Naxçıvanın 300 illik blokadasına göz yumulur

Aydın Quliyev: "Dövlətimiz indi nədən və haradan yapışmaq lazım olduğunu çox gözəl bilir"

Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən qeyri-hökumət təşkilatları (QHT) beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb. Müraciətdə Naxçıvan Muxtar Respublikasının 30 ildən çoxdur ki, blokada şəraitində yaşadığı qeyd olunub, dünya birliyinin Ermənistanı Zəngəzur dəhlizi layihəsini icra etməyə məcbur etməsinə dair çağırışlar yer alıb: “Beynəlxalq birlik Naxçıvandakı dinc sakinlərin problemlərinin, eyni zamanda blokadanın aradan qaldırılması üçün heç bir addım atmayıb və Ermənistana bu məsələdə heç bir təzyiq etməyib. Niyə bu illər ərzində bizim haqq səsimiz eşidilməyib? Ermənistan hələ də Naxçıvan əhalisini, yaşayış məntəqələrini müntəzəm atəşə tutur. 

Ermənistan Sədərəklə bitişik məntəqədə - Arazdəyəndə Espo Konvensiyasının tələblərinə zidd olaraq metallurgiya zavodu inşa edir. Bu, blokadaya məhkum edilmiş Naxçıvan əhalisinə qarşı ekoloji terror siyasətidir. Sözügedən transsərhəd ərazidə Azərbaycan hökumətinin razılığı olmadan, ağır sənaye zavodunun tikilməsi ətraf mühitin, havanın zəhərli tullantılarla çirklənməsinə, ekosistemin pozulmasına səbəb olacaq. Ermənistan 2020-ci ildə 44 günlük müharibədən sonra imzalanmış 10 noyabr üçtərəfli bəyanatın müddəalarına əməl etmir, Zəngəzur dəhlizinin açılması istiqamətində heç bir tədbir görmür. Biz bu barədə dünya ictimaiyyətinin Ermənistana ardıcıl çağırışlarını, sanksiyalarını gözlədiyimiz bir vaxtda, tam əksi baş verir. Laçın yolunun guya bağlı olması barədə yalan məlumatlar, böhtanlar əsasında bir-birinin ardınca bəyanat verənlər, Azərbaycan dövlətini əsassız olaraq qınayanlar niyə bir dəfə də olsun Naxçıvanın on illərdir blokadada qalması barədə məsələ qaldırmayıblar? Laçın yolu istiqamətinə gələrək binoklla Azərbaycan tərəfə baxan xarici ölkə səfirləri niyə bir dəfə Naxçıvanın blokadasının aradan qaldırılması barədə söz deməyiblər? Bu qərəzli, riyakar yanaşma bizi hiddətləndirir. Əgər beynəlxalq aləm bölgədə həqiqi blokada görmək istəyirsə, Naxçıvan Muxtar Respublikasına baxa bilər”.

“Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev isə “Sherg.az”a açıqlamasında deyib ki, 30 ildir blokada şəraitində yaşayan naxçıvanlıların bu illər ərzində həddindən artıq çətin həyat yaşadıqlarını deyib: “Avropa təşkilatları 30 ildən artıqdır ki, blokadada qalan Naxçıvana, bir dəfə də olsun, yardım məsələsini gündəmə gətirməyiblər. Bunun səbəbkarı isə aylardır, hətta illərdir saxta erməni soyqırımı, əsassız qırğın ittihamları ilə dünyanın gözünü boyamağa çalışan ermənilərdir. Xankəndiyə gedən yolun bağlandığını iddia edib beynəlxalq təşkilatlardan dəstək istəyən Ermənistan  hər dəfə bir yolla dünyanın diqqətini çəkə bilir. Halbuki Ermənistanın humanitar yardım adı altında Azərbaycana qarşı apardığı qarayaxma, spekulyasiya əslində sülh prosesinə vurulan çox ciddi zərbədir. Biz isə illərdir  Naxçıvanda yaşayan insanların ağır həyat şəraitini dünya ictimaiyyətinə göstərə bilmirik. Çünki ikili standart yeridən bu qurumların Azərbaycana gələndə gözü kor, qulağı kar olur. Amma artıq zorla da olsa, haqq səsimizi onlara eşitdirməliyik. Naxçınaın blokadada qalması illərdir aktual olan çox dərin bir problemdir. 30 il ərzində Ermənistan müxtəlif bəhanələr, saxta soyqırımlar, kütləvi qırğınlar bəhanəsiylə dünya ictimaiyyətinin diqqətini çəkib Naxçıvan məsələsini görünməz etməyə çalışıb. İkili standart yeridən dünya birliyi də ötən bu müddət ərzində Naxçıvanı görməzdən gəldi. Nə vaxt Azərbaycan bu məsələni qabardıb, dünya birliyinə müraciət etsə, ermənilər və onların arxasında dayanan güclər əksinə, bizi erməniləri blokadaya salmaqla ittiham etdilər. Hətta elə bir dövr oldu ki, biz az qala, beynəlxalq təşkilatlara and-aman edirdik ki, Ermənistanı blokadaya almamışıq. Sanki onlardan ehtiyat edirdik ki, Ermənistanı blokadaya aldığımızı etiraf etsək, dünya bizdən üz döndərəcək. 
Bütün bunlar göstərir ki, Naxçıvan məsələsinin görünməz olmasında özümüzün də günahı az deyil”. 

A.Quliyev deyib ki, biz qətiyyətli mövqe tuta bilmədiyimiz üçün Ermənistan uzun illər bizi onları blokadada saxlamaqla ittiham etdi və nə yazıq ki, onların bu taktikası uzun müddət əleyhimizə işlədi: "Naxçıvan kimi bir bölgənin blokadada qalması kimi ağır bir problemin bugünə qədər də davam etməsi məhz bu siyasətin nəticəsidir. Amma bu gün Azərbaycanın diplomatiyası çox dəqiq və uzaq hədəfləri vurur. Artıq Naxçıvanın blokadadan çıxarılması məsələsi 10 noyabr sazişində də öz əksini tapır. Hər nə qədər Ermənistan bu sənədin şərtlərinə əməl etməsə də, bu sənəd beynəlxalq olduğu üçün  ora imza atan tərəfləri ciddi bir öhdəlik altında qoyur.  
Mövcud problemin ağırlığını dünyanın yadına salmaq baxımından QHT-nin bəyanatı da təqdirəlayiq haldır. Naxçıvanın 30 il ərzində yaşadığı çətinliklər,  humanitar böhranı qabartmaqla Ermənstanın Dağlıq Qarabağ ətrafındakı saxta blokada oyunlarına ciddi zərbə vururlar. Ümid edirəm ki, heç olmasa, bundan sonra dünyanın gözü açılacaq və  Naxçıvan məsələsinə diqqət yetirəcək. Həm də artıq Azərbaycan əvvəlki Azərbaycan deyil. Dövlətimiz indi nədən və haradan yapışmaq lazım olduğunu çox gözəl bilir”. 

Yaxın zamanlarda Zəngəzur dəhlizinin açılmasına, Naxçıvanın blokada vəziyyətindən çıxmasına gəldikdə isə A.Quliyev deyib ki, bu dəhlizin açılması tək Azərbaycandan asılı olsaydı, bu qədər vaxt itirməzdik. Zəngəzur dəhlizinin açılmasında birbaşa marağı olan ölkələr Azərbaycan və Türkiyədir: “Ermənistanla yanaşı Rusiya və İran da bu dəhlizin açılmasını istəmir. Guya, dəhlizin açılması İranın dövlət maraqlarına və təhlükəsizliyinə ziddir. 15 ölkə ilə həmsərhəd olan İranın 14 ölkə ilə dövlət sərhədi qalacaq kimi mənasız arqumentlər irəli sürürlər. Bu qədər mürəkkəb bir situasiyada Zəngəzur dəhlizinin yaxın zamanlarda, həm də Ermənistana ciddi zərbələr vurulmadan açılacağını güman etmirəm”.