"Taxıl sazişi" yenilənsə, sülh də gələcək

Türkiyə bütün səylərini ortaya qoyub

Türkiyə xarici işlər naziri Hakan Fidan Ukraynaya səfər edəcək. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilib ki, səfər avqustun 25-də baş tutacaq.

Hakan Fidan ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşəcək.

Səfər çərçivəsində Türkiyə XİN rəhbərinin Qara Dəniz "Taxıl sazişi" ilə bağlı müzakirələr aparacağı gözlənilir.
  
Mövzu ilə bağlı "Sherg.az" açıqlama verən politoloq Natiq Miri bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən "Taxıl sazişi" müqaviləsi ilə bağlı Rusiya ilə danışıqlar aparmaq niyyətindədir və bu istiqamətdə işlər görülür:

 "Doğrudur, hələlik bu görüşün Türkiyə və yaxud Rusiyada olacağı ilə bağlı konkret razılaşma olmasa da, Türkiyə Prezidentinin yaxın zaman çərçivəsində Rusiyaya səfər edəcəyi ilə bağlı xəbərlər yayılmaqdadır. Hakan Fidanın da həm Rusiya, həm də Ukraynaya səfərləri bu kontekstdə dəyərləndirilir. Bu həm də Rusiya və Ukrayna arasında gedən müharibənin sülh danışıqları ilə yekunlaşması istiqamətində atılan addımlardır. Türkiyə dövləti Rusiya və Ukrayna müharibəsinin sülhlə yekunlaşması istiqamətində əlindən gələni əsirgəmir. Türkiyə dövləti sülh danışıqlarının Türkiyə ərazisində olması və eyni zamanda Türkiyənin də bu danışıqlarda yer almasına təşəbbüskarlıq göstərir.
 
 Politoloq vurğulayıb ki, R.T.Ərdoğanın Moskva səfərində "Taxıl sazişi" müqaviləsinin razılaçdırılması da mümkündür: "Ərdoğan "Taxıl sazişi" ilə bağlı razılıq əldə olunarsa, o zaman Rusiya və Ukrayna dövlətləri arasında sülh danışıqlarını mümkün olacağını düşünür. Yəni "Taxıl sazişi" sülh masasına oturmaq yolunda tərəfləri və prosesləri yumşaltmaq xarakteri daşıyır. Türkiyə dövlətinin fikri və düşüncəsi də məhz bu istiqamətdədir".