Qarabağın erməni icması ilə görüş müsbət nəticələnə bilər - RƏY

Reinteqrasiya prosesi Azərbaycanın daxili məsələsidir

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni etnik azlığının nümayəndələri ilə görüşün təşkili üzərində hələ də işlər aparılır. Üstəlik, bu görüşün təşəbbüsü hansısa üçüncü tərəfdən yox, Azərbaycanın özündən gəlir. Bundan əvvəl də Qarabağdakı erməni azlığın nümayəndələri bir neçə dəfə görüşə çağırılıb, amma onlar bunu qəbul etməyiblər. Son olaraq Ermənistanın BMT TŞ-də yaşadığı uğursuzluq məsələni yenidən gündəmə gətirib.

Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən politoloq Aytən Qurbanova bildirib ki, tərəflər arasında gərginliklərin artdığı bir dövrdə belə bir görüşün olması hadisələrin gedişatına mütləq təsir edə bilər: "Heç şübhəsiz ki, bu görüş hər hansı bir üçüncü tərəfin iştirakı və ya vasitəçiliyi olmadan təşkil oluna bilər. Prezident İlham Əliyev bu mövzu ilə bağlı dəfələrlə kifayət qədər qətiyyətli və açıq mesaj verib. Qarabağda yaşayan erməni icmasının reinteqrasiyası prosesi Azərbaycanın daxili məsələsidir və heç bir halda üçüncü tərəfin müdaxiləsi müzakirə mövzusu belə ola bilməz.
Xatırlayırsızsa, ilk belə görüş Xocalıda olmuşdu. Daha sonra isə Azərbaycan tərəfindən xoş niyyət addımı olaraq erməni icmasının nümayəndələri iki dəfə Bakıya dəvət olunsalar da, qarşı tərəf bunu qəbul etməmişdi. Neytral bir ölkədə görüşün keçirilməsi və son olaraq Yevlaxda keçirilməsi planlaşdırılan görüş təklifi də reallaşmadı". Politoloq vurğulayıb ki, son zamanlarda baş verənlər, xüsusilə də müharibə canisi Vaqif Xaçaturyanın Laçın sərhəd-keçid məntəqəsində həbs olunması, Ermənistanın “humanitar böhran” ssenarisinin və BMT TŞ-də təşkil olunmuş şounun uğursuzluğu erməni icmasına və onları dəstəkləyən siyasi dairələrə reinteqrasiya prosesinin sürətləndirilməsinin qaçılmazlığını bir daha xatırlatmış oldu: "Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, ola biləcək görüşün nəticəsindən müsbət gözləntilər ola bilər. Amma ermənilərin heç vaxt etibarlı tərəfdaş olmadığını və sadəcə, vaxt qazanmaq üçün belə görüşlərin keçirilməsi ilə bağlı danışıqların uzadılması yolu ilə manevr imkanı qazanmaq cəhdlərinin ola biləcəyi ehtimalları da heç vaxt istisna edilmir".