Ermənistanın daha bəhanəsi qalmayıb  - Millət vəkili

İlin sonuna qədər sülh müqaviləsinin bağlanacağı gözlənilir


  Azərbaycan hakimiyyəti ilə Qarabağ bölgəsində yaşayan erməni sakinləri arasında ilk görüş martın 1-də  Xocalı şəhərində baş tutub. Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan hakimiyyətinin Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilmişdi.
  Görüşdə Laçın dəhlizi və ətraf mühitin monitorinqi ilə bağlı məsələlər müzakirə edilib. Görüş zamanı həmçinin Azərbaycan Konstitusiyasına və qanunlarına uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycana reinteqrasiyasına dair müzakirələr də aparılıb.

Daha sonra isə Azərbaycanın xoş niyyət addımı olaraq erməni icmasının nümayəndələri iki dəfə Bakıya dəvət olunsalar da, qarşı tərəf bunu qəbul etməmişdi. Həmçinin son olaraq Yevlaxda keçirilməsi planlaşdırılan görüş təklifinə də qondarma qurumun nümayəndələri etinasız yanaşdılar.
Lakin Azərbaycanın həyata keçirdiyi lokal antiterror tədbirlərində  qazandığı tarixi zəfəri ilə  bölgədəki vəziyyəti dəyişdi. Heç bir çıxış yolu qalmayan ermənilər Azərbaycanın mərkəzi hakimiyyəti ilə Yevlaxda görüşə məcbur oldu. Bu hadisə Qarabağda yaşayan erməni əhalinin inteqrasiya prosesi üçün çox önəmli addımdır. Azərbaycan hakimiyyətinin Qarabağda yaşayan erməni əhalisinin ölkəmizə inteqrasiyası üçün hazırladığı layihə artıq reallığa çevrilir. 
  Mövzu ilə bağlı “Sherg.az"a açıqlama verən millət vəkili Razi Nurullayev bildirib ki, əvvəlki görüş təkliflərinin geri çevrilməsinin əsas səbəbi separatçı rejimin xarici havadarlarına olan güvənləri idi: 

“Eyni zamanda Ermənistanın hərbi xuntası da separatçı rejimin arxasında dayanmışdı. Bu mənada  onlar görüş təkliflərini qulaqardı edirdilər. Lakin Azərbaycanın həyata keçirdiyi lokal antiterror tədbirlərinin nəticəsində  onlar cəmi 23 saat içərisində silahı yerə qoymalı oldular. Azərbaycan Ordusu və Ali Baş Komandan İlham Əliyevin qətiyyətli davranışı separatçı rejimi Yevlax görüşünə razılıq verməyə  vadar etdi”.
  Millət vəkili həmçinin Qarabağın erməni icmasının görüşün hansısa neytral ölkədə keçirilməsini və  dialoqlarda 3-cü tərəfin iştirakını istədiklərini vurğulayıb: “Amma onların bu istəkləri də gerçəkləşmədi. Prezident İlham Əliyev bu məsələnin  Azərbaycanın daxili işi olduğunu və qəti şəkildə heç bir 3-cü tərəfin daxil olmayacağını bildirdi. Azərbaycan öz Konstitusiyasına uyğun olaraq məsələni həll edir. Azərbaycan bütün suverenliyini, Qarabağ ərazisində artıq bərpa edib. Keçirilən Yevlax görüşü də Azərbaycanın şərtləri daxilində orada olan dinc erməni əhalisinin inteqrasiyasına başlanması üçün böyük rol oynayacaq. Regionda bundan sonra sülhün və əmin-amanlığın bərqərar olunması üçün Ermənistanla Azərbaycan arasında ilin sonuna qədər sülh müqaviləsi bağlanılacağını düşünürəm”.