Vaqnerçilər Belarusdan Polşaya tələsir

Qulamhüseyn Əlibəyli: "Lukaşenkonun xəbərdarlıqları Avropanı qorxutmaq məqsədi daşıyır"


  Polşa Belarusla sərhəddə qeyri-qanuni keçidləri dayandırmaq və sabitliyi qorumaq üçün sərhədə 2000 hərbçi göndərəcək. Bu barədə Polşa daxili işlər nazirinin müavini Maçey Vasik məlumat verib. Vasik bildirib ki, sərhəd xidməti sərhədləri gücləndirmək üçün əlavə 1000 hərbçi tələb edib, amma sonda bu sayı artırmaq qərarına gəlib: “Gücləndirmə 1000 yox, 2000 hərbçidən ibarət olacaq. Bu qərarı Təhlükəsizlik Komitəsi və müdafiə naziri Mariuş Blaşçak verib”. Vasik onu da söyləyib ki, miqrantların Polşaya qeyri-qanuni yollarla daxil olmaq cəhdləri Belarus hakimiyyəti tərəfindən təşkil edilir: “Əgər o tərəfdə qaçaqmalçılıq xidmətləri yox, real sərhədçilər olsaydı, bu keçidlər ümumiyyətlə olmazdı”.
  Qeyd edək ki, Vaqner muzdlularının iyulda Belarusa göndərilməsindən sonra vəziyyət mürəkkəbləşib. Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, Vaqnerçilər Polşaya tələsirlər və onları cilovlamaqdan yorulub. Ayın əvvəlində Belarusdan iki helikopter Polşanın hava məkanına daxil olub. Həmçinin həftənin əvvəlində Belarus Litva və Polşa ilə sərhədləri yaxınlığında hərbi təlimlərə başlayıb. Buna cavab olaraq ABŞ Belarusa qarşı növbəti dəfə sanksiya tətbiq edib. Ölkənin Maliyyə Nazirliyi daha 8 nəfəri "qara siyahı"ya salıb. Siyahıda 5 təşkilatın da adı var.
  İki ölkə arasında gərginləşən vəziyyəti "Sherg.az"a dəyərləndirən politoloq Qulamhüseyn Əlibəyli bildirib ki, Rusiya-Ukrayna müharibəsinin arealını genişləndirmək nə ABŞ və Avropa ölkələrinə, nə də Moskvanın özünə sərf edir. Siyasi şərhçinin sözlərinə görə, Qərb çalışır ki, münaqişə Rusiya-Ukrayna çərçivəsində məhdudlaşsın və kənara çıxmasın: 

"Məqsəd Rusiyanı zəiflətməkdir. Amma Rusiya ilə bərabər Ukrayna da zəifləyir. Qərb savaşın davam etməsində də maraqlıdır. Görünür, uzun müddətdir əllərində qalmış köhnə silah-sursatdan yaxa qurtarmaq istəyirlər. Ona görə də Ukraynanı hər cür hərbi texnika ilə təmin edirlər. Qərb üçün Avropanın sərhədi Polşadan başlayır. Ona görə də Varşavaya vaxtaşırı xəbərdarlıq edərək Polşanın qarşıdurmaya getməməsini, təhrik olmamasını istəyirlər. Polşanı aktiv hərbi fəaliyyətdən çəkindirməyə çalışırlar. Hətta Polşaya yönəlik hədələri də görməzdən gəlirlər".
  Q.Əlibəyli vurğulayıb ki, Belarus həmişə ruspərəst mövqedə olub: "Bilirsiz ki, Rusiya və Belarus arasında "ittifaq dövləti" haqqında saziş də mövcuddur. Minsk zəruri məqamda dərhal həmin sazişə istinad edir. Həm də Belarus və Ukrayna arasında müəyyən daxili çəkişmələr var. Ancaq Belarus aktiv müharibədə iştirak etməyəcək. Sadəcə, siyasi cəhətdən Kremli hərtərəfli müdafiə edəcək. Vaqnerçilərin də Belarusa, Polşa sərhədinə yaxın ərazilərə yerləşdirilməsi və Lukaşenkonun xəbərdarlıqları Avropanı qorxutmaq məqsədi daşıyır. Kreml də, Minsk də yaxşı bilir ki, Polşa sərhədini keçmək artıq NATO ilə müharibə deməkdir. Moskva bunu gözə almaz".