"Taxıl sazişi" bərpa olunur?  - Rusiyanın başqa yolu yoxdur

Toğrul İsmayıl: "Taxıl dəhlizi"nin işləməməsi normal şərtlərdə Rusiyanın özünə də ciddi zərər vurur"


  Rusiya "Taxıl sazişi"nin bərpası üçün şərtlərini açıqlayıb. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib ki, bu, yalnız Moskvanın tələbləri yerinə yetirildiyi təqdirdə mümkündür. Onun sözlərinə görə, Moskvanın mövqeyi dəyişməz qalır: "Rosselxozbank"ı SWIFT-ə yenidən qoşmaq, ehtiyat hissələrinin tədarükünü bərpa etmək, nəqliyyat logistikasını və sığortanı qurmaq. Yalnız bundan sonra Qara dəniz taxıl təşəbbüsünü canlandırmaq imkanlarına yenidən baxmaq mümkündür”. 
  Qeyd edək ki, Rusiyanın “Taxıl sazişi”ndən birtərəfli çıxması Odessa ətrafında hərbi vəziyyəti gərginləşdirməklə yanaşı, qlobal humanitar böhran təhlükəsi də yaradıb. ABŞ Dövlət katibi Entoni Blinken deyib ki, taxıl dəhlizinin bağlanması fonunda Rusiyanın altı Afrika ölkəsinə vəd etdiyi pulsuz taxıl kifayət etməyəcək. Blinken bildirib ki, taxıl dəhlizinin fəaliyyəti zamanı 20 milyon ton taxıl ixrac edilib və Rusiyanın hazırkı təklifi yalnız 50 min tondur: “Rusiyanın vəd etdiyi dəryada bir damladır. Bu, problemi həll etmir, taxılın bahalaşmasının qarşısını almayacaq”.   
  Cənubi Afrika Respublikası da “Taxıl sazişi”nin bərpa olunması üçün Rusiyaya çağırış edib. Ölkənin xarici işlər naziri Naledi Pandor bildirib ki, Rusiyanı danışıqlara qayıtmağın zəruriliyinə inandırmağa çalışırlar. Məlumat üçün bildirək ki, sənədin müddəti iyulun 17-də başa çatıb və Moskva iştirakını yeniləmək niyyətində olmadığını açıqlayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Taxıl sazişi”nin uzadılması ilə bağlı Rusiya rəhbəri Vladimir Putinlə danışacağını bəyan edib. Ankara sazişin ən qısa zamanda bərpasını gözləyir.
  Türkiyənin Ankara Universitetinin professoru, siyasi şərhçi Toğrul İsmayıl "Sherg.az"a açıqlamasında bildirib ki, Rusiya bu tələbləri çoxdan gündəmə gətirir və qəbul olunmasını tələb edir. Professorun sözlərinə görə, "Taxıl sazişi" anlaşması çərçivəsində Rusiyanın mineral gübrələrinin də satılması nəzərdə tutulurdu:

"Ancaq Rusiyanın bankları, şirkətləri, nəqliyyat logistikası Qərbin sanksiyaları altında olduğu üçün öz mallarını ixrac edə bilmirdi. Ona görə də "Taxıl sazişi" Moskvanı qane etmirdi. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Rusiya rəhbəri Vladimir Putinlə müzakirəsi nəticəsində sazişin müddəti qısa müddətə uzadılmışdı. İndi Rusiya öz maraqları naminə siyasət yürütməyə çalışır. "Taxıl sazişi"ndə iştirakı bərpa etməməklə bərabər, Qara dənizdə Ukraynanın limanlarını da hədəf seçir. Limanlara girəcək gəmiləri təhdid olaraq dəyərləndirir. Ancaq məsələ ondadır ki, Rusiyanın başqa yolu yoxdur. "Taxıl dəhlizi"nin işləməməsi normal şərtlərdə Rusiyanın özünə də ciddi zərər vurur". 
  T.İsmayıl diqqətə çatdırıb ki, Türkiyə ilk gündən problemi həll etməyə çalışır:
"Prezident Ərdoğan bunu dəfələrlə Putinlə müzakirə edib. Putinin Türkiyəyə gözlənilən səfəri çərçivəsində məsələnin gündəmə gətiriləcəyi şübhəsizdir. Ankaranın təşəbbüsləri təqdirəlayiqdir. Rusiyanın öz maraqları naminə Qərb ölkələri qarşısında müəyyən şərtlər irəli sürməsinin Türkiyə ilə əlaqəsi yoxdur. Yəni bu, Türkiyədən asılı məsələ deyil. Moskva öz həmləsini edir. "Taxıl sazişi"nin bərpa olunmaması dünyada taxılın qiymətinin artmasına da səbəb olur. Həm də Ukrayna limanlarına hücum edərək onların da taxıllarını satmasına imkan vermir. Rusiyanın Afrikaya pulsuz taxıl vədi isə propoqandadan başqa bir şey deyil. Milyon tonlarla müqayisədə yüz mini aşmayan pulsuz yardımdan söhbət gedir".