İrəvan iqtisadiyyatını Türkiyə vasitəsilə dirçəldə bilər

Bu prosesin sürətlənməsi Ermənistanın Azərbaycanla danışıqlarından asılıdır

  “Azərbaycan və Türkiyə ilə sərhədin bağlı qalması Ermənistanın xarici ticarət imkanlarını azaldır, yükdaşımaları üçün alternativ marşrutları məhdudlaşdırır”.
Bu barədə Ermənistanın İqtisadiyyat Nazirliyi “Sputnik Ermənistan”ın sorğusuna cavabında bildirib.
  Qeyd olunub ki, hazırda Ermənistanın xarici ticarətində Ermənistan-Türkiyə ticarətinin payı 1 faizdir: “İrəvanla Ankara arasında birbaşa ticarətə başlanacağı təqdirdə bu rəqəm 10 faizə qalxa və ya daha çox arta bilər”.
  Bildirilib ki, İrəvanla Ankara arasında birbaşa ticarətin başlanması Ermənistandan Türkiyəyə ixracın payının Ermənistanın ümumi ixracının 6,7 faizə qədər artmasına və idxalın da yüksəlməsinə səbəb olacaq.
  Nazirlik vurğulayıb ki, Azərbaycan və Türkiyə ilə sərhədin bağlı olması Ermənistanın yükdaşıma bazarında rəqabət qabiliyyətinə mənfi təsir göstərir və bu xidmətin baha olmasına gətirib çıxarır: “Hazırda Ermənistan Logistika Effektivliyi İndeksində 186 ölkə arasında 96-cı yerdədir”.
  Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, əslində Ermənistanın təcavüzkar siyasətinin nəticəsində 90-cı illərdən sərhədlərin bağlanması bu günə qədər Ermənistan iqtisadiyyatına 100 milyonlarla ziyan vurub:

"Türkiyənin Ermənistanla birbaşa olmasa da, Gürcüstan üzərindən bu illər ərzində müəyyən əlaqələri olub. Onlar arasında təqribən 200-250 milyon dollarlıq illik ticarət dövriyyəsi olurdu. Ermənistanın siyasətindən asılı olaraq indi bu dövriyyənin böyük həcmdə artması mümkündür. Bunun üçün Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı və sülh müqaviləsi imzalamalıdır. Bunun yekununda sərhədlər açılar".
  Ekspert qeyd edib ki, Türkiyədə Ermənistan arasında infrasturuktur yeniləndi. Türkiyə tərəfdən həm dəmiryolu, həm də avtomobil yolu hazır vəziyyətdədir: "Bu prosesin sürətlənməsi Ermənistanın Azərbaycanla danışıqlarından asılıdır. Nəticə etibarı ilə bu məsələ Ermənistana iqtisadi cəhətdən müsbət təsir göstərəcək. Onlar gələcəyə baxmağı bacarsalar, Türkiyə ilə sərhədlərin açılması Ermənistanda inflyasiyanın aşağı düşməsinə, məhsul bolluğunun yaranmasına, alternativ bazarlara çıxış imkanının yaranmasına şərait yaradacaqdır. Bunun bizə də xeyirləri var. Çünki qardaş ölkə Türkiyənin Ermənistan iqtisadiyyatında rolunun və çəkisinin artması, iqtisadiyyat dövriyyəsindəki payının faiz nisbətinin artması paralel olaraq Turkiyənin Ermənistana təsirlərinin artmasına şərait yaradacaq. Bu da ölkəmiz üçün müsbət bir haldır".