Bizim üçün "Laçın yolu" adlı problem yoxdur

Aydın Mirzəzadə: "Qərb ölkələri prosesdə vasitəçi rolu oynamağa, rəsmi Bakının mövqeyini öyrənməyə çalışırlar"


  Azərbaycan xarici işlər naziri Nazir Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim ilə telefon danışığı aparıb. Söhbət zamanı Azərbaycan-ABŞ arasında ikitərəfli əməkdaşlıq gündəliyi, Azərbaycanla Ermənistan arasında normallaşma prosesindən irəli gələn məsələlər və bölgədəki son vəziyyət müzakirə olunub. C.Bayramov Ermənistanın bölgədə qəsdən vəziyyəti gərginləşdirdiyi, müxtəlif bəhanələrlə, habelə bölgədə “blokada” və “humanitar böhran” kimi iddialar yaymaqla sülh prosesinə maneçilik törətdiyini bildirib. Bununla yanaşı, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialarının qəbuledilməz olduğunu vurğulayıb. XİN başçısı Ermənistanın Azərbaycanın öz suveren ərazilərində yaratdığı Laçın sərhəd-buraxılış məntəqəsinə qarşı təxribatları davam etdirdiyini söyləyib. Bəyan olunub ki, Azərbaycan tərəfindən yüklərin daşınması üçün Ağdam-Xankəndi və digər alternativ yolların təklif olunmasına baxmayaraq, erməni tərəfinin yüklərin daşınması üçün yollarda maneələr yaratması “blokada” və “humanitar vəziyyət” barədə iddiaların siyasi manipulyasiya olduğunu sübut edir. Məlumat üçün əlavə edək ki, Amerika Senatının bəzi senatorları Laçın yolunun "bağlı" olduğunu iddia edərək, rəsmi Bakıya müraciət ünvanlayıblar. 

  XİN rəhbəri ilə ABŞ rəsmisi arasındakı telefon danışığını "Sherg.az"a dəyərləndirən millət vəkili Aydın Mirzəzadə deyib ki, Fransadan başqa heç bir dövlət Laçın yolu ilə bağlı Azərbaycana təzyiq göstərmir. Deputatın sözlərinə görə, digər Qərb ölkələri prosesdə vasitəçi rolu oynamağa, rəsmi Bakının mövqeyini öyrənməyə çalışırlar:

"Azərbaycan öz suveren hüquqlarına söykənərək bunu təmkinlə həyata keçirir. Bizim üçün "Laçın yolu" adlı problem yoxdur. Ərazi və sərhəd bütövlüyünü təmin etmişik. Suveren dövlət kimi öz ərazimizin istənilən yerində sərhəd-buraxılış məntəqəsi qurmaq hüququmuz var. Görünən ondan ibarətdir ki, Ermənistan və ermənipərəst dairələr Azərbaycana təzyiq etməyə, ölkəmizin daxili işlərinə qarışmağa, sərhədlərimizin bütövlüyünü pozmağa çalışırlar. Əfsuslar ki, bəzən erməni yalanlarına inananlar, məqsədli surətdə onları dəstəkləyən, anti-Azərbaycan mövqe tutanlar olur. Məncə, bunlara təmkinli davranmaq lazımdır. Əsas odur ki, Azərbaycan özünün hüquqlarını qorumaq gücündədir". 
Parlament üzvü vurğulayıb ki, hansısa konqresmenin, siyasətçinin, yaxud özünü "ekspert" adlandıran şəxslərin ölkəmizə qarşı bəyanat səsləndirməsi də göstərir ki, Azərbaycan öz gücünü göstərə, sözünü deyə bilib: "Bizə təzyiq göstərə, maraqlarımıza zidd davranmağa məcbur edə bilmirlər. XİN başçısı Ceyhun Bayramov Azərbaycanın haqlı mövqeyini dünya ölkələrinin diqqətinə çatdırır, bölgədə gedən proseslərlə bağlı real məlumatlar verir. Harada görünüb ki, bir ölkənin vətəndaşları digər dövlətin sərhəd-buraxılış məntəqəsinə hücum etsinlər?! Necə ola bilər ki, bir ölkə digər dövlətdən öz ərazisində yaratdığı sərhəd-keçid məntəqəsini ləğv etməyi tələb edir? Bunlar gülüncdür. Azərbaycanın qətiyyətli mövqeyi bir daha sübut edir ki, suveren hüquqlarımızı heç kimə güzəştə getməyəcəyik. Bunu Ermənistan da nə qədər tez dərk etsə, bir o qədər xeyrinə olar".