İran nümayəndələrinin "xoşməramlı" sözlərinə inanmaq sadəlövhlük olar - Asim Mollazadə 

"İran hazırda ciddi problemlərlə üz-üzədir və əsas məsələlərdən biri ölkə daxilində sosial-iqtisadi böhranlar, kütləvi etirazlardır".  

Bunu "Sherg.az"a açıqlamasında millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib.

Deputatın sözlərinə görə, bununla yanaşı, İranın xarici dövlətlərə münasibətdə həyata keçirdiyi aqressiv siyasət də Tehran rejimi üçün ciddi problemlər yaradır: 

"Söhbət ondan gedir ki, İran rejiminin apardığı oyunlara qısa müddətdə son qoyula bilər. O ki qaldı Azərbaycanla münasibətlərə, ölkəmizə səfər edən rəsmilərin xoş sözləri, boş vədləri səmimi və inandırıcı görünmür. Çünki İran paralel olaraq Ermənistana hərtərəfli dəstəyini davam etdirir. Hərbi sahədə dəstək göstərir. Ona görə də düşünürəm ki, İran nümayəndələrinin "xoşməramlı" sözlərinə inanmaq sadəlövhlük olar. İran öz siyasətini dəyişməyib".  

Qeyd edək ki, son günlər İrandan Azərbaycanla münasibətlərin normallaşması istiqamətində təşəbbüslər, daha doğrusu açıqlamalar gəlməkdədir. İran nümayəndələrinin Bakıya səfərlərində və keçirilən görüşlərdə də vurğulanır ki, Tehran Azərbaycan əlaqələrin normallaşmasında maraqlıdır və bunun üçün addımlar atmağa hazırdır.