Rusiya və İranın şərikli işi...

Rusiya və İranın şərikli işi...

Onlar üçün sevimli separatizm kartı Azərbaycana qarşı tutarlı olmayacaq

“Azərbaycanın notası doğru və yerində atılmış addımdır. Rusiyanın ölkəmizə qarşı separatçılığı təşviq edən tədbirə dəstək verməsi ilk belə hal deyil”


  Azərbaycanın Rusiyadakı Səfirliyi cari ilin 7 avqust tarixində Yekaterinburq şəhərində qondarma “talış-muğan muxtar respublikasının yaranmasının 30 illiyi”nə həsr edilmiş tədbirlə bağlı açıqlama verib.
Səfirliyin Mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə qarşı təşkil olunan bu tədbirlə əlaqədar Səfirlik tərəfindən Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası ünvanlanıb və Səfir Polad Bülbüloğlu Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevə Azərbaycanın prinsipial mövqeyini və qəti etirazını əks etdirən məktub göndərib. Həmçinin Yekaterinburq şəhərində fəaliyyət göstərən “Azərbaycan-Ural” ictimai milli-mədəni təşkilatının sədri Şahin Şıxlinski şəhərin müvafiq inzibati orqanlarına müraciətlər ünvanlayıb: “Rusiya tərəfinə bu kimi təxribat xarakterli tədbirin təşkilinin və burada Yekaterinburq şəhər dumasının sədri İqor Volodinin qonaq qismində iştirakının qəbuledilməz olduğu çatdırılıb, ölkənin hakim partiyasının təmsilçisinin bu addımının separatçılığı təşviq etdiyi, Azərbaycan-Rusiya qarşılıqlı müttəfiqlik əlaqələrinin mahiyyətinə kökündən cavab vermədiyi, habelə ikitərəfli əməkdaşlığa zərbə vurduğu diqqətə çatdırılıb.
  Qarşı tərəfdən İqor Volodin və tədbirin təşkilatçıları ilə əlaqədar təxirəsalınmaz tədbirlərin görülməsi, gələcəkdə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı atıla biləcək bu cür provokasiya addımlarının qarşısının qətiyyətlə alınması təkidlə xahiş olunub. Qeyd edirik ki, hazırda Səfirlik Rusiya tərəfinin rəsmi cavabını gözləməkdədir".
  Millət vəkili Ceyhun Məmmədov isə  “Sherg.az"a açıqlamasında bildirib ki, Rusiyanın Azərbaycana qarşı bu cür, separatçılığı təşviq edən tədbirə dəstək verməsi  ilk belə hal deyil: 

“Rusiyada təxribat xarakterli  belə bir tədbirin keçirilməsi və şəhər dumasının sədrinin orada iştirakı Azərbaycan-Rusiya qarşılıqlı müttəfiqlik əlaqələrinin mahiyyətinə ziddir, habelə ikitərəfli əməkdaşlığa zərbə vurur. Azərbaycanın notası doğru və yerində atılmış addımdır. Rusiya Azərbaycana qarşı provokasiyalarını dayandırmalıdır. Çox təəssüflə qeyd etməliyəm ki, dəfələrlə edilən xəbərdarlıqlara, Azərbaycanın müraciətlərinə, sərt reaksiyalarına baxmayaraq, Rusiya tərəfi separatçıların bu cür tədbirinə şərait yaradır. Hətta separatizmə meyilli şəxslərin bir çoxu  Rusiyada oturaraq Azərbaycan əleyhinə davamlı  təbliğat aparır, sosial şəbəkələr vasitəsilə öz məkrli siyasətlərini təbliğ edirlər. Görünən odur ki, burada məqsəd Azərbaycana təzyiqdir. 
  Biz dəfələrlə Rusiyanın bu cür təxribat xarakterli tədbirlərinə  şərait yaratmasına şahid olmuşuq. Rusiya-Azərbaycan arasındakı ikili münasibətlərə xələl gətirən bu kimi tədbirlərin təşkili  yolverilməzdir. Rusiya Azərbaycanla müttəfiqlik sazişi imzalayıb. İki dövlət arasında fevralda imzalanan bu sənədə görə hər iki ölkə bir-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşmalıdır”.  
  Siyasi şərhçi Aqşin Kərimov da “Sherg.az"a açıqlamasında  deyib ki, Rusiya öz ərazi hüdudları çərçivəsində Azərbaycanın suverenliyinə qarşı fəaliyyət göstərən, separatizmi dəstəkləyən qüvvələri Bakının mühakiməsinə verməlidir.

