Özbəkistan regionda "açar dövləti" rolunu oynayır - RƏY

Şavkat Mirziyoyevin Azərbaycana səfəri bütün istiqamətlərdə əlaqələri daha da irəliyə daşıyacaq


  Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 22-23 avqust tarixlərində Azərbaycana səfər edəcək. Bu barədə Özbəkistan Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin dəvəti ilə Özbəkistan liderinin ölkəmizə dövlət səfəri proqramı iki ölkə başçılarının iştirakı ilə yüksək səviyyəli danışıqların və digər tədbirlərin keçirilməsini nəzərdə tutur. Həmçinin, danışıqların yekununda bir sıra ikitərəfli sazişlərin imzalanması planlaşdırılır.
  Özbəkistan dövlət başçısının Azərbaycana gözlənilən səfərini "Sherg.az"a dəyərləndirən politoloq İlqar Vəlizadə bunun çox önəmli dövlət səfərlərindən biri olacağını deyib. Analitikin sözlərinə görə, gözlənilən səfər ötən ilin iyun ayında Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfərinin qarşılığı olacaq:

 "Azərbaycan-Özbəkistan münasibətləri Mərkəzi Asiya və Türk Dövlətləri Təşkilatı üzvləri ilə əlaqələr baxımından xüsusi əhəmiyyət daşıyır. Özbəkistan bütün Mərkəzi Asiya ölkələri ilə həmsərhəd olmaqla regionda "açar dövləti" rolunu oynayır. Digər tərəfdən bölgənin güclü iqtisadiyyatına sahib olan, ən çox əhalinin yaşadığı ölkədir. Özbəkistan əhalinin sayına görə, Mərkəzi Asiyada lider, TDT-da isə Türkiyədən sonra ikinci yerdədir. Region əhalisinin yarısı Özbəkistanda yaşayır. Azərbaycanın Özbəkistanla sıx humanitar əlaqələri mövcuddur. İki ölkə arasında mədəni birlik güclüdür, hər iki türk dövlətinin mədəniyyəti, dili bir-birinə çox yaxındır. Tərəflər də məhz çox önəmli sayılan bu faktor üzərindən münasibətləri inkişaf etdirməkdədir".
  İ.Vəlizadə vurğulayıb ki, son illər ərzində Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələri, əməkdaşlığı daha da genişlənib: "Bu, müxtəlif səbəblərlə əsaslandırılır. Mərkəzi Asiya ölkələri din, dil və mədəni baxımdan Azərbaycanla qardaş dövlətlərdir. Qonşu regionla Xəzər dənizi vasitəsi ilə həmsərhədik. Ən əsası da odur ki, həm Azərbaycandan, həm də Mərkəzi Asiya üzərindən mühüm nəqliyyat kommunikasiyaları keçir. Çindən Avropaya gedən önəmli marşrut bir çox ölkəni və regonu birləşdirir. Həm Azərbaycan, həm də Özbəkistan əhəmiyyətli qovşaq rolunu oynayır. İki ölkə arasında ticarət dövriyyəsi ötən dövrlərə nisbətən təxminən 70-80 faiz artıb. Bu da ondan xəbər verir ki, hər iki ölkənin iqtisadi potensialı imkan verir ki, ticarət mübadiləsi sürətlə artsın. Hazırda ticarət dövriyyəsi 180 milyon dolları aşıb. Tərəflər ikitərəfli ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaq niyyətindədirlər. İkili münasibətlərdə investisiya layihələri də önəmli yerə sahibdir. Təbii ki, Özbəkistan prezidentinin Azərbaycana səfəri bütün istiqamətlərdə əlaqələri daha da irəliyə daşıyacaq".