Ermənistan yolunu azıb, Kremlin artıq seçim anıdır - RƏY

Rusiya bundan sonra bölgədə sözünü deyən Azərbaycan və Türkiyə ilə birlikdə hərəkət etməlidir

  Sentyabrın 13-ü saat 12:20 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətindəki döyüş mövqeləri intensiv atəşə tutulub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
  "Bölmələrimiz tərəfindən zəruri tədbirlər görülüb", - məlumatda qeyd edilir.
Son zamanlar bölgədəki təxribatların artması yenidən müharibənin başlayacağı sualını ağıllara gətirib.
  “Bölgədə yenidən genişmiqyaslı müharibənin başlayacağını proqnozlaşdırmaq çətin məsələdir”.
Bu sözləri mövzu ilə bağlı “Sherg.az"a açıqlama verən psixoloq Rusif Məmmədsoy bildirib: “Bu gün Ermənistan və Azərbaycan münasibətlərindən danışarkən Rusiya amili gözardı edilməməlidir. Cənubi Qafqazda öz hökmranlığını davam etdirmək üçün Rusiya sülhməramlı kontingenti adı altında bölgəyə yerləşir. Lakin bölgədə əsas rolu Azərbaycan tərəf oynayır. Azərbaycan Ordusu bu təxribatlara layiqincə cavab verməklə yanaşı xüsusilə Laçın yolunda nəzarət-buraxılış məntəqəsi qurduqdan sonra diktə edən tərəf Azərbaycan tərəfidir. Rusiya öz istəklərindən asılı olmayaraq heç bir halda Türkiyə-Azərbaycan tandemini gözardı edə bilməz. Bu məsələdə Azərbaycanın milli təhlükəsizlik maraqlarını mütləq şəkildə nəzərə almalıdırlar”.

  Politoloq Rusiyanın artıq seçim etməli olduğunu vurğulayıb: “Paşinyanın son dönəmdəki açıqlamaları həmçinin Ermənistanın ABŞ ilə birgə keçirdiyi hərbi təlimlər Rusiyanı artıq seçim etməyə vadar edir. Rusiya bundan sonra bölgədə sözünü deyən Azərbaycan və Türkiyə ilə birlikdə hərəkət etməlidir. Digər tərəfdən, ənənəvi satqın erməni xislətini görməlidir. Ümumiyyətlə, Rusiya cəmiyyəti Ermənistanın nə qədər satqın bir toplum olduğunu anlamalıdır. Azərbaycan sülhdən yanadır, amma bu kiçikmiqyaslı təxribatlar davam edərsə və proseslər hərbi müstəviyə keçərsə, adekvat cavab tədbirlərini görəcək. Ermənistan rəhbərliyi bu məsələdə diqqətli olmalıdır. Azərbaycanın qırmızı xətlərini keçməməlidir”.