Rusiyanın Kiprdə konsulluq açmasında narahatedici məqam var  - ŞƏRH


  Rusiya Şimali Kipr Türk Cümhuriyyətində (KKTC) konsulluq açacaq. Cümhuriyyətin Prezidenti Ersin Tatar Moskvanın bu barədə müraciət ediyini açıqlayıb. Rusiyanın Kipr səfirliyindən bir səlahiyyətli isə tezliklə Lefkoşa şəhərinin şimalında konsulluq xidmətləri göstərməyə başlayacaqlarını, işlərin müntəzəm həyata keçiriləcəyini vurğulayıb. Bəzi ekspertlərin fikrincə, bu qərar KKTC-nin tanınması istiqamətində atılan ilk addımdır. Moskva isə bu addımın siyasi məzmun daşımadığını, sadəcə, həmin bölgədə yaşayan ruslar üçün belə bir qərarın verildiyini deyib.
  Politoloq Turan Rzayev də "Sherg.az"a açıqlamasında vurğulayıb ki, prinsip etibarilə Moskvanın Şimali Kipr Türk Cümhuriyyətində konsulluq açması müstəqilliyin tanınması mənasına gəlmir. Analitik bildirib ki, konsulluq mahiyyət etibarilə səfirliyin kiçik formasıdır:

"Konsulluq təmsil olunan ölkə vətəndaşlarının pasportları və konsulluğun ölkəsinə səyahət etmək istəyən xarici vətəndaşların vizaları ilə əlaqəli məsələlərlə məşğul olur. Onların doğum, nikah, boşanma və ölüm qeydlərini aparır. Həm də Rusiya KKTC-də konsulluq açan ilk ölkə deyil. ABŞ, İngiltərə, Almaniya, İtaliya ve Fransanın da orada konsulluğu var. Lakin bu o demək deyil ki, həmin ölkələr KKTC-nin müstəqilliyini tanıyır". 
  Siyasi şərhçi bəyan edib ki, əslində, Moskvanın Şimali Kipr Türk Cümhuriyyətində konsulluq açmaq qərarı sevindiricidir, lakin burada narahatedici məqamlar da var: "
Rusiyanın konsulluq açmaq arqumenti diqqət çəkir. Həmin bölgədə yaşayan ruslar üçün vaciblik baxımdan belə bir qərar verilib. Bu gün KKTC-də 50 minə yaxın Rusiya vətəndaşının yaşadığı deyilir. Yəni konsulluq onlar üçün açılıb. Narahatlıq yaradan məqam Rusiyanın bənzər arqumenti əsas gətirərək Xankəndidə də konsulluq açmaq ehtimalıdır. Düzdür, indiyə qədər Kremlin belə təşəbbüsü olmayıb, amma bu, heç olmayacağı mənasına da gəlmir. Birincisi, bu gün Xankəndi və ətraf ərazilərdə yaşayan ermənilərin əksəriyyəti ya Ermənistan, ya da Rusiya pasportu daşıyır. Bunu Laçın buraxılış məntəqəsi ilə gedib-gələn ermənilərin siyahısından da görmək olar. İkincisi, 10 noyabr bəyanatının müvafiq bəndinə görə, Xankəndi və ətraf ərazilərdə 1960 sülhməramlı fəaliyyət göstərir. Biz bu sayın süni şəkildə artdığını və hazırda qeyd olunan rəqəmdən çox olduğunu bilirik. Paralel olaraq sülhməramlıların bir çoxunun ailə üzvünün Xankəndi və ətraf ərazilərdə yerləşdiyi bəllidir. Rusiya bu arqumentləri əsas gətirib Qarabağda konsulluq təklifi edə bilər. Rəsmi Bakı buna etiraz etdiyi halda isə Xankəndinin Azərbaycan ərazisi olduğu və konsulluğun da Azərbaycanda açılacağını önə sürə bilərlər. Nəticə etibarilə bunlar ehtimal olsa da, qabaqlayıcı addımların atılmasında fayda var".