İranın Quru Qoşunları komandanı Rusiyaya səfər etdi

İranın Quru Qoşunlarının komandanı, briqada generalı Kiyumərs Heydərinin başçılıq etdiyi hərbi nümayəndə heyəti Moskvaya səfər edib.

Trend xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ikitərəfli danışıqların rəsmi hissəsi Quru Qoşunlarının qərargahında baş tutub. Burada hər iki ölkənin silahlı qüvvələrinin döyüş hazırlığının artırılmasını hədəfləyən layihələrin icrasına yönəlmiş hərbi əməkdaşlıq və qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub.

"İran Rusiyanın strateji tərəfdaşıdır, daimi intensiv siyasi dialoq isə tərəfdaşlığımızın hazırki mərhələsinin səciyyəvi xüsusiyyətidir", - Rusiyanın Quru Qoşunlarının baş komandanı Oleq Salyukov deyib.

İran nümayəndə heyətinin səfər çərçivəsində quru qoşunlarının hərbi təlim məktəblərinə və hərbi sənaye kompleksinin müəssisələrinə baş çəkəcəyi gözlənilir.