Putini həbs etməyin yolu açıldı

Ermənistan Rusiya ilə körpüləri yandırdı

"Ermənistanda dövlət çevrilişi baş verəcək. Paşinyan hakimiyyəti Rusiya ilə bu qədər qarşıdurma havasına girməkdə tarixi səhvə yol verdi"

  Ermənistan parlamenti Roma Statutunu ratifikasiya edib. 60 nəfər lehinə, 22 nəfər isə əleyhinə səs verib. Kreml Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putinə qarşı “qeyri-qanuni göstərişləri” fonunda İrəvanın Roma Statutuna qoşulmaq planlarını qəbuledilməz hesab edir. Ermənistan rəsmiləri isə bəyan edirlər ki, ratifikasiya Rusiyaya qarşı yönəlməyib və İrəvan mövcud vəziyyətlə bağlı Moskvaya müvafiq təkliflər göndərib. Qeyd edək ki, 2004-cü ilin avqustunda Konstitusiya Məhkəməsi Roma Statutunun o dövrdə qüvvədə olan Ermənistan Konstitusiyaya zidd olduğunu bildirib. 2005 və 2015-ci ilin dekabrında qanunvericilikdə islahatlar aparılıb. 2020-ci il müharibəsindən sonra isə Ermənistanın Roma Statutunun qəbul etməsi gündəmə gəlib. Analitiklər İrəvan hökumətinin Rusiya Prezidenti V.Putinin həbsinə əsas verən Roma Statutunun tələm-tələsik ratifikasiya edilməsinin İrəvan-Moskva gərginliyini daha da artıracağını deyirlər. Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Ermənistanın Roma Statutunu ratifikasiya etməsini ikitərəfli münasibətlər baxımından yanlış addım hesab etdiyini söyləyib. Peskov vurğulayıb ki, Rusiya Ermənistan xalqını qardaş hesab edir, lakin Moskvanın bu ölkənin rəhbərliyinə sualları var: "Kreml istəməzdi ki, Vladimir Putin nə vaxtsa Ermənistana səfərdən imtina etməli olsun".

  Politoloq Elçin Xalidbəyli "Sherg.az"a açıqlamasında bildirib ki, Ermənistan ABŞ və Qərbin sifarişlərini yerinə yetirir. Ekspertin sözlərinə görə, rəsmi İrəvanın müstəqil xarici siyasət kursu mövcud deyil:

 "ABŞ və Qərb Paşinyan hakimiyyətinə Rusiya ilə münasibətləri korlamağı tapşırıb. Rəsmi İrəvan da həmin tapşırığı icra etmək məcburiyyətindədir. Roma statutunun ratifikasiyası da ABŞ və Qərbin sifarişidir. Rəsmi İrəvan Rusiyanın bu məsələyə nə qədər həssas yanaşdığını da bilir. Kreml rəsmi İrəvanın bu addımının Rusiyaya qarşı açıq düşmənçilik davranışı olduğunu da artıq bəyan edib. Ancaq buna baxmayaraq, Paşinyan hakimiyyəti Ermənistanın hərbi müttəfiqi olan Rusiyaya qarşı bu yolverilməz addımı artıq atdı. Böyük ehtimalla Kreml bundan sonra Ermənistana münasibətdə daha sərt mövqedən çıxış etməyə üstünlük verəcək. Yəqin ki, Kreml Ermənistana enerji resursları üzərindən də təzyiq göstərməyə çalışacaq. Çünki Ermənistan Rusiya təbii qazını güzəştli qiymətlərlə alır. Üstəlik, bu sahədə Ermənistanın xeyli borcu da yığılıb".
 
 E.Xalidbəyli vurğulayıb ki, Kremlin Ermənistanın mövcudluğu ilə bağlı məsələyə yenidən baxacağı da qətiyyən istisna deyil: "Rusiya siyasi dairələrində Ermənistan dövlətçiliyinin ləğv edilə biləcəyi ilə bağlı xəbərdarlıq mesajları artıq daha kəskin şəkildə gündəmə gətirilməyə başlayıb. Hətta Ermənistanın Rusiyanın tərkibində quberniyaya çevrilə biləcəyi də iddia olunur. Bu baxımdan, yaxın gələcəkdə Ermənistanı böyük fəlakətlərin gözlədiyi qətiyyən şübhə doğurmur. Paşinyan hakimiyyəti Rusiya ilə bu qədər qarşıdurma havasına girməkdə tarixi səhvə yol verdi. Bundan sonra Ermənistanda ya dövlət çevrilişi baş verəcək və Rusiyaya bağlı siyasi qüvvələr hakimiyyətə gətiriləcək. Ya da dövlət çevrilişi mümkün olmazsa, Ermənistan daxildən qarışdırılaraq xaosa sürüklənəcək, son nəticədə isə müstəqilliyini itirib, Rusiyanın tərkibinə daxil ediləcək".