Fars körfəzində gərginlik var  - RƏY

"Əgər İran adalara qarşı hərbi əməliyyatlar apararsa, müharibəyə ABŞ, Səudiyyə Ərəbistanı və İsrail də qoşula bilər"

  ABŞ Yaxın Şərqə 3000-dən çox hərbçi yerləşdirib. Bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, yeni qüvvələr avqustun 6-da “Bataan" və “Carter Hall” desant gəmiləri ilə Qırmızı dənizə gəlib. Deyilənə görə, bu, ABŞ hökumətinin əvvəllər elan etdiyi hərbi qüvvə və vasitələrin yerləşdirilməsi ilə bağlıdır. Bölgəyə təkcə Amerika Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadaları Korpusunun əlavə personalı deyil, həm də təyyarələr, helikopterlər və amfibiya maşınları yerləşdirilib. İyulun sonunda ABŞ Mərkəzi Komandanlığının açıqladığı planında iddia edilib ki, ABŞ-nin müdafiə naziri Llyod Austin müvafiq əmri İranın ticarət gəmilərini ələ keçirmək cəhdləri fonunda verib.
  Politoloq Məhəmməd Əsədullazadə bildirib ki, İranın nüvə proqramını inkişaf etdirməsi, Birləşmiş Ərəb Əmirliklərinə aid adalara iddiası, Fars körfəzində hərbi təlimlər keçirməsi ABŞ-ni hərəkətə keçirib. Analitik vurğulayıb ki, SEPAH-ın Fars körfəzində hərbi təlimlər keçirməsi İranın BƏƏ-yə aid adalara qarşı hərbi əməliyyatlar keçirməsinə gətirib çıxara bilər: "Moskvada Rusiya və Körfəz ölkələri arasında keçirilən zirvə görüşündə Rusiya İranın iddia etdiyi üç adanı BƏƏ ərazisi kimi tanınan qətnaməni dəstəkləyib. Bu da İranın hərbi təlimlər keçirməsinə və körfəzdə hərbi gərginlik yaratmasına səbəb olub. Fars körfəzində hərbi gərginlik və İranın BƏƏ-yə aid adalara iddia irəli sürməsi müharibə variantını gündəmə gətirib. Ona görə də ABŞ bölgəyə xüsusi birliklər göndərməklə İranın artan hərbi çətinliyinə qarşı tədbirlər həyata keçirir. Əgər İran adalara qarşı hərbi əməliyyatlar apararsa, müharibəyə ABŞ, Səudiyyə Ərəbistanı və İsrail də qoşula bilər. Bununla İrana qarşı yeni beynəlxalq hərbi koalisiyası formalaşar. Bu da İran rejiminin zəifləməsi və hakimiyyətdən getməsi ilə nəticələnər. ABŞ müharibəyə hazırdır, amma İran özünə qarşı potensial hücum təhlükəsi görərsə, hərbi qarşıdurmaya getməyə bilər".