Paşinyan erməni xalqını sülhə hazırlaya bilmədi - Şərh 

Ermənistanda özlərinə “Səlibçilər” adını qoyan terrorçu-təxribatçı dəstənin üzvləri Laçın dəhlizi yaxınlığına gətirilən yük maşınlarının yerləşdiyi Kornidzor şəhərinə gəliblər. Dəstənin “komandiri” Sarkis Poqosyan saylarının 150-yə yaxın olduğunu söyləyib: 
“Sülhməramlılarla danışıqlara başlayırıq. Nəticə olmasa, biz yolu güclə açmalı olacağıq, lakin bu, ən ekstremal variantdır”. Xatırladaq ki, avqustun 8-də “Səlibçilər” dəstəsinin üzvləri Ermənistan hökumətinin binası yaxınlığında etiraz aksiyası təşkil ediblər. Onlar Kornidzorda dayanmış yük maşınlarının Qarabağa çatdırılması üçün hökumətə vaxt verdiklərini, əks halda güc tətbiq edəcəklərini söyləyiblər. Hökumətdən heç bir cavab almayan erməni təxribatçıları yola düşüblər.

Azərbaycan Həmrəylik Komitəsinin sədri, siyasi şərhçi Əlisahib Hüseynov "Sherg.az"a açıqlamasında bildirib ki, bir xalqın sülhpərvər olmaması müharibədə məğlub olmuş dövlətin təslim aktını və ya sülh müqaviləsini imzalamasını həqiqətən də çox çətinləşdirir. 

Analitik qeyd edib ki, bu mənada, erməni xalqının və erməni diasporasının mühüm bir hissəsinin revanşizmə meyllənməsi Paşinyan hökumətinin sülh səylərini istər-istəməz əngəlləyir: 

"44 günlük İkinci Qarabağ müharibəsindəki məğlubiyyətin əvəzini çıxmaq üçün hər gün qisasçılığa çağırış edən “Daşnaksütyun”, “Sasna Tsrer” kimi radikal siyasi qüvvələrin sıralarına indi də özünü “Səlibçilər” adlandıran ultra-təxribatçı, yarımhərbi bir qrup qoşulub. Bu qrupa daxil olan revanşist ermənilər son günlər İrəvanın mərkəzində “Laçın yolunu güc yolu ilə açmaq üçün silah verin” tələbi ilə aksiya keçiriblər. Bununla kifayətlənməyən radikal “Səlibçilər”in üzvləri Laçın rayonu istiqamətində sərhəddə gələrək təxribat törətmək barədə açıqlamalarla çıxış ediblər. Bütün bunlar Ermənistan ictimaiyyətinin sülhə hazır olmadığını göstərir. Çox təəssüf ki, Paşinyan iqtidarı 44 günlük müharibənin başa çatmasından sonra üç ilə yaxın müddət ərzində erməni xalqını sülhə hazırlamağı bacarmadı. Və bu gün Ermənistanda “Səlibçilər” adı altında radikal dini-siyasi hərəkatın meydana çıxması onu göstərir ki, bu ölkədə ictimai-siyasi proseslər artıq get-gedə hakimiyyətin nəzarətindən çıxmaqdadır".

Ekspertin fikrincə, hazırda Ermənistan yenidən Cənubi Qafqazda irqçilik, faşizm, islamofobiya, türkofobiya yuvasına çevrilir: 

"Bu isə region xalqlarına fəlakətdən başqa heçnə vəd etmir. Dünya birliyi Ermənistanda baş qaldıran bu antibəşəri təşəbbüslərə, çağırışlara laqeyd qalmamalıdır. Erməni cəmiyyətini millətçilik və ksenofobiya xəstəliyindən sağaltmaq təkcə Azərbaycanın yox, bütün mütərəqqi qüvvələrin ümumi vəzifəsidir.