Azərbaycan öz məqsədinə növbəti dəfə nail oldu - ŞƏRH

Yevlax görüşü və bundan sonrakı mərhələdə bütün şərtləri Azərbaycan diktə edəcək

  Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
  Ordumuzun növbəti tarixi qələbəsi və Yevlax görüşündə hansı məsələlərin müzakirə olunacağı barədə “Sherg.az"a açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, Azərbaycanın başlatdığı antiterror tədbirləri birbaşa erməni separatçılarının təslim olması üzərinə qurulmuşdu: 

"Nəticə etibarı ilə antiterror tədbirləri uğurla nəticələndi. Azərbaycan öz məqsədinə növbəti dəfə nail oldu. Öz ərazilərindəki separatçılığı eyni zamanda qanunsuz silahlı birləşmələri ləğv etdi. Azərbaycanın 2020-ci ildə erməni faşizmini, 3 il sonra Qarabağdakı terror birləşmələrini məhv etməsi tarixi hadisədir. Bütün bu proseslər arxa-arxaya izlənilir, müşahidə edilir. Ölkə lideri İlham Əliyevin uğurlu siyasi gedişləri nəticəsində biz şanlı günlərə şahidlik edirik”.
  Politoloq Yevlax görüşündə Azərbaycanın erməniəsilli vətəndaşlarının inteqrasiyası məsələsinin müzakirə olunacağını vurğulayıb: “Daha öncə bir neçə dəfə rəsmi Bakının görüş təklifləri cavabsız qalmışdı. Tarixi qələbə zamanı əldə olunmuş razılaşma əsasında keçiriləcək Yevlax görüşü və bundan sonrakı mərhələdə bütün şərtləri Azərbaycan diktə edəcək. Yevlax görüşündə erməni cəmiyyətinin Azərbaycana inteqrasiyası ilə yanaşı, Xankəndidə Azərbaycan yurisdiksiyasının bərpa edilməsi məsələsi də gündəmdə olacaq”.