  Bu, Azərbaycan ilə Rusiya arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin 11-ci və 18-ci maddələri üzrə nəzəri situasiyanı əhatə edən halların şərtidir: “Lakin Rusiya dondurulmuş münaqişələrə və ya bu konfliktlərin doğurduğu nəticələrin izlərinin dərinləşməsinə meyillidir.
  Kremldə enerjisini Rusiyanın ənənəvi siyasətinin davam etməsi üçün sərf edənlər “münaqişə və separatizm” mövzusuna ayrıca yer ayıraraq regionda de-fakto dövlətlərin yaranmasına səbəb ola biləcək separatçı hərəkatları dəstəkləmək mexanizmləri qururlar. Qarabağdakı münaqişənin həlli ilə Azərbaycan Rusiyanın vurduğu regional düyünlərdən birini açdı, hərçənd, bu məsələdə Bakı-Ankara-Moskva üçtərəfli razılaşmalarının da xeyli əhəmiyyəti oldu.
  Ancaq bu o demək deyil ki, Rusiya “xəzinəsindəki” separatizm, dini və etnik zəmində toqquşma yaratmaq potensiallarını tükədib, əksinə, Kreml Ukraynadakı müharibə səbəbilə üzləşdiyi geosiyasi riskləri məhz təhdid yaratmaqla kompensasiya etməyə çalışır. Bu məsələdə Rusiyaya yaxından kömək etmək üçün İran Moskvanın başına dolanır, ancaq regional maraqlardakı fərqlilik Kremllə Tehranı bütün aspektlər üzrə eyni müstəviyə yerləşdirmir.
  Ortaq nöqtələr isə təbii ki, var. Məsələn, Rusiya ilə İran regionda müştərək layihə kimi qeyri-dövlət aktorlarını fəallaşdırmaq tendensiyalarını qabarda bilərlər.
  Tehran Rusiyanın etnik kartına əlavə bir fiqur çəkməkdən ötrü sinov gedir, İran həmin vitrini dini zəmindəki radikallaşma ilə “zənginləşdirmək” arzusunu həyata keçirməkdə davam edir. İran Cənubi Qafqaz üzrə missiyasında Azərbaycanı və Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı bölgələri regional müqavimət hərəkatı formalaşdıra biləcək ərazilər kimi nəzərdən keçirir”.
  A.Kərimovun sözlərinə görə, regiondakı separatizm, millətçilik təhdidləri Rusiya-İran planlarının hibridi kimi ortaya çıxır, hərçənd, qeyd etdiyimiz kimi, bütün aspektlər üzrə vahid yanaşma yoxdur: “Moskva-Tehran müstəvisindəki fərqli məntiqlərə baxmayaraq, avqustun 7-də Yekaterinburq şəhərində qondarma “talış-muğan muxtar respublikasının yaranmasının 30 illiyi”nə həsr edilmiş tədbir Rusiya və İranın şərikli işi kimi qeyd edilə bilər.
  Azərbaycanın Moskvadakı səfirliyinin Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası ünvanlayaraq izahat istəməsi ciddi mətləblərdən xəbər verən tezis kimi dərk olunmalıdır. Bu, bir hadisəyə qarşı yox, bütövlükdə Rusiyanın separatizm kartına qarşı etiraz kimi şərh edilə bilər. Böyük ehtimalla, tədbir Moskva-Tehran cütlüyünün hibridi kimi təşkil edilib, ən azından, bu versiya dəqiqdir ki, belə provokativ tədbirlərdə İran da çox maraqlıdır. Azərbaycanın ixtiyarı və hüququ var ki, Rusiyadan həmin separatçıların neytrallaşdırılmasını tələb etsin.  Azərbaycanla Rusiya arasındakı Bəyannamənin müvafiq maddələrində də  qeyd olunub ki,   Rusiya və Azərbaycan öz ərazilərində təşkilatların və şəxslərin digər tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə aldıqlarını bildirirlər. 
  Rusiya və Azərbaycan beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirmək öhdəlikləri götürürlər. Ona görə də Rusiya Bəyannamənin müddəalarına riayət etməlidir, hərçənd, Moskvadan belə bir hərəkət gözləmək də çətindir”.
  Siyasi şərhçi hesab edir ki, bu məsələ üzrə Azərbaycanla Rusiya arasında narazılıqlar qalacaq, çünki Moskva separatçılığı strateji genişlənmə siyasətinin çevrəsində yerləşdirib və onu qoparıb atan deyil. Postsovet məkanında separatizmlə qaynar münaqişələr başlatmaq və ya keçmişin izlərini böyütmək cəhdləri ərşə çəkilməyəcək, İran bu dairənin içərisinə özünəməxsus dini motivləri yükləməyə davam edəcək: 
“Azərbaycan bu toxumları özünün suverenliyi və ərazi bütövlüyünün pozulmasına cəhdlər kimi təhlillər aparmaqdadır. 
  Azərbaycan Cənubi Qafqaz regionunun iqtisadi, siyasi, hərbi, təhlükəsizlik, energetika, logistika sahələrini əhatə edən strateji güclərindən birinə çevrilir ki, bu amillər də təhdidlərə qarşı müqavimətdə həlledici rola malikdir.
  Bu o deməkdir ki, nə Rusiya, nə də İran hədə-qorxu ilə Bakını öz iradəsinə tabe etdirə bilərlər. Onlar üçün sevimli separatizm kartı Azərbaycana qarşı tutarlı olmayacaq. Lakin bu o anlam vermir ki, separatçılığın körüklənməsi üçün təhdidlər aradan qalxacaq, çünki regiondakı təhlükəli tendensiyaların qlobal siyasi nizamda baş verən “zəlzələ” ilə bağlı olan tərəfləri də az deyil”.