lakin qeyd etməliyəm ki, sonrakı dövrlərdə İran münasibətləri bərpa etmək üçün bir sıra rəsmi açıqlamalar  verərək diplomatik əlaqələrin yenidən qurulmasına cəhdlər etdi.   İki ölkə arasında hazırkı soyuq münasibətlər şəraitini nəzərə aldıqda İranın bu cəhdləri diqqətdən kənar qala bilməz. Regional əməkdaşlıq, sülh və təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır. İki ölkə arasında münasibətlərin normallaşdırılması regional sülhə töhfə verə bilər.
  Azərbaycanın prinsipal mövqeyi belədir ki, Tehrandakı terror aktına layiqli hüquqi qiymət verilməli, hadisənin səbəbkarları və onların arxasında duran şəxslərin cəzalandırılması əsas şərtdir. Amma İran tərəfindən ölkəmizə qarşı həmlələr edilir. Azərbaycan İran tərəfindən müxtəlif təhdidlərə məruz qalır. Bu kimi gərginliklərin aradan qaldırılması üçün danışıqların davam etdirilməsi aktuallıq kəsb edir. Münasibətləri normal məcraya qaytarmaq üçün güclü siyasi iradə, ardıcıllıq lazımdır və münasibətlər açıq, şəffaf xarakter daşımalıdır”. 
  İ.Hüseynov hesab edir ki,  ötən ay İranın xarici işlər nazirinin, indi isə İran baş prokurorunun birinci müavininin Azərbaycana gəlməsi  İstintaqla bağlı da müəyyən məsləhətləşmələrin aparıldığı təəssüratı yaradır: “İran üçün Azərbaycanın geostrateji mövqeyi xüsusi əhəmiyyət daşıyır. Daha dəqiq desəm, Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyəti İranın da marağındadır. Rusiya-İran arasındakı əlaqələr də məhz Azərbaycan vasitəsilə icra olunur ki, bu da İran iqtisadiyyatına əlavə gəlirlər gətirir”.