Paşinyan siyasi manipulyasiyaya əl atıb

Baş nazir vəziyyəti gərginləşdirir
  
"Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət iclası zamanı siyasi manipulyasiyaya əl atıb. Onun Azərbaycana qarşı  bölgədə hərbi vəziyyəti gərginləşdirməyə cəhd edir kimi yalan fikirləri qəbuledilməzdir".
  
Bu fikirləri "Sherg.az"a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov vurğulayıb.
 
 O bildirib ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir:  
"Həmçinin Ermənistan revanşizm, silahlanmaq və siyasi dəstək məqsədlərindən əl çəkmir. Rusiya və Qərbdən özü üçün siyasi dividendlər yığmaq hədəflərini müəyyənləşdirir. Ermənistanın bu riyakar addımı, həm də saxta məlumatların trajlanması ilə müşayiət olunur. Erməni rəsmiləri Azərbaycanın regionda blokada və etnik soyqırımı törətməsi kimi yalanını hər vasitə ilə geniş yaymaq istəyirlər.  Azərbaycana qarşı müəyyən məhdudlaşdırıcı tədbirlərin görülməsi rəsmi İrəvanın əsas məqsədidir. Bu isə heç zaman baş verməyəcək. Çünki Azərbaycan uğurlu enerji diplomatiyası həyata keçirir. Regional siyasətdə tutduğu prinsipial mövqeyi beynəlxalq hüquqa, həmçinin onun fundamental norma və prinsiplərinə əsaslanır. Nikol Paşinyanın Azərbaycanı  hədəf alan açıqlamaları  yerinə öz üzərinə götürdüyü öhdəlikləri həyata keçirsə, daha yaxşı olar. Baş nazir 10 noyabr bəyanatına uyğun olaraq Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqənin təmin olunması və Ermənistan Silahlı Qüvvələrinin ərazilərimizi tərk etməsi işinə diqqət ayırmalıdır. Məhz bu tələbləri yerinə yetirməlidir".