Təhlükəsizliyimizə açıq təhdid var -RƏY

Elşad Mirbəşiroğlu: "Məqsəd də odur ki, Cənubi Qafqazda gərginlik qalsın və beynəlxalq güclər üçün əlavə məşğuliyyət yaransın"


  ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN rəhbəri Ararat Mirzoyanla telefon danışığı aparıb. ATƏT sədri Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə Laçın yolundakı vəziyyəti və sülh danışıqlarını müzakirə edib. Nazir Ceyhun Bayramov Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı artan təxribatların sülh prosesinin irəliləməsinin qarşısının alınmasına hesablandığını diqqətə çatdırıb. Vurğulayıb ki, Ermənistanın bölgədə sabitliyin bərqərar edilməsinə və Laçın sərhəd-keçid məntəqəsinə qarşı törətdiyi təxribatlar bu ölkənin sülh prosesində maraqlı olmadığını göstərir. XİN rəhbəri Ermənistanın “bölgədə gərgin humanitar vəziyyət”, “blokada” kimi iddialar irəli sürməsinin heç bir əsasının olmadığını bəyan edib. Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan isə gözlənildiyi kimi ATƏT sədri ilə danışığında növbəti dəfə rəsmi Bakını itiham edib və Laçın yolunun "bağlı" olmasından danışıb. Əfsuslar olsun ki, bəzi beynəlxalq təşkilatlar və xarici dövlətlər hələ də erməni uydurmalarına inanır, yalan informasiyaların təsiri altına düşürlər.
  Millət vəkili, siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu "Sherg.az"a açıqlamasında bildirib ki, Ermənistan tərəfi və onların havadarları bölgədə, Qarabağ ətrafında baş verənləri məqsədyönlü şəkildə təhrif edirlər. Deputatın sözlərinə görə, keçmiş münaqişə vəziyyətində də, Azərbaycan torpaqları işğal altında olarkən ATƏT və digər qurumlar tərəfləri kompramisə çağırır, problemi dialoq yolu ilə həll etməyə səsləyirdilər

"Təbii ki, Azərbaycan tərəfi öz addımları ilə hər zaman dialoqa, danışıqlara və müzakirələrə hazır olduğunu göstərirdi. Torpaqlarımızın azad edilməsini tələb edir, bu istiqamətdə çalışırdıq. Ərazisi işğal altında olan bir ölkə necə güzəştə gedə bilər?! Yəni həmin dövrdə ATƏT və başqa beynəlxalq qurumların məsələyə qeyri-obyektiv, ədalətsiz yanaşmasının şahidi olurduq. İndi də mövcud reallığı qəbul etməyənlər var. Dünyanın bütün ölkələri kimi Azərbaycan da öz ərazilərində nəzarəti həyata keçirir. Torpaqlarımıza kimlərin gəlib-getməsinə, nələrin gətirilib-aparılmasına ciddi nəzarət edirik. Həmin məqsədlə aprelin 23-də Laçın yolunda nəzarət-buraxılış məntəqəsi qurduq. Bu, bizim hüququmuzdur və ətrafında hansısa müzakirələrin açılması yolverilməzdir. Təəssüf ki, beynəlxalq instansiyalar, hətta Avropa İttifaqının ali nümayəndəsi Cozef Borrell, ABŞ-nin dövlət katibi E.Blinken Laçın yolunun açılmasını tələb kimi qarşımızda qoyurlar. Əlbəttə, bu, yolverilməzdir. Öz torpaqlarımızda separatçı ünsürlərə silah-sursat daşınmasını, nəzarətimizdən kənar proseslərin baş verməsini seyr edə bilmərik. Çünki təhlükəsizliyimizə açıq təhdid idi, ona görə də postumuzu qurduq. Həmin yoldan Qarabağda yaşayan mülki ermənilərin sərbəst istifadəsinə imkan verilir. Ancaq Ermənistan tərəfi özbaşına 21 TIR-ı Azərbaycan ərazisinə keçirmək istəyir. Bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyir, digər yandan rəsmi icazə olmadan ərazimizə soxulmağa çalışır".
  Parlament üzvü əlavə edib ki, öz ərazilərimizdə suverenliyimizin tam təmin olunması üçün bütün zəruri addımlar atılacaq: "Sadəcə, reallıq məqsədli şəkildə təhrif olunur. Məqsəd də odur ki, Cənubi Qafqazda gərginlik qalsın və beynəlxalq güclər üçün əlavə məşğuliyyət yaransın. Bununla regiona müdaxilə imkanları qazanacaqlar. ATƏT indiki mərhələdə hansısa proseslərin içində yer almır. 30 il ərzində öz davranışları ilə nümayiş etdirdi ki, məqsədi münaqişəni aradan qaldırmaq yox, əksinə, olduğu kimi saxlamaq idi. Biz buna imkan vermədik. Həm Ermənistanın yeni təcavüzünün qarşısını aldıq, həm də torpaqlarımızı işğaldan azad etdik. Bundan sonrakı mərhələdə prosesləri öz gücümüzə söykənərək idarə etməkdəyik. İstəyimiz odur ki, ərazi bütövlüyümüz Ermənistan tərəfindən sənəd üzərində tanınsın. Ərazi iddiaları tamamilə aradan qalxsın və beynəlxalq instansiyalar da bu reallıqlara hörmətlə yanaşsınlar. Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan mövqedən və addımdan çəkinsinlər. Şübhəsiz ki, istəklərimizə nail olacağıq